Zaqatala səfəri və torpaq haqqında qərara sözardı
Bu ölkədə “islahat” sözü çoxdandır ki, “imitasiya” mənası verir. Gecə-gündüz təbliğat aparılır, prezidentin sərəncamları ictimailəşdirilir və “bundan sonra vəziyyət dəyişəcək” mesajı verilir. Amma hər dəfə müşahidə edirik ki, nəticə sadəcə “kosmetika”dan ibarətdir.
Təkcə ötən gün baş vermiş iki hadisəyə baxanda ölkədə islahatın necə aparıldığı aydın olur. Yadınızdadırsa, Ilham Əliyev zəruri olmayan xərclərin azaldılmasından, israfçılığa yol verilməməsindən, vəsaitləri səmərli istifadə etməkdən danışırdı. Amma böhranın qapıya dirəndiyi bir vaxtda, Ilham Əliyev Zaqatalaya səfərə gedir və Heydər Əliyev Mərkəzinin açılışında iştirak edir. Görəsən, indiki vəziyyətdə bu mərkəzə milyonlar xərcləməyə nə ehtiyac var? Onsuz da Heydər Əliyev adına bu ölkədə 100-lərlə kompleks, park, küçə, muzey, mədəniyyət sarayı var. Ən böyük israfçılıq bu deyilmi? Ölkə başçısı israfçılığın açılışına gedir, eyni zamanda da israfçılıqla mübarizədən danışır. Deməli, israfçılıq məsələsində də istisnalar var.
Ikinci hadisə prezidentin yeni fərmanı ilə bağlıdır. Belə ki, ölkə başçısı Inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, Məcəllənin 70-ci maddəsi ləğv edilib.ÿBundan başqa, 88.1-ci maddə aşağıdakı redaksiyada verilib:
88.1.1 Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə – fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
88.1.2. Bu Məcəllənin 88.1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə – fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir”.
Qeyd edək ki, 70-ci maddə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə olunmasını əks etdirirdi.
Prezidentin bu fərmanını kənd təsərrüfatı sahəsində islahat kimi təqdim edirlər. Əslində isə bu fərman kəndlidən pul qoparmağa xidmət edir. Çünki, torpaq sahibi üçün heç bir şərait yaradılmayıb, sahibkarlara kreditin hansı şərtlərlə verildiyi heç kimə sirr deyil, istehsal xərclərini ödəmək ağır problemə çevrilib, məhsulun bazara çıxarılmasında ciddi problemlər var, bütün sahələrdə monopoliya hökm sürür və s. Bütün bu problemləri yoluna qoymadan, kəndliyə münbit şərait yaratmadan, torpaqdan təyinatı üzrə istifadə edilməsini tələb edirlər. Üstəlik, buna görə yüksək cərimələr də müəyyənləşdiriblər. Bu gün xeyli ərazilərdə suvarma problemi var, zəruri ehtiyaclar təmin edilməyib. Belə bir şəraitdə hansı səmərəli işdən söhbət gedə bilər? Fakt budur ki, uzun illər ərzində kənd təsərrüfatı böhranlı vəziyyətdə olub və bir günün içində bu sahəni inkişaf etdirmək mümkün deyil. Bütün bunlar azmış kimi, bu sahəyə ayrılan vəsaitlər də mənimsənilib.
Demək istəyirik ki, çıxış yolu torpaq sahiblərini cərimələmək yox, səmərəli iş üçün münbit şərait yaratmaqdır.
Beləliklə, sürətli “islahat”lar davam edir.
Samir