“Dəhşətdi, biabırçılıqdı, bu toz-torpağın içində də meyvə-tərəvəz, ət, balıq satarlar? Nə qədər yazmaq, demək olar? Biz fikrləşdik ki, Mübariz Ağayev icra başçısı təyin olunandan sonra bu rəzalətə son qoyular, amma yenə də davam edir. Birdəfəlik bilək ki, bura avtobazadır, bazardır, ya zəhər plantasiyası?”.
Bunu Göyçay rayon sakini İbrahim kişi deyir. Deyir, hər gün də olmasa, həftədə iki dəfə bu bazara gəlir, mer-meyvə, digər məhsullar alır. Hələ indi yaxşıdır deyir, yağış yağandan sonra palçıqdan yerimək mümkün olmayacaq. “Bu bibarçılığı isə buradan yığışdıran yoxdur hələ”.
İbrahim kişi haqlıdır. Göyçay bazarında sözün həqiqi mənasında acınacaqlı vəziyyət hökm sürür. Bazarda kənd təsərrüfatı məhsulları sanitar-gigiyenik qaydalara əməl edilmədən torpağın üstündə satılır. Əslində bura bazar yox, “Göyçay-Avtonəqliyyat” MMC-nin ərazisidir. Satıcılar yay və qış aylarında açıq havada, toz-torpağın içində al-ver edərkən çox əziyyət çəkdiklərini deyirlər. Onlar bazarda məhsul satışı üçün heç bir şərait olmadığı halda yer haqqı da ödəyirlər.
Gülsüm adlı satıcı deyir ki, gətirdikləri malları harada yer tapdılar, orada satırlar. “Bura bazar sayılmır. Bura avtobaza sayılır. Avtobazanın qabağından pulu yığıb gedirlər”. Dəhşətlisi budur ki, satıcılar kəndlərdən gətirdikləri süd məhsullarını, göyərtini və meyvə-tərəvəzi piştaxtalarda yox, antisanitariya şəraitində olan bir ərazidə, torpağın üstündə satırlar. Bazardakı şəraitdən satıcılarla yanaşı alıcılar da narazıdır. Onlar aldıqları qida məhsullarının həyatları üçün təhlükə yarada biləcəyini deyirlər.
Hələ nəzərə alsaq ki, bazarın üstü açıqdır, onda burda satılan məhsulları payız-qış mövsümündə, yağış-qar altında təsəvvür etmək elə də çətin deyil. Qarşılaşdığımız maraqlı məqamlardan biri ət məhsullarının satış yeridir. Buranın hansı fəsadlara səbəb olacağını bilmək üçün ekspertə filana ehtiyac yoxdur.
Mövzunu diqqətdə saxlayacağıq.
Samir