«Komitə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğuldur»
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus “Vicdan məhbuslarının müqavimət strategiyası” (VMMS) adlı yeni müraciət göndərib. Repressiyaların gücləndiyini bildirən L.Yunus müdafiə komitəsinin köhnə strategiyasının işə yaramadaığını bəyan edir və mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH) yaradılmasını təklif edir. Müdafiə komitələrinə hərəkat üzvlərinin siyahılarının tərtib olunması təklif olunur.
L.Yunus eyni zamanda təklif edir ki, hərəkat adından Avropa Şurası Baş Katibinə, ASPA sədrinə Azərbaycanda repressiyaların dinamikasını göstərməklə Azərbaycanın AŞ Nazirlər Komitəsinə rəhbərliyinin yolverilməz olması haqda müraciətlər hazırlanması, deputatlar arasında paylanması təklif edilir. Hərəkat adından müvafiq Avropa Oyunları komitələrinə, bütün Avropa ölkələrinə, AŞ-nın hər bir komitəsinə ayrıca müraciətlər hazırlanması tövsiyyə edilir. 2013-cü ilin fevralından bu yana siyasi məhbus həbslərinin dinamikasını əks etdirən mətn hazırlanması və bu mətnin Avropa Oyunları Liqasına və AŞPA-ya ünvanlanacaq müraciətin mətninə əlavə edilməsi nəzərə çatdırılır.
Milli Şuranın sədri, Siyasi Məhbusların Müdafiə Komitəsinin rəhbəri Cəmil Həsənli bildirdi ki, komitə ölkədəki bütün siyasi məhbusların hüquqlarının müdafiəsi ilə məşğuldur: «Komitə təssis olunan zaman bütün siyasi məhbusların hüquqlarının müdafiəsini nəzərdə tutmuşdu. Sadəcə olaraq komitənin Leyla Yunusun adının qabartması onun xanım olmasıyla bağlıdır. Azərbaycan cəmiyyətində qadının həbsdə olması ictimai fikirdə ağır izlər qoyur. Digər tərəfdən Leyla Yunus sıradan bir qadın deyil. O, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında böyük rolu var. Üçüncü bir tərəfdən Leyla Yunus xəstəlikdən əziyyət çəkir. Ona görə bizim Leyla Yunusun adını ayrıca vurğulamağımız bununla bağlıdır. Amma bütövlükdə komitə siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan qanunları, imkanları daxilində razılaşdırılmış siyasi məhbus siyahısında adı keçən hər kəsin hüquqlarını müdafiə edəcəyik».
L.Yunusun fəaliyyətin daha da gücləndirilməsi kimi səsləndirdiyi təkliflərə gəlincə isə C.Həsənli bu istiqamətdə işlərin görüldüyünü bildirdi.
Xəyal