Hakim partiyanın 23-cü doğum günü, ölkənin ölümcül vəziyyətə düşdüyü günlərə təsadüf edir
Yeni Azərbaycan Partiyası yaranmasının 23-cü ildönümünü qeyd edir. Müxtəlif rayon təşkilatlarında tədbirlər reallaşdıran hakim partiya yetkililəri ötən müddətdə gördükləri işlərdən, partiyanın keçdiyi yoldan danışırlar. Rəsmi dövlət qəzetlərinin səhifələrini və saytlarını bəzəyən pafoslu çıxışlarda partiyanın xalq və millətlə birgə olduğu vurğulanır. Bəs reallıqda vəziyyət necədir? YAP mövcud olduğu ötən 23 ildə Azərbaycana nə verib?
Əvvəla onu qeyd edək kağız üzərində 600 mindən artıq üzvü olan, Cənubi Qafqazın ən böyük partiyası kimi təqdim edilən, 23 il hakimiyyətdə olan bir partiyanın yarandığı gün cəmiyyətin diqqətində deyil. Bələdiyyə, parlament seçkiləri cəmiyyət tərəfindən necə boykot edilirsə, YAP-ın yarandığı gün də eyni formada boykot edilir. Heç olmasa seçkilərdə “karusel”in, topa bülletenlərin, yalançı namizədlərin hesabına görüntü yaratmağa çalışırlar. Partiyanın yarandığı gün isə partiya üzvləri tərəfindən də boykot edilir. Çünki, bu partiyaya məcburi üzv edilmiş müəllimin, həkimin, elmi işçinin, ümumiyyətlə dövlət işində çalışanların həyat şəraiti göz önündədir.
Ikincisi isə partiyanın yaranmasını bəh-bəhlə tirajlayan hökumət mətbuatı, partiyanı yaradanları qətiyyən xatırlamır. Əgər bu partiya 23 il əvvəl yaranıbsa, deməli bunu yaradanlar var. Amma bu gün partiyanın yaranmasında böyük xidməti olanlar, “qara siyahı”ya salınıb. Partiyada yenilər və köhnələr arasında müharibə gedir. Partiyanı yaradanlardan olan tarixçi alim Ziya Bünyadov öldürüldü və bugünə qədər də günahkarklar azadlıqda gəzir. YAP-ı yaradanlardan olan Siruz Təbrizli “YAP simasız quldurlar partiyasıdır” söyləmişdi. Keçmiş səhiyyə naziri Əli Insanov həbsxana divarları arxasından da bu hakimiyyətə od püskürür və əvvəlki fəaliyyətinə görə peşiman olduğunu söyləyir. 91-lərdən olan Əli Əlirzayev, Eldar Sabiroğlu mətbuata açıqlamalarında partiyadakı deqradasiyanı, saxtakarlığı, indiki tərkibdə yer alanların mahiyyətini açıq şəkildə ifadə edirlər.
Siyahını uzatmaq da olar. Demək istəyirik ki, 23 il əvvəl YAP-ın yaranmasında müstəsna xidməti olan adamlar, partiyanın əcaib bir formaya salındığını etiraf edirlər.
Ümumiyyətlə, YAP hakimiyyəti bütün pis nümunələri, neqativləri legitimləşdirməyin əsasını qoydu. Bəli, seçkiləri saxtalaşdırmaq, korrupsiyanı dövlət siyasətinə çevirmək, rəqiblərə qarşı ən iyrənc mübarizə üsulu seçmək, dövlətin sərvətlərini talan etmək, qanunları ayaq altına salmaq, ölkəni obyekt kimi bölüşdürmək, ümumbəşəri dəyərlərin üzərinə kölgə salamq, YAP hakimiyyətinin əsas siyasi xətti oldu.
Xalqın beyninə yerləşdirildi ki, dövlətin sərvəti icra başçısının, komitə sədrinin, nazirin, ölkə başçısının və bu adamların yaxınlarının olmalıdır. YAP hakimiyyəti dövründə ölkə birmənalı şəkildə neftdən asılı vəziyyətə salındı və qeyri-neft sektoru şikəst vəziyyətə düşdü.
YAP hakimiyyəti dövründə təhsil və səhiyyə sistemi iflic oldu. Xəstələnənlər ölkə xaricinə, şagirdlər repetitor yanına qaçdı.
YAP hakimiyyəti dövründə Konstitusiyaya mürtəce əlavə və dəyişikliklər edildi, ana qanun oyuncağa çevrildi.
YAP hakimiyyəti dövründə məhkəmələr asılı quruma çevrildi, hakimlər sifarişlə hökm çıxardı və müstəqil məhkəmə anlayışı yox edildi.
YAP hakimiyyəti dövründə bütün sahələr inhisara alındı. Gömrük və Vergi sistemi əzrayıl rolunu oynadı, insanlardan qeyri-qanuni ödənişlər tələb edildi, azad sahibkarlıq sıradan çıxarıldı.
YAP hakimiyyəti dövründə 6 rayon işğal edildi və 23 il ərzində 1 faiz torpaq azad edilmədi. Üstəlik, atəşkəs dövründə minlərlə əsgər həlak oldu.
YAP hakimiyyəti dövründə milyonlarla vətəndaş dolanışıq üçün ölkədən qaçmağa məcbur oldu, milyardların axdığı ölkədə vətəndaşa 150-200 manat əmək haqqı verildi.
YAP hakimiyyəti dövründə 2.5 milyon vətəndaş kredit borcu ödəməyə məcbur qaldı. Dövlətin 25 milyard xarici borcu yarandı və bütün dünya ilə münasibətlər korlandı.
YAP hakimiyyətinin bu ölkəyə verdiyi “töhfə”lər çoxdur və sadalamaqla bitən deyil.
Görünən budur ki, 23 ildə ölkədə heç bir real sektor inkişaf etməyib, vətəndaşla hökumət arasında uçurum yaranıb və insanlar dərin ümidsizliyə qapılıb. Və bütün bu qara mənzərə “inkişaf” kimi təqdim edilir.
Bir sözlə, YAP-ın 23-cü doğum günü, ölkənin ölümcül vəziyyətə düşdüyü günlərə təsadüf edib. Hansıki, bu 23 il ərzində Azərbaycanı dünyanın ən varlı, ən inkişaf etmiş, ən arzulanan ölkəsinə çevirmək olardı. Bu gün hakim partiya bir qrup insanın aşırı varlanmasının ildönümünü qeyd edir.
Samir