ABŞ prezidenti Barak Obama Türkiyə qırıcılarının Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsini vurmasına münasibət bildirib.
Obama Vaşinqtonda səfərdə olan Fransa prezidenti Fransua Ollandla birgə mətbuat konfransında bu hadisə ilə bağlı suala cavab verərkən deyib: “Türkiyənin hava sərhədini qorumaq haqqı var. Bölgədə gərginliyin artmaması üçün tərəflərin əlaqədə olması gərəkir”.
ABŞ prezidenti deyib ki, Rusiyanın Suriyada mötədil müxalifəti hədəf alması Əsəd rejimini cəsarətləndirir və bu xüsusda o, fransalı həmkarı ilə eyni fikirdədir.
Olland isə bildirib ki, terrorçuların Avropaya girməsini əngəlləmək üçün Türkiyə ilə Suriya arasındakı sərhəd təcili şəkildə bağlanmalıdır.
azadlıq.info