Məhəmməd Talıblı
Həsən bəy qalmaqallı və çətin həyat yolu seçmişdi. Həmin yolu giley-güzar edərək və deyinməklə adlamırdı. Bunu tale kimi qəbul etmişdi. Qarşısına çıxan hər bir əngələ imkan kimi baxırdı.Övladları ilə bağlı şəxsi faciələri həzm edə bilmirdi.Təkcə şəxsi həyatda qəribəliklərə dözümsüz deyildi. O hər şeyə bir müqəddəslik anlayışı ilə yanaşırdı. Məşğul olduğu sahədə nəzərdə tutulan nəticələr olmayanda bunu çoxsaylı insanlar kimi soyuqqanlılıqla da qarşılamırdı. Əlini-qolunu yanına salıb acı reallıqla barışmırdı. Prinsipiallığını və müqavimətini də bir az da artırırdı. Hansısa rayon təşkilatında azca axsama və ya siyasi tədbirlərin zəif keçirilməsi bəs edirdi ki, Həsən bəy gecə yatmasın. Sanki buna şəxsi taleyində bir uğursuzluq zolağı kimi baxırdı. Axı onu yaxından tanıyanlar bilirdi ki, onun siyasətdən kənar həyatı da yox idi. Sanki, məşğul olduğu sahə ilə nəfəs alırdı. Bu mənada Həsən bəyi dəyərlərə ən çox bağlı olan ictimai xadim idi.
Həsən bəy konyuktura adamı deyildi. Siyasəti şahmat hesab edilən bir sahədə də o, heç kimlə oynamırdı. Siyasətdə də səmimiyyət anlayışına istinad edirdi. O, hansısa sözü dedisə, ona inananlar həmin cümləni təftiş etmirdi. Söylədiklərin də heç bir rəngin gizləndiyini ağlından keçirmirdi. Onun dediklərinin həqiqət olduğuna inanırdı. Çünki, onun sözündən də əvvəl özünə böyük inam var idi. O, bu inamı təmiz adı, yüksək əxlaqı və səmimiyyəti ilə qazanmışdı.
Ən ağır ürək əməliyyatından sonra da onun gərgin siyasi ocaqlarda olmasına partiya rəhbərliyi tərəfindən qadağa qoyulmuşdu. Bir də gözümüzü açırdıq ki, Həsən bəy həmin yerdən fotoları paylaşıldı. Gördükləri işlərin hesabatını verirdi. Səhhətindəki bütün ağrılara baxmayaraq rayonları addımbaaddım gəzib təşkilatlandırma işləri yüksək keyfiyyətlə icra edirdi. Ən ucqar kəndlərə belə Həsən bəyin gedişi rayon rəhbərliyini ayaq üstə qaldırardı. Icra başçısından tutmuş polis rəisinədək hamısı onu səbrsizliklə “gözləyərdilər”. Çünki, Həsən bəyin təmiz və təmənnasız adı kifayət edirdi ki, onun ətrafında cazibə mərkəzi yaransın.
Partiyanın ən çətin günlərində onun evi qərargah rolunu oynayıb. Təmir üzü görməyən evinin iç şəraitinə baxanda insanın keçmişdə hansısa vəzifədə işlədiyinə inanmağı gəlmir. YAP-çı bu şəraiti görsə, ürək ağrısı keçirər ki, belə də icra hakimi işləmiş məmur olar?! Həsən bəyin Səbayel rayonunun icra başçısı işlədiyi müddətdə ən həssas sosial qruplara-şəhid ailələrinə, Qarabağ döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş insanlara mənzillər verib. Özü də şəhərin mərkəzində. Amma ağlının ucundan keçməyib ki, özü üçün belə mənzil əldə etsin. Xeyli uzaqlardan bəri şəhərin ən ucqar yerlərindən olan – Yeni Günəşli qəsəbəsində yaşayır. İndi belə bir nümunə olacaq icra başçısı yox, ona oxşar hər hansı bir rəhbərliyində insan tapın, görək belə nümunəvi insan varmı? Sadəcə mümkün deyil. Müxtəlif motivlə həbs olunan aşağı səviyyəli bir məmurun kassasında yüz kilolarla qızıl çıxır. Həsən bəy, hər cür imtiyaz müqabilində kasıb, sadə və dürüst həyat yaşamağın nümunəsini miras qoyaraq bizləri çox tez tərk etdi. Hər zaman böyük sayğı və fəxarətlə anılacaq bir həyat. Özü də bizləri ona borclu qoyacaq bir həyat…