Kazino qalmaqallarının yaratdığı strateji dostluq davam edir
O zaman bu münasibətlərin çözülməsi PKK-ya həvalə edilmişdi
Azərbaycanlıların Türk biznesinə “hücumu” davam edir. Bu yaxınlarda prezident Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyev də Antalyada görünərək turizm sektoruna sərmayə yatırmaq niyyətində olduğunu açıqlayıb. Ilqar Əliyev bu açıqlamanı mediaya deyil, Türkiyədəki dostlarına verib. Sərmayə qoyuluşundan əvvəl Ilqar Əliyev Türkiyənin tanınmış bir vəkili ilə məsləhətləşib. Bu vəkillə isə onu Bakıda da yığcam bir biznesi olan türkiyəli iş adamı calaşdırıb. Bu vasitəçinin personası isə çox maraqlıdır.
Yaşar Babataş adlı həmin iş adamı 90-cı illərin ortalarından Ilham Əliyevlə xüsusi yaxınlığı olan ailənin nümayəndəsidir. Onun atası Hikmət Babataş Istanbuldakı “Sviss Otel”in kazinosunu işlədən şəxs kimi məşhur idi, amma o zamanlar otel işi ilə də məşğul olaraq tanınırdı. Həmin zamanlarda Yaşar Babataşın atası Hikmət Babataşla Türkiyəyə çox tez-tez gedib-gələn Ilham Əliyev arasında yaxın dostluq münasibətləri yaranıb. Əlbəttə, biz onu vurğulamaq istəmirik ki, bu münasibətlərin əsasında babataşların kazino söhbətləri olub. Tamam başqa münasibətlər də ola bilərdi. Baxmayaraq ki, həmin zamanlarda kazino qalmaqalı Azərbaycanın siyasi həyatına da müdaxilə etmişdi. Bu olaylar, hətta Türkiyə və Azərbaycan mətbuatına da sıçramışdı.
Məsələn, 1998-ci ildə Türkiyədə çıxan “Hürriyet” qəzetinin 14 fevral tarixli sayında belə bir xəbər yer almışdı: “Azerbaycan Cumhurbaşkanı Haydar Aliyev’in, Susurluk Raporu nedeniyle tehlikeye giren Türkiye ziyareti sıcak başladı. Dün saat 15.50’de Istanbul Atatürk Havalimanı’na inen Aliyev’i, Cumhurbaşkanı Demirel, eşi Nazmiye Demirel, Milli Savunma Bakanı Ismet Sezgin ile Devlet Bakanı Ahat Andican törenle karşıladı… Devlet Konukevi’nde Aliyev’i, ”Aziz kardeşim, değerli dostum” diyerek selamlayan Demirel, “Son 4-5 yıl içinde Aliyev’in başkanlığında Azerbaycan’da çok güzel gelişmeler oldu” dedi. Aliyev ise iki ülke dostluğunun “ebedi” olduğunu söyledi. Aliyev, Susurluk Raporu’nda, oğlu Ilham Aliyev’in, öldürülen Ömer Lütfü Topal’a 500 bin dolar borcu olduğu yolunda ifadeler üzerine Türkiye ziyaretini iptal etmeye kalkışmıştı. Demirel’in devreye girmesiyle Aliyev bu kararından vazgeçmişti”.
Amma bu Topal raportuna qədər Hikmət Babataş adlı kazinoçu öldürülmüş və olayın içinə PKK belə girmişdi.
Hikmət Babataş 1996-cı ilin aprel ayında, qurban bayramının birinci günü biznes ortağı, o zamanlar “Qumarxanalar kralı” hesab edilən Ömər Lütfi Topalın göstərişi ilə öldürüldü. Bu qətlin səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Amma daha çox yer alan səbəb Bodrumdakı bir otel üzərində anlaşılmazlıqla bağlı olub.
Hikmət Babataşın ölümü və bu ölüm üzərində qurulan istintaq ətrafında əsl detektiv filminə bənzər ssenari hazırlanmışdı. Topal mafiyası Babataşın ölümünə görə kimlərisə güdaza verməli idilər və bunun üçün adamlar da hazırlanmışdı ki, əsl qatillər və cinayəti sifariş edənlər məsuliyyətdən yayına bilsinlər. Ssenariyə görə, Yusuf Kayapınar adlı şəxs xəyallarında belə təsəvvür edə bilməyəcəyi bir mövqeyə gətirilir – “Seyhan” adlı otelin kazinosuna müdir təyin edilir, altına da bahalı bir avtomobil qoyulur. Ssenarinin sonrasına görə, Yusuf Kayapınar Qurban bayramıyla əlaqədar qohumlarının yaşadığı Mərsinə gedir, orada qohumlarından ikisini – Metin Aydoğmuşu və Ergün Müjdeni də avtomobilə mindirərək “Mersinə gəlmişkən, bir Bodruma da baş çəkib dincələk” deyir. Bodrumda bu qrup təsadüfən Hikmət Babataşa rast gəlir və Metin Aydoğmuş Hikmət Babataşa deyir ki, “Regal Otel”in inşaat işlərində iki aydan artıq işləmişəm, amma pulumu ala bilməmişəm, mənim pulumu ver”. Bu zəmində mübahisə silaha əl atmaqla başa çatır və Mətin Aydoğmuş Hikmət Babataşdan zirək tərpənərək onu öldürür.
Bu, Topal mafiyasının qurduğu ssenari idi.
Amma istintaq müəyyən etdi ki, saxta vəzifəyə gətirilən Yusuf Kayapınar avtomobil sürməyi bacarmır. Bundan əlavə, nə Metin Aydoğmuş, nə də Ergün Müjde həyatları boyu bir dəfə də olsun, Bodrumda olmağa imkan tapmamışdılar. Saxta müttəhimlərin gerçək qatillərlə bir yerdə üç gün ərzində təlim keçməsinə, detallarla bağlı ətraflı məlumat almalarına baxmayaraq, onlar istintaqın ilk suallarından çaşıb qaldılar, Topal isə qətlin təşkilatçısı kimi axtarışa verildi.
Yaşar Babataş isə istintaqla paralel olaraq atasının qatillərini axtarıb onlardan qisasını almaq üçün tədbirlər görməyə başladı. Məsələnin bu tərəfi də müdhiş bir filmi xatırladır.
Hadisəni izləyək və öncə Ömər Lütfi Topalın oğlu Murat Topalın istintaqa verdiyi ifadəsinə baxaq: “Hikmət Babataş Bodrumdakı ”Regal Resort” otelinin kazinosunu atamla şərik işlədirdi. Nikmət Babataş payını satmaq istədi, atam da almaq istədi. Ancaq Babataş çox pul istədiyinə görə anlaşa bilmədilər. Buna görə də aralarında sürtüşmələr çıxdı. Son zamanlar heç yola getmirdilər. Buna görə də atam Hikmət Babataşı öldürtdürdü. Amma bu hadisələrin detallarını bilmirəm. Atamın köhnə tanışlarından olan Süleyman Çap bu işlərin içində idi, mənim də ondan xoşum gəlmədiyinə görə bu olaylara xüsusi maraq göstərmədim. Bildiyim qədər, Hikmət Babataşı Ihsan Karakayalı və Arif Balkan öldürüb. Silahı isə Muğla gölünə atdıqlarını eşitdim…”
Öldürülən Hikmət Babataşın oğlu Yaşar Babataş isə atasının qisasını almaq üçün müəyyən çalışmalara başlayır. Ilk növbədə üzünü təbii ki, PKK-ya tutur. Ömər Lütfi Topalın PKK-ya haqq ödədiyi o zamanlar hər kəsə bəlli idi. Buna baxmayaraq, Yaşar Babataş da onlarla anlaşa bilir və o zamankı pulla 20 milyard lirə müqabilində Topalın ölümünü sifariş edir.
Bu anlaşmanın üstünü də Yaşar Babataş özü istintaqa bildirir. Həm də təsadüfi bir hadisə onu istintaqa aparıb çıxarır. Topalı öldürmək üçün otelində saxladığı PKK terrorçularından biri – Dibistan Pərişan ehtiyatsız davranır və tualetdə olarkən belinə bağladığı partlayıcı qurğu işə düşür. Bu qətlin araşdırması zamanı da Yaşar Babataşın PKK ilə anlaşması üzə çıxır. Yaşar Babataş istintaqa bu məlumatları verir: “Atamı Topal öldürtdürdü və buna görə də, onu və oğlu Murad Topalı öldürmək üçün PKK ilə 20 milyard lirəyə anlaşdıq. Topal ”Regal Resort” otelinə ortaq olduqdan sonra atama verməli olduğu pulu vermirdi və buna görə də aralarında narazılıq yaranmışdı. Buna görə də atamı öldürtdürdü. Mən Topalı öldürtdürmək üçün PKK ilə ilişgi qurdum. Bu ilişgiləri Istanbulda kod adı Hasan olan Siddiq Bülbüllə başlatdıq. Onunla danışdıq, o da bizə təşkilatın məsul adamlarıyla görüşüb bizə bir xəbər verəcəyini söylədi. Sonra 20 milyard istədilər. Razılaşdıq. Biz Topalın öldürülməsi hazırlıqlarını aparakən xəbər gəldi ki, “Topalın tenderi bitdi və qələmi qırıldı”. PKK Topalı öldürməyə macal tapmamış onu Abdulla Çatlı öldürdü. Biz düşündük ki, Murad Topal atasını bizim öldürdüyümüzü zənn edib bizi vuracaq. Ona görə də biz onu qabaqlamaq üçün PKK ilə ilişgiləri davam etdirdik, Murad Topalın ev və iş yerlərini onlara göstərdik. Amma bir müddət sonra Muradla görüşüb anlaşdıq və bir-birimizi öldürmək fikrindən vaz keçdik. PKK-ya bu bilgiyi verdik”.
***
Ilham Əliyev prezident olduqdan sonra maliyyə vəziyyəti o qədər də ürəkaçan olmayan Yaşar Babataş Bakıya gələrək ailənin köhnə dostuna yardım üçün müraciət edir. Nəhayət, Ilham Əliyevin qəbuluna düşə bilir və Əliyev onunla məşğul olmağı əmisi oğlu Ilqar Əliyevə tapşırır. Ilqar Əliyev də prezidentin göstərişini yerinə yetirir və Babataş üçün xudmani bir avtomobil biznesi yaradır. Bu illər ərzində Bakıdakı biznesi ilə keçinən Babataş nəhayət, Türkiyə iş dünyasına daha bir Əliyev qolunun gəlməsinə vasitəçilik edir.
Azad Akifoğlu