Vəfa Quluzadə: «Israilin hərbi texnikası və silahları Rusiya istehsalından qat-qat keyfiyyətlidir»
Rəsmi Bakı niyə Türkiyəni seçmədi?
Israilin “Mossad”a yaxınlığı ilə bilinən www.debka.com portalı Bakının Təl-Əvivlə hərbi-strateji sahədə tərəfdaşlığına dair çox mühüm və sensasion detalları açıb. “Yeni Müsavat” qəzetinin dünənki sayında dərc olunan xəbərə görə, hazırda Azərbaycanın hərbi bazarı uğrunda ciddi mübarizə gedir. Bunun səbəbi Qərbin Azərbaycana silah satışından imtina etməsi ilə bağlıdır.
Bundan başqa, sayt bildirir ki, Azərbaycan Türkiyənin hərbi sənayesinə qarşı çağırış xarakterli addım ataraq Israillə hərbi əməkdaşlığa üstünlük verir. Rusiya, Iran və Ermənistan da Azərbaycanın Israillə əməkdaşlığına narahatlıqla yanaşır. Xüsusən ona görə ki, Azərbaycan ordusu Israildə istehsal edilən pilotsuz kəşfiyyat təyyarələri ilə sürətlə silahlanmaqdadır. Bu təyyarələrin bir hissəsi Bakıdakı zavodda yığılır. “Həm Moskva, həm Tehran Israilin Azərbaycanla genişlənməkdə olan hərbi tərəfdaşlığını əngəlləmək üçün fəal şəkildə cəhdlər göstərir.
Portalda bu informasiylar ilə yanaşı digər maraqlı məqamlar da yer alıb. Elə bu məqamlarla bağlı suallarımızı politoloq Vəfa Quluzadəyə ünvanladıq. V.Quluzadə ilk olaraq Azərbayacana Israilin silah satmaq istəyi ilə bağlı yazılanlara münasibət bildirdi:
– Israil çox ölkələrə hərbi texnika satır. Onu vurğulamaq lazımdır ki, Israilin hərbi texnikası və silahları Rusiya istehsalından qat-qat keyfiyyətlidir. Görünür, əgər bu məlumat doğrudursa, Israilin Azərbaycanla hərbi əməkdaşlığı dərinləşdirmək istəyi bəzi dövlətləri narahat edib. Bu sırada ilk növbədə Rusiyanın adını çəkmək gərəkdir. Amma bir məqam da var ki, bəzi məlumatlara görə bu məlumatı yayan sayt Israil kəşfiyyatına yox, Rusiya kəşfiyyatına işləyir. Və bu saytın məlumatları sırasında Rusiyanın adının tez-tez hallanması təsadüfi deyil. Əgər belədirsə, o zaman Rusiya bu məlumatları ictimailəşdirməklə nəyə ümid edir? Azərbaycanı bu cür mesajlarla qorxutmağa çalışırlar? Bu, mümkün deyil. Görünür, Azərbaycan daha Rusiya silahını almaq istəmir və buna görə də Kremldə bəzi dairələr narahatlıq keçirir.
– Saytda qeyd olunur ki, bu yaxınlarda Bakıya səfər edən Türkiyənin müdafiə və hərbi sənaye naziri Murat Bayar Azərbaycanı inandırmağa çalışıb ki, Israildən taktiki pilotsuz kəşfiyyat təyyarələri almaq əvəzinə Ankaradan uzaqmənzilli pilotsuz təyyarələr alsın. Nazir Azərbaycan ərazisində bu təyyarələrin birgə istehsalı üçün zavod açmağı da vəd edib.
– Bu, inandırıcı deyil. Azərbaycanla Türkiyənin əlaqələri çox yaxındır. Bu münasibətlər digər dövlətlərlə müqayisə ediləcək səviyyədə deyil.
– Sayt daha sonra bu ilin sentyabrında Azərbaycanın vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi barədə maraqlı xəbər verib. Sayt bildirir ki, təyyarəni Rusiya zenitçiləri vurublar. Məqalədə deyildiyinə görə, Moskva Azərbaycan pilotsuz kəşfiyyatçısını bir neçə səbəbdən vura bilərdi. Birinci mesaj Israilə regiondan uzaq durmaqla bağlıdırsa, ikinci mesaj Irana xoş gəlmək üçündür…
– Hələ də dəqiq bilinmir ki, bu təyyarə kimindir. Amma, hətta bu təyyarə Azərbaycanındırsa belə, bu cür uçuşlar təşkil etmək bizim haqqımızdır. Və belə bir vəziyyətdə Azərbaycanın kəşfiyyat işi aparması Rusiyanı qıcıqlandıra və Kreml Azərbaycan təyyarəsini vura bilər. Rusiya bir neçə dəfə artıq Gürcüstanın təyyarəsini vurmuşdu. Çünki gürcülər Rusiyanın onlara qarşı hücuma hazırlaşdığından narahat olduğuna görə, bu cür uçuşlar təşkil edirdi. Ona görə mən təyyarənin vurulması olayını bu qədər şişirtməyin tərəfdarı deyiləm. Əgər bu bizim təyyarədirsə, sıradan bir olaydır. Ruslar onu qıcıqlandıqları üçün vurublar.
– Iranın son zamanlar Azərbaycana qarşı mövqeyinin sərtləşməsini də sayt Təl-Əvivlə Bakı arasındakı istiləşmə ilə əlaqələndirir. Yəni, Tehran məhz baş verənlərdən qıcıqlanaraq Azərbaycana qarşı təzyiqlərini sərtləşdirib.
– Düşünmürəm ki, Iranın təpkisi Israil ilə Azərbaycanın əlaqələrindən irəli gələrək ortaya çıxıb. Iranın, sadəcə olaraq, Azərbaycandan təmənnaları var. Iran Azərbaycanı öz tərkibində görmək istəyir. Hələ Iran Əbülfəz Elçibəyin vaxtında bəyan etmişdi ki, əgər siz Cənubi Azərbaycanla birləşmək istəyirsinizsə, gəlin bizim tərkibimizə birləşin. Iranın neçə illərdir yürütdüyü siyasətin mahiyyəti məhz budur. Iran Azərbaycanın güclənməsini istəmir.
Xəyal