Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunan iclası keçirilib. Belə iclaslar bizdə tez-tez olur və onlara həmişə dövlət başçısı Ilham Əliyev özü sədrlik edir. O, yenə də həmin iclasda Azərbaycandakı iqtisadi və sosial inkişafdan, uğur və artımlardan danışıb. Amma sonuncu iclasın ən yaddaqalan hissəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ilə bağlı deyilənlərdir. Ilham Əliyev bildirib ki, ölkənin beynəlxalq müstəvidə artan nüfuzunu Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması ilə bağlı keçirilən səsvermə də təsdiqləyib. O deyib ki, Ermənistan da bu səsvermədə namizədliyini irəli sürüb, amma Azərbaycanla rəqabət apara bilməyəcəyini anlayaraq geri çəkilib. Absurd odur ki, Azərbaycan Təhlükəsizlik Şurasına seçilmədiyi halda, biz bunu uğur kimi qeyd edirik. Əgər üzv olsaydıq, bunun uğuru nə olacaqdı ki?! Bir müddətdən sonra bizi yeni üzv əvəzləməli idi.
Ermənistanı BMT-də sıxışdırmağımız…
Daha maraqlı məsələ Ermənistanın namizədliyini irəli sürməsi, amma Azərbaycanla rəqabət apara bilməyəcəyini anlayaraq geri çəkilməsidir. Məgər biz belə güclüyüksə, Ermənistanı torpaqlarımızdan niyə uzaqlaşdırmırıq? Ümumiyyətlə bu süni uğurlar və yarışlar kimə lazımdır?
Qayıdaq iqtisadi uğurlara. Ilham Əliyev həmin iclasda deyib ki, bu ilin 9 ayında kənd təsərrüfatı istehsalı 7,6 faiz artıb. Həmçinin son 9 ayda ölkədə 74 min yeni iş yeri açılıb ki, onlardan 50 mini daimidir. Bununla da son 8 ildə Azərbaycanda açılan iş yerlərinin sayı 950 minə çatıb. Hazırda işsizlik 5,5 faizdir.
Işsizliyin daha çox olduğu ölkələrə işləməyə gediriksə…
Yəqin ki, yeni iş yerləri ilə bağlı məsələ daha çox diqqətinizi çəkdi. Hanı bu iş yerləri? Işsizlik bizdə 5 faizdirsə, bəs niyə bizim əhali işsizliyin daha çox olduğu və artdığı bir ölkəyə – Rusiyaya iş dalınca gedir? Avropada işsizlik artır, bəs niyə xalqımızın övladları o ölkələrə gedə bilmək üçün min oyundan çıxır? Türkiyə son illərdə böyük uğurlara imza atıb, amma orada işsizlik bizdən çoxdur – 10 faizə yaxındır. Onda niyə bizim Naxçıvan əhalisi Istanbulun Aksaray bölgəsində hambal bazarı açmağa məcbur olub? Bütün bu hallar yalançı və süni iş yerləri haqda hər şeyi demirmi?!
Azərbaycan 12 MDB ölkəsi arasında 7-ci
Qayıdaq kənd təsərrüfatına. Çox təəssüf ki, bu sahədəki problemlərimiz hələ də geniş ictimai rezonans yaratmayıb. Azərbaycan hakimiyyəti isə əsl problemlərimizi hələ də neft pulları ilə gizlətməyə çalışır. Amma bizdə kəndli təbiətin ümidinə qalıb. Ölkədə bu sektor üçün müasir tələblərə cavab verən bir siyasət yoxdur. Vəziyyət də çox ağırdır. Kəndli, hətta əldə etdiyi məhsulu bazarlara çıxarıb sata bilmir…
Elə bu an qarşımda tanınmış iqtisadçı Rövşən Ağayevin həmkarı Cavid Xəlilovla birlikdə hazırladığı bir tədqiqat var. Azərbaycanın kənd təsərrüfatının durumu ilə bağlıdır. Gəlin, adıçəkilən tədqiqatdan bəzi rəqəmlərə baxaq: “Azərbaycan aqrar sektorun durumuna görə nəinki inkişaf etmiş ölkələrlə, hətta bazar münasibətlərinə keçidlə bağlı bizimlə eyni start vəziyyətində olan MDB ölkələri ilə müqayisədə xeyli əlverişsiz mövqedədir. Məsələn, taxıl, süd, kartof və yumurta istehsalının adambaşına həcminə görə Azərbaycan 12 MDB ölkəsi arasında 7-ci, ət istehsalının adambaşına həcminə görə 8-ci, tərəvəz məhsullarının adambaşına həcminə görə isə 5-ci yerdə qərarlaşıb”“.”
Belə gözəl tədqiqata görə onun müəlliflərinə təşəkkür edirəm. Həmin sənəddən öyrəndim ki, Yaponiyada hazırda kənd təsərrüfatına yararlı cəmi 4,9 milyon hektar torpaq sahəsi olsa da, bu ölkə əhalisinin çox hissəsinin – 65 milyon nəfərini aqrar məhsullarla təmin edir. Azərbaycanda da təqribən eyni qədər – 4,7 milyon hektar kənd təsərrüfatı torpağı istifadədədir. Amma rəsmi məlumatlara görə, Azərbaycan ərzaq ehtiyaclarının cəmi 60 faizini özü təmin edir. Təxminən 6 milyon insanın ehtiyacını. 10 dəfə azdır bu…