Namizəd Səfərov: «Qurban Məmmədovun vətəndaş mövqeyi hakimiyyəti hələ də narahat edir və buna görə də onu cəzalandırmaq istəyirlər»
Qondarma ittihamlarla 3 il azadlıqdan məhrum edilən tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədov bir neçə gün öncə 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. Hakimiyyətin Qurban Məmmədova münasibəti bəllidir və bundan sonra da bacardıqları qədər qanunsuzluqlara imza atacaqlar. Məhkəmədə bir daha sübut olundu ki, Qurban Məmmədova qarşı itthamlar əsassız, qərəzli və sifarişlidir. Ancaq Qurban Məmmədov bu hadisəni törətmiş olsa belə, yüngülləşdirici səbəbləri göz önünə alıb, daha münasib “kolon”a göndərmək olardı.
Görünür, Qurban Məmmədovun hətta həbsxana divarları arxasında da susmaması, vətəndaş mövqeyi nümayiş etdirməsi, mətbuata məqalələr göndərməsi hakimiyyəti narahat edir və Qurban Məmmədovu özlərinə məxsus şəkildə cəzalandırmaq istəyirlər.
Qurban Məmmədovun vəkili Süleyman Qasımov bildirdi ki, Qurban Məmmədovun 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsi qanunsuzdur: “Məhkəmədən sonra məhkumlar cəzaçəkmə yerlərinə bölünməlidir. Qurban Məmmədovun hansı niyyətlə 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilməsini bilmirəm. Bu onların subyektiv seçimidir. Ancaq qanunda göstərilir ki, məhkum olunmuş şəxs yaşadığı yerə yaxın olan müəssisədə cəza çəkməlidir. 14 saylı müəssisə isə şəhərdən kənarda yerləşir. Bu da müəyyən suallar doğurur”.
Hüquqşünas Namizəd Səfərov “Azadlıq”a açıqlamasında bildirdi ki, hakimiyyət Qurban Məmmədovu məhz 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərməklə ondan qisas alır: “Qurban Məmmədov cəmiyyətdə nüfuz qazanmış bir şəxsdir, Milli Şuranın üzvüdür və cəmiyyətdəki ədalətsizliyə hər zaman etiraz edib. Buna görə hakimiyyət Qurban Məmmədovu qondarma ittihamlarla həbs etdi. Indi isə, Apelyasiya Məhkəməsinin qərarından sonra Qurban Məmmədovu 14 saylı cəzaçəkmə Müəssisəsinə göndərdilər. 14 saylı cəzaçəkmə müəssisəsi şəhərdən kənarda yerləşir və yaxınlarının onu ziyarət etməsi xeyli çətinləşir. Bununla hakimiyyət Qurban Məmmədovdan, onun ailəsindən, dostlarından qisas alır. Bildiyiniz kimi 14 saylı cəzaçəkmə müəssisəsi digər müəssisələrə nisbətən, daha ağır şəraitdədir, antisanitariya hökm sürür, saxlanma şəraiti standartlara uyğun deyil. Qurban Məmmədov da olduğu cəzaçəkmə müəssisələrində qayda-qanun yaratmağa meylli bir insandır. Təbii ki, 14 saylı cəzaçəkmə müəssisəsində də qanunsuz hallara etiraz edəcək. Ona görə də Qurban Məmmədova qarşı müəyyən təxribatlar ola bilər, əlavə məsuliyyətə cəlb edə bilərlər, karsa sala bilərlər və s. Görünür, hakimiyyət Qurban Məmmədova qarşı hələ də acıqlıdır və yenidən ona qarşı müəyyən cəzalar tətbiq etmək istəyirlər. Lakin başa düşmürlər ki, Q.Məmmədovu bunlarla qorxudub, çəkindirmək mümkün deyil”.
Qeyd edək ki, ötən il Qurban Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin hökmü ilə 3 il həbs cəzası verilib.
Akif