Mən Seyf əl-Islamın striptizçi qadını özünə arvad eləməsinin üstünə getməyəcəm. Onda bütün Avropa, bütün liberallar və hətta mömin müsəlmanlar üstümə gələr. Avropa üçün bu, çox adi şeydi. Əsas sevgidi. Yarandımı, kiminlə evlənməyinin fərqi yoxdu. Islamın təməl prinsipində də belədi. Zənnimcə, islam peyğəmbəri deyib ki, əsl kişi qadını fahişə eləyən deyil, fahişəni qadını eləyəndi. Təbii, şərtlər daxilində. Ancaq inanmıram ki, kimsə, məsələn, namaz qılan, oruc tutan, dinin bütün prinsiplərinə əməl eləyən bir valideyn övladına izn verə ki, gedib sevdiyi bir fahişəni də demirəm, sadəcə striptizçini alıb özünə arvad eləyə, düz yola qaytara. Əsla mümkün deyil. Striptizçi də yox e, qısa ətəkdə gəzən qıza belə, yaxın durmazlar.
Nə isə, məqsədimiz bu deyil. Seyfəlin, yəni bir dövlət başçısının ailə-uşağının əxlaqından söhbət gedir. Həmin dini prinsipdən yanaşanda adam yaxşı iş tutub. Ancaq tam da elə deyil ki. Seyfəl onu Vyanaya çağırıb, altı ay yanında saxlayanda qadın ərdə idi. Sonra da aparıb özünə arvad eləmişdi. Bu, diktatorun, onun ailəsinin əxlaqıdı. Onlar üçün şərt deyil bəyəndiyi, gözü düşdüyü qadın (kişi) ərdədi, ərdə deyil, əxlaqlıdı, əxlaqlı deyil. Barmağımı uzatdımsa, mənimsən. Nəfsim səni istədisə, nəfsimdən şüğlüzümmə qala bilmərəm. Onlar üçün bütün dünyanın haqqını tapdayıb şüğlüzümmə qalmaq boş şeydi. Əsas budur ki, nəfslərini incitməsinlər. Ona görə də ölkələrini talayırlar, doymurlar; sponsorluq elədikləri (fərqi yoxdu, heç eləməmiş olsun) bütöv bir gözəllik müsabiqəsinin gözəlçələrini döşəklərindən keçirirlər, doymurlar; adamları timsah saxladıqları hovuzda çimməyə məcbur eləyirlər, doymurlar; gənc qızları itləri ilə sevişməyə məcbur eləyirlər, doymurlar; gəncləri azadlıq istədiklərinə görə ən iyrənc üsullarla, yalançı məhkəmələrlə həbsxanalara doldurub ata-analarını gözü yaşlı qoyurlar, doymurlar; halal mənzillərinin içində otura-otura evlərini insanların başına uçururlar, doymurlar; iki kərə qanuni prezidentliklərini qanunsuz seçilməklə başa vurur, yenə doymurlar və sözün qısası, gözləri doymur ki, doymur. Çünki onlar nəfslərindən şüğlüzümmə qala bilməzlər.
Seyfəlin keçmiş arvadının danışdıqları diktatorların əxlaqını o qədər dəqiq üzə çıxarır ki, heyrətdən donub qalırsan. Bu danışıqlar, diktatorların haqqında söylənən səxavətlilik və ya xalqı üçün əlindən gələni eləmək kimi üstünlüklərinin olmasını bir anda puça çıxarır. “Azadlıq”ın dünənki sayında Anar Mahmudoğlu bu məsələləri çox incəliklə açdığından təkrarçılığa yol vermək istəmirəm, halbuki bu tip məsələlər nə qədər çox yazılsa, çox deyilsə, bir o qədər azdır. Çünki unutqanlıq xəstəliyinə mübtəla olan cəmiyyətlər hər dəfə təzə diktatorun simasında bir el atasını görür, onun nə qədər sadə və kasıb həyat sürməsi haqda nağıllara uyub gedirlər. Yalnız iş-işdən keçəndən, diktator it kimi küçələrdə sürüdüləndən sonra məlum olur ki, paho, sən demə, bu sadə it oğlunun hələ özündən sonra 200 milyard dolları qalıb. Sağlıqlarında isə, bir günlük eyş-işrət məclislərinə, amatör olaraq videoya alınan seksual orgiya gecələrinə, müğənnilərə, striptizçilərə, rəqqaslara, bağışladıqları hədiyyələrə milyon dollarlar sərf edilirmiş. Bu yaxında üzdən adama güclə bənzəyən sıradan bir ərəb şeyxinin sıradan da görünüşü olan piyli bir müğənninin başına azından 10 kisə dollar səpdiyini bir videoda izlədim. Bu, hələ dediyim ki, Seyfəl-zad deyil, sıradan biri idi. Lakin bu qədər “əliaçıq” şərəfsizlərin əslində nə qədər simic, əməkçi insana çatanda nə qədər “qənaətcil” olduqlarını Seyfəlin arvadının dediyi bir fakt üzə çıxarır: Qəzzafinin sürücüsü cəmi 300 dollar maaş alırmış…
Xalq isə başına döyəndə həmişə gec olur!