“Azadlıq” qəzeti bu gün saat 12.00-da “Qasid” firmasının qarşısında etiraz aksiya keçirib. Aksiyanın səbəbi firmanın qəzetə olan borcunu müxtəlif bəhanələrlə verməməsidir. “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirir ki, “Qasid” firmasının qəzetə borcu 70 min manatı keçib: “Bu vaxta qədər problemlə əlaqədar “Qasid” firmasının rəhbərliyi ilə aparılan danışıqlar və keçirilən etiraz aksiyaları heç müsbət nəticə verməyib. İş o həddə çatıb ki, firma müdirinin müavini “Azadlıq”ın nümayəndəsi ilə görüşü zamanı bildirib ki, qəzetə heç bir ödəniş etmək imkanları yoxdur. Maraqlıdır ki, “Qasid” firmasının 100-dən artıq köşkü fəaliyyət göstərir. Lakin buna baxmayaraq firmanın borcunu ödəmək fikri yoxdur. Məhz “Qasid” firması “Azadlıq” qəzetini maddi böhran vəziyyətinə çalıb. Vəziyyət o həddə çatıb ki, qəzet əməkdaşlarına may, iyun, iyul ayları üzrə maaşlarından heç bir ödəniş edə bilməyib. Bu baxımdan biz növbəti dəfə firmanın qarşısında aksiya keçirməyə məcbur olmuşuq”.
“Qasid”in rəhbəri Mirkazım Kazımov problemin müzakirəsi üçün qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevi otağına dəvət edib. Qəzetin əməkdaşları isə firmanın qarşısında “Pulumuzu tələb edirik” şüarları qaldıraraq aksiyanı davam etdirib.
Rahim Hacıyev firma rəhbəri ilə müzakirənin nəticəsi barədə bunları deyib: “Firmanın rəhbərliyi 70 min manatdan artıq borcun ödənilməsi ilə bağlı ciddi səylər göstərəcəyinə yenə də vəd verdi. Mən açıq şəkildə bildirdim ki, 2012-ci ili aprelindən bizə dəfələrlə bu tipli vədlər versələr də, heç bir ciddi addım atmayıblar, nəticədə bu qədər böyük məbləğdə borc yığılıb. Firmanın bizə borcunun yığılıb qalması ucbatından əməkdaşlara may ayından bəri əmək haqqı verə bilmirik. Ona görə də firma borcunu ödəmək üçün ciddi addım atmadıqca, firma qarşısında aksiyalarımız davam edəcək”.