«Gəlir vergisinin 13%-dən 30%-a qədər artırılması Putinə qarşı çevrilə bilər»
Rusiya Dövlət Duması ayda 1 milyon rubldan çox gəliri olan şəxslərin daha çox vergi ödəməsilə bağlı qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.
Qanun layihəsi qəbul olunacağı təqdirdə hazırda 13 faiz olan gəlir vergisi 30 faizə qalxacaq. Bu qanun Rusiya əhalisinin cəmi 2 faizinə şamil olunsa da, milyarderlərə ciddi zərbə vuracaq.
Qeyd edək ki, ABŞ və Avropa Birliyinin iqtisadi sanksiyaları ilə üzləşən Rusiyada əsas zərbə də məhz Putinə yaxın milyarderlərə dəyəcək. Verginin yükünün artırılmasının milyarderlərin narazılığına səbəb olacağı da istisna edilmir.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Rusiya Dövlət Dumasının belə bir qanun layihəsini müzakirəyə çıxarmasının səbəbi büdcədə yaranan problemdir. Artıq maliyyə və vergilər naziri də bildiriblər ki, dövlət büdcəsində ciddi problemlər var və vergi artırmalarına gedilməlidir. İlkin addım olaraq yüksək gəlirli vətəndaşların vergi yükünün artırılması nəzərdə tutulub. Sonradan əlavə dəyər vergisinin də artırılması gözlənilir.
Ekspertin sözlərinə görə, Putinin yaratdığı sistemdə varlı insanların əllərində çoxlu pul olması onların bacarıqlarının nəticəsi deyil. Hakimiyyətin onlara yardım etməsə, kulli miqdarda pul qazana bilməzlər. Bunu əvəzində siyasi loyallıq təmin olunub. Vergilər artırılsa, siyasi loyallıqlarını itirməyəcəklər. Amma müəyyən problemlər yaranacaq. Varlılar çoxlu pul qazandıqlarına görə loyal idilər. Hakimiyyətə ideoloji bağlılıqları yox idi. Gələcəkdə gəlirləri azaldıqca onların siyasi loyallıqı da azalacaq. Siyasi loyallıqın azalması isə gələcəkdə varlı adamların maliyyələşdirdiyi gizli müxalif qüvvənin ortaya çıxması ilə nəticələnə bilər. Yəni Putinin hesabına varlananlar gələcəkdə onu əvəzləyəcək adamı dəstəkləyəcək. Ona görə sanksiyalar davamlı olsa, Rusiyanın daxilində ciddi narazılq dalğasının yaranması labüddür.
Fizzə