Volter Russoya bir az “yuxarıdan aşağı”, hətta bəzən rişxəndlə baxırmış. O, təbitə qayıdışı təbliğ edəndə Volter ona yazırmış ki, adam sizin əsərlərinizi oxuyanda lap əlləri üstə durmaq istəyir. Elə Russonun bərabərlik haqqında yazdıqlarını da bəyənmirmiş və deyirmiş ki, o vaxt, yəni bəşəriyyətin təbii halda olduğu vaxt bərabər olmaq elə də problem deyildi, çünki bölməyə bir şey yox idi. Mən bunları nədən xatırladıram? Adama arabir, elə xüsusən də ümidsiz vaxtlarında elə gəlir ki, bu azadlıq deyilən şey əslində heç vaxt olmayıb. Amma elə buradaca da yadıma Kantın sözləri düşür: biz elə həyat yaşamalıyıq ki, sanki Azadlıq və bir də Allah olub və var!.. Bəli, Kant üçün problem yox idi, o şeyləri transendent bir mövcudluq tək də çox asan qəbul edirdi. Amma praktik insan, Kantın praktik idrak sahibindən fərqli olaraq, hər bir şeyə toxunmaq, onu bilavasitə hiss etmək istəyir. Biz də azad olmaq istəyirik və azadlıq bizim üçün heç də irrasional və yaxud da transendental bir mahiyyət kəsb etmir, o, bütün beynəlxalq sənədlərdə əks olunan reallıq və müddəalardır. Düzdür, elə insanlar var, iddia edirlər ki, hətta sovetlərin vaxtında belə, azad olublar. Mən bu haqda çox düşünmüşəm. Bu, iki halda mümkün ola bilər. Ya insanın intellektual və mənəvi tələbləri o qədər aşağı olur ki, onun azad olması, özünü azad hiss etməsi, hətta totalitar quruluşlar vaxtı belə, mümkün olur. Ya da insan irreallığa, irrasionallığa varır, özü üçün elə bir virtual aləm yaradır ki, həmin aləmdə o, özünü daha rahat və azad fərd kimi hiss edir. Bu da daha çox ondan asılıdır ki, insan azadlığı harada axtarır, cəmiyyətdə, yoxsa cəmiyyətdən kənarda. Mən burada həm də Qərb və Şərq təfəkkürlərinin fərqini görürəm. Qərb azadlığı cəmiyyətdə axtardı və ona görə də gəlib bugünkü səviyyəsinə çatdı. Şərqsə azadlığı həmişə kənar bir aləmdə axtarmağa üstünlük verib. Ona görə də Qərb son nəticədə nisbi azad cəmiyyət qurdu, amma Şərq kamil insan yarada bilmədi, çünki Şərqin iddiası daha böyük idi… Indi “mən azadam” deyənlər klassik Şərq üslub və məntiqilə düşünənlər, sıxılanlarsa Qərb məntiqindən qaynaqlananlardır.
Sizif azad insan olubmu?
Gerçəklik bizi simvol seçməyə təhrik etdi. Biz də Sizifi seçdik. Amma hələ də düşünürəm ki, görən, Sizif azad insan olubmu? Bir qısa intervalda, bəli, o, azad olub, öz istədiyini edib, öz düşündüyü kimi yaşayıb, hətta Allahlara qarşı qiyam və üsyan edib. Amma böyük intervalda o, azad insan olmayıb, o, taleyini özü seçməyib. Bəli, Sizif inadkardır, sarsılmazdır, amma o heç də azad insan deyil, çünki azad insan öz taleyinin axıra qədər sahibi olur. Sizif bəlkə də azadlığın mövcud olmadığı bir situasiyada azad insanın aqibətini simvollaşdıran obrazdır, azadlığa görə cəzanın işarəsi, simvoludur. Bəlkə elə bu mifin ən böyük fəlsəfəsi budur ki, azadlığa görə həmişə cəza nəzərdə tutulur? Bilmirəm. Mən indi başqa bir adamdan, M.L.Kinqdən misal gətirib öz “fəlsəfəmi” yekunlaşdırmaq istəyirəm. ABŞ-ın əsl demokratik bir ölkəyə çevrilməsi tarixi bu adamın adından başlayır. Təsadüfi deyil ki, indi də bəzi insanlar onun milli qəhrəman elan olunmasını istəyirlər. Amma bu insanın məzarı üstündə çox sadə bir fikir yazılıb: “nəhayət ki, azadam…”. Azadlıq varmı? Onun uğrunda ölümə getməyə, həyatda məhrumiyyətlər yaşamağa və sonda da təcrid olunmağa dəyərmi? Bəlkə bu da köləliyin elə bir forması və bir növüdür? Getdikcə məndə bir fikir yaranır ki, insan əgər bir şeyin, ya da hətta hər hansı bir ideyanın əsirinə çevrilirsə o, artıq azad deyil, kölədir!
Ona görə biz də, bəli, bizlər – müxalif düşüncəli insanlar da köləyik. Təkcə ona görə yox ki, ətrafımızdakı gerçəklik belədir, həm də ona görə ki, içimizi və iç dünyamızı təkcə bir ideya əsarətə alıb, başqa ideyalara iç dünyamızda yer yoxdur. B.Rassel deyirdi ki, heç vaxt əqidəm uğrunda ölümə getmərəm, çünki səhv edə bilərəm! O, niyə belə deyirdi? Çünki insanlar o vaxt əqidəsi uğrunda ölümə gedirlər ki, onların qəlbinə tək ideya hakim kəsilir və onlar azad olmurlar…