Yaxud, hakimiyyət Rusiyanın qorxusundan Türkiyəyə dəstək verə bilmədi
Türkiyə- Rusiya münasibətlərində yaranmış gərginlik dünyanın əsas müzakirə mövzusuna çevrilib. Ümumi mənzərə bundan ibarətdir ki, Türkiyənin atdığı addım təqdir edilir. Çünki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Rusiya təyyarəsi Türkiyənin hava məkanına daxil olub və Türkiyə tərəfi haqlı olaraq təyyarəni vurub.
Amma Rusiya prezidenti Valdimir Putin baş verənləri “arxadan vurulan zərbə” kimi qiymətləndirir və təyyarənin Türkiyəyə təhdid törətmədiyini vurğulayır. Təbii ki, Putinin ittihamları əsassızdır. Həm də arxadan zərbə vurmaq Rusiyanın xarakterinə uyğundur. Son 25 ildə Rusiya Azərbaycana dəfələrlə “bıçaq” zərbəsi endirib. Xocalı soyqırımında, 20 yanvar faciəsində, Qarabağın işğalında Rusiyanın “əl izi” açıq şəkildə görünür. Üstəlik, bu gün də Ermənistanı ayaqda saxlayan, silah-sursatla təmin edən və təhlükəsizliyinə zəmanət verən Rusiyadır. Türkiyə isə həmişə Azərbaycanın maraqlarından çıxış edib, Ermənistanı işğalçı kimi tanıyıb və bugünə qədər Ermənistanla sərhədləri açmır. Hansıki, bu sərhədlərin açılması Türkiyənin özünün şəxsi maraqlarına uyğundur. Ən azından iqtisadi baxımdan mənfəət əldə edə bilər. Əsrin əvvəlində isə Türkiyənin Azərbaycanı hansı bəlalardan xilas etdiyini xatırlatmağa ehtiyac yoxdur.
Nəhayət, həmişə Azərbaycan-Türkiyə münasibətləri “bir millət- iki dövlət” formasında ifadə edilib.
Amma prinsipial məsələlərdə mövcud hakimiyyət Türkiyəyə dəstək verməyib. Bu gün Rusiya vurulmuş təyyarəyə görə Türkiyəni təhdid edir. Hiss olunur ki, Putin rejimi qisas almaq istəyir. Belə bir məqamda hakimiyyət “ikinizi də çox istəyirəm” deyəcək qədər cəsarət göstərə bilir.
Bəli, YAP-çı deputat Aydın Mirzəzadə deyib ki, hər iki ölkə ilə sıx dostluq münasibətlərimiz var və vəziyyətin belə olmasını istəməzdik: “Hər iki tərəf bizim üçün dostdur.Bu baxımdan Azərbaycan hər iki ölkə ilə münasibətlərinin yenidən yaxşı olmasına çalışır. Hesab edirəm ki, bu tip məsələlərdə günahkar və haqlı axtarmaq düzgün deyil. Hər iki tərəf vəziyyəti bu həddə çatdırmamalı idi”- deyə Aydın Mirzəzadə bildirib.
Əminliklə demək olar ki, əgər Rusiya təyyarəsi onlarla Türkiyə vətəndaşının ölümünə səbəb olsaydı, hökumətin münasibəti yenə də belə olacaqdı. Yenə də deyəcəkdilər ki, Rusiya təyyarəsi səhv edib, pilot affekt vəziyyətində olub və.s. Yəni, haqlı olanı müdafiə etməyəcəkdilər.
YAP hakimiyyəti düşünür ki, şəxsi maraqlara görə dövlətin və millətin maraqlarını qurban vermək olar. Belə çıxır ki, Türkiyə tərəfi Rusiya təyyarəsinin hava sərhəddini pozmasına, hətta sadə vətəndaşları bombardman etməsinə göz yummalıymış. Çünki, böyük qardaş Rusiya ilə dostluq münasibətləri daha vacibdir. Bəli, Azərbaycan hakimiyyəti Rusiyanın bu qədər erməni sevgisinə rəğmən bu ölkənin qarşısında təzim edir və ermənipərəst Rusiyaya görə dünya ilə düşmən olmağa hazırdır.
Amma Aydın Mirzəzadə məsələyə münasibət bildirərkən bir “şedevr” də yaradıb. Millət vəkili deyib ki, Azərbaycan öz tərəfindən bu iki ölkə arasındakı gərginliyi səngitmək üçün maksimum tədbirlər görəcək.
Həqiqətən də bizim hökumətimiz öz ampluasındadır. “Azəristilik”lə “Azəriqaz” arasındakı problemi həll edib əhaliyə qaz verə bilmirlər, Rusiya-Türkiyə gərginliyini səngitməkdən danışırlar.
Rusiyaya bu qədər sədaqətin qarşılığında nəinki bir qarış torpağı geri qaytara bilməyiblər, hətta Dilqəm və Şahbazın azadlığını təmin etməyə bacarıqları çatmayıb.
Bütün bunlardan sonra Türkiyə-Rusiya münasibətlərini tənzimləyəcəklərindən dəm vururlar.
Bir sözlə, YAP hakimiyyəti bu məsələdə də Türkiyəyə dəstək vermədi. Bütün tərəflərin xoşuna gəlmək üçün söylənən fikirlərlə, “bir millət- iki dövlət” şüarını yaşatmaq olmaz.
İlham