Neçə illər yağmalandın, əzildin, heç kim oldun, neftin pulları səni az qala yox edir, qovdururdu bu ölkədən. Əl-ayağa dolaşırdın. Amma indi bütün ölkənin yükü, gələcəyi sənin çiynindədir. Qara qızıldan sərxoş olub heç kimi saymayan hakimiyyətin də ümidi sənsən.
Indi bütün fərmanlar sənin şəninədir!
Indi bütün çıxışlar sənin adınla başlayır!
Yoxlamalar da yox olacaq, sevin!
Bəlkə də kövrəlmisən bu xoş halından….
Neçə illər işləyib qazandığını sənin hesab etmirdilər. Əlindən aldılar çoxunu, bəzən də hamısını.
Bəzən özünü də mülkünlə birlikdə yox etdilər.
Üstünə polis dəstəsi yolladılar, traktor dayandı obyektinin qabağında. Gömrükdən tənginəfəs çıxanda üstünə daha kimlər gəlmədi: vergidən, prokurorluqdan, polisdən, ?sanepidemstansiyadan (siçovulları dərmanlayanlar), FHN-dən, əmək müfəttişliyindən, statistikadan, sosialdan, icradan, YAP-dan, işıqdan, qazdan, sudan,… MTN-i demirəm, bunu indi söyləməyən yoxdur. Hamı da para istəyirdi səndən, hamının haqqı vardı üstündə! Yoxsa bağlayardılar qapını! Işığını, qazını, suyunu kəsərdilər, özünü bitirərdilər, bilmədiyini yetirərdilər!
Ürəyi partlayanlarınız oldu, varını qoyub qaçan oldu, türməyə düşən, dərddən büzüşən… eh, kimlər olmadı, nələr olmadı!
Səndən alınan rüşvətə ayrıca hesab açdılar bankda! Sənə məktəb tikdirdilər, asfalt saldırdılar, idmançı yedirtdilər, turist qarşılatdılar. Seçki zamanı məntəqələrə lüləkabab naharı verdin, Qurbanlıqda başqalarının qurban kəsib paylamasına qoyun-dana aldın.
Indi də bir ölkəni sən saxlamalısan! Ermənistanın büdcəsindən hərbi büdcəmizin böyük olduğu milli büdcəmizi doldurmalısan. Nefti unut, biz də unudaq. Amma işləməlisən. Işləməlisən. Analoqu olmayan inkişaf uçub getdiyi üçün, ölkəmizin inkişafı səndən asılıdır. Sənsən ümid yerimiz! Səndən hər şey gözləyirik! Səndən çox pul gözləyirik!
Amma… Anan ölsün, ay sahibkar, iş bundadır ki, sənin də bir şeyin yoxdur. Sənin də bir heyin qalmayıb, sənin də kisən boşdur. Verdiyin rüşvətlər yığılsaydı, sən təzə avadanlıqlar alardın, yeni sexlər və sahələr açardın, daha yaxşı iş qurardın. Yoxdur axı! Sənin özün nə gündəsən!
Nə edəcəksən, necə edəcəksən, bilmirəm! O boyda neft pullarını adımızı dünyada qaldırmaq üçün səpələdik. Necə turistlər, idmançılar, şanlı qonaqlar gətirdik ölkəmizə! Ledi Qaqanı oxutduq! Bütün məmurlarımızı varlı etdik. Taladıq, yedik, içdik! Indi isə səndən bütün gələcəyimiz asılıdır, bəli, zəngin neft ölkəsinin gələcəyi! Avropa Oyunları keçirən bir ölkə sənə baxır! Hərəkət et, çalış, işlə, dayanma!
Gör vəziyyət necə dəyişib, nələr olub bu ölkədə!
….Bir şair öz nazirinə tərif dolu şeir yazıb, onu göylərə qaldırıb! Təzəlikcə olanı deyirəm, çünki belə işlər bizim məmləkətdə hər zaman baş verir. Amma bu dəfə nazir tərifdən xoşallanmayıb.
Neft ucuzlaşdığı üçün, gəlirlər azaldığı üçün o boyda mədhiyyə bir ?sağ ol?a dəyməyib. Götürüb şairə töhmət verib.
Bu halı təsəvvür etməyə çalışaq, anlamağa çalışaq. Nazir bəlkə də töhmət əmrində yazmaq istəyib ki, sahibkarlıq qalıb bir yanda, sən də gör nə ilə məşğulsan. Pul yoxdursa, nə şeir, nə tərif! Pul yoxdursa, tərifin də dadı, duzu olmur!
Ey sahibkar! Vəziyyəti özün təsəvvür etməyə çalış, aləm dəyişib, ölkəmiz həyəcan içindədir. Hər şey də səndən asılıdır! Prometey odu insanlığı gətirdiyi kimi, sən də bu ölkəyə pulu gətir! Artıq sən bir Prometeysən, sən Atlantsan! Ver çiyinlərini irəli!