Elşad Abdullayev prokurorluğa ifadəsində qardaşının işilə bağlı təfərrüatları açıqlayıb
Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin Baş Prokurorluğun Ağır cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə zərərçəkmiş şəxs qismində 15 may 2009-cu ildə verdiyi ifadə redaksiyamıza daxil olub. Sabiq rektorun ifadəsinin sonuncu hissəsini təqdim edirik. Bu hissədə o, müstəntiqin suallarını cavablandırır:
Sual: Z.Dünyamalıyevlə ilk dəfə harada, nə vaxt, kimin vasitəsilə, hansı şəraitdə tanış olmusunuz?
– Z.Dünyamalıyevi ilk dəfə 14.10.2003-cü ildə Ramil Usubovun qəbulunda olanda görmüşəm. Buna qədər onunla heç bir tanışlığım olmayıb. Zahid Dünyamalıyevin telefon nömrəsi evdə olmalıdır, hazırda xatırlamıram. Arzu Kazımov mənimlə söhbətində deyirdi ki, Mahiri tanıyır. Mahir itkin düşməzdən 1-2 həftə əvvəl Nərimanov rayonu ərazisindəki “Yaşıl ada” restoranında Mətanət Isgəndərli, Arzunun qeyri-rəsmi arvadı Iranə Ilkinlə birgə oturub çörək yeyiblər. Arzu Mahiri həmin görüşdən tanıdığını deyib. Amma aralarında yaxın münasibət olması barədə mənə bir söz deməyib.
Qeyd edim ki, 2003-cü ilin oktyabrın əvvəllərində mən Fransaya getməzdən əvvəl Mahirlə söhbətimizdə Mahir ad çəkmədən dedi ki, geniş biznes əlaqələrinə malik bir adamla tanış olub. Mənə elə gəlir ki, o, Arzunu nəzərdə tuturdu. Zahid Dünyamalıyevlə Mahirin tanışlığı barədə isə məlumatım yoxdur. Məncə, onlar tanış olmayıb. Hər halda, Dünyamalıyev mənə bu barədə bir söz deməyib. Arzunun oğlu Zaur Binəqədi RPI-də, 4-cü PB-də rəis müavini işləyib. Arzunun sürücüsü Ağaları Arzunun ofisində tanımışam və onun Mahiri tanıdığını bilmirəm. Arzunun ofisinə çox gəlib-gedəndən sonra o mənə dedi ki, Elşad müəllim, Arzuya çox inanma, o, yaxşı adam deyil. Yəqin o, Arzugilin məni aldatdığını başa düşübmüş. Iranə Ilkini ilk dəfə 2004-cü ildə görmüşəm. Azuyla mən “Azneft”dən keçəndə təsadüfən Iranəni bir cavan oğlanla gördük. Arzunun təklifiylə Iranəni izləməyə başladıq. Iranə ilə həmin oğlan “Diplomat” otelinə girdi, biz də ordan uzaqlaşdıq. Arzunun arvadı Iradə Mahirlə tanış olmayıb. Ira və Toma adlı qadınları Arzu mənimlə tanış edib. Sülhəddin həkim və onun sürücüsü Nizaməddinin Mahiri tanıdığını eşitmişəm. Sülhəddin həkim Mahirlə aralarında yüngülvari mübahisə olduğunu, sonra da dostlaşdıqlarını deyib. Arzunun ofisinin Telman adlı sürücüsü “BMW” markalı tünd yaşıl rəngli maşın sürürdü. Mahir itən günün səhəri Telmanın sürdüyü maşın mən Respublika Sarayına gələndə məni izləyib. Mən onun məni izlədiyini yoxlamaq üçün sürücüm Şamilin idarə etdiyi maşını Ayna Sultanova heykəlinin yanındakı 5 mərtəbəli binanın həyətinə sürdürdüm. Maşından düşüb bloka girdim, Telman da həyətə gəldi və maşından düşüb bloka tərəf gələndə blokdan çıxdım və onunla üz-üzə gəldim.
Zahid Dünyamalıyev də Moskvada aeroportda çeçenlərə pul verib oğlunu buraxdırıb. “Sığorta Mamed”in də səhv etdiyi üçün oğlunun qulağını kəsdiklərini mənə demişdi. Arzu da söhbətində oğlunun oğurlandığını mənə demişdi. Bu söhbətləri mən işarə kimi qəbul etmişəm. Zahid Dünyamalıyev məndən birbaşa pul istəməyib. Ona pul verilməsinin vacibliyini mənə Arzu deyib. Birinci dəfə Dünyamalıyevə 100.000 dollar verəndə o, pulun əməliyyat işi üçün lazım olduğunu dedi. Bu müqavilələr formal xarakter daşıdığından Arzu mənə mənzillər təklif etsə də, mən götürməmişəm. Pullar ona yalnız Mahirin azad edilməsinə görə verilib.
Arzu Mahiri müxtəlif adamların oğurladığını deyib. Dünyamalıyev isə Mahiri çeçenlərin oğurlamasını ehtimal etdiyini deyib. Arzu söhbətimizdə çoxsaylı adamların adını çəkib, onların içində hətta mənim öz qohumlarım da olub.
Mən onların məni aldatmaq, şantaj etmək istəməyindən şübhələndiyim üçün danışıqları lentə yazdırmışam.
Birinci səbəb budur ki, Arzu məni xəbərdar etmişdi ki, kiməsə bu barədə məlumat versəm Mahir üçün pis nəticələnə bilər. Onlar pulu məndən Mahiri azad etmək üçün almışdı. “Ideal”, “Təzadlar” qəzetində mənim ünvanıma yalan məlumatlar dərc olunurdu. Mən bu yalanlarla mübarizə aparmaqla məşğul idim. Amma başlıca səbəb qardaşım Mahirə hansısa xəsarət yetiriləcəyindən ehtiyat etdiyim üçün istintaq və əməliyyat orqanına məlumat verməmişəm. Eyni zamanda, 14.10.2003-cü ildə Mahirin oğurlanması barədə Yasamal RPI-yə ərizəylə müraciət etmişəm.