Bir dəli quyuya bir daş atıb, indi yüz ağıllı çıxara bilmir. Siz də məni bağışlayın, “Lider” telekanalının şinelindən çıxmış saxta deputatın Bakıya himn təklif etməsini deyirəm.
Məsələdən hali olanlar bilirlər – adını burada yazıb nə özümün, nə sizin ürəyinizi bulandırmaq istəmədiyim həmin təyinatlı deputat Üzeyir bəyin Sovet Azərbaycanı üçün yazdığı himnin Bakının himni olmasını istəyir, hətta dünən Sabir Rüstəmxanlı açıqlama verib ki, o, böyük bəstəkarın yazdığı musiqiyə yeni mətn yazıb. Sitat: “Üzeyir Hacıbəyovun musiqisi əvəzsiz musiqidir. O himnin musiqisinin hansısa formada bərpası zəruridir”.
Mənim Üzeyirsevərlərimə baxın!
Üzeyir bəyin adı yaratdığı Bakı Musiqi Akademiyasından götürüləndə, Üzeyir bəyin adını geri qaytarmaq üçün bir ovuc insan yeri-göyü inlədəndə hardaydı bu adamlar? Niyə bircəciyinin cınqırı çıxmadı? Amma indi söz konusu himnin mətnini yazmaq olunca görün necə Üzeyirsevər olurlar! Niyə də olmasınlar? Axı ortada tarixə düşmək fürsəti var. Qaçırarlarmı heç bunu?!
Hələ mən təklif müəllifinin özünü demirəm. Üzeyir bəy, bu adamın demokratik, mübariz, ləyaqətli insanların şər, böhtan, yalan və təhqirdən başqa heç nəyə açılmayan ağzından öz adını eşitsə, inanıram, həyata, dünyaya küsərdi. Ümumiyyətlə, guya Bakının hər yarağı düzəlib, qalıb saqqal darağı. Bakının himni olsa, sanki bu şəhər üfunətdən, tıxaclardan, toz-torpaqdan, dilənçilərdən, şüşə silən, limon satan uşaqlardan xilasmı olacaq? Hansı daha vacibdir – Bakının himnimi, yoxsa mer seçkisimi? Siz Bakını bakılıların başına uçurub, öz səfeh “Qış bulvarı” layihələrinizlə insanların mülkiyyət haqqını çeynəyib keçib, onların min bir zülmlə tikdikləri evi buldozerlərinizin qabağına verib sonra himnləmi alacaqsınız adamların könlünü?
Guya Hacıbala Azərbaycanın himnini nə vaxt oxuyub yarıtdı ki, hələ siz Bakının da himninin olmasını istəyirsiniz?
***
Bakının himni ha!
Nə yazacaqsanız o himnin sözlərinə?
Küçələrini asfaltlayıb sonra həmin asfaltı dağıdıb kanalizasiya xətti çəkərək təzədən asfaltlamağınızdanmı?
Arxasında oliqarxların durduğu tikinti şirkətlərinin tikdikləri göydələnlərdə bir mənzili 6-7 adama satmağınızdanmı?
Deyək ki, bərpa etdiniz Üzeyir bəyin musiqisini? Bəs sözlərinə açılışından bir-iki ay sonra çat verən körpülərə milyonları şıtır-şıtır saydığınızı da yazacaqsınızmı? Küçələrini, meydanlarını insanların üzünə qapadığınızı, iki-bir, üç-bir gəzən hər kəsi “iğtişaşçı” deyib damladığınızı yazacaqsınızmı?
“Azadlıq” qışqırdı deyə qollarını burub polis maşınına basdığınız beş yaşlı qızcığazın fəryadını necə, yaza biləcəksinizmi?
Nə yazacaqsınız o himnin sözlərinə?
Korrupsiya fışqıran musiqili fontanlarınızımı?
Bayrağı sevə-sevə yox, büdcəni sökə-sökə ucaltdığınız ən uzun bayraq dirəyinizimi?
Cocuqların yatağına ac girdiyi bir şəhəri mənasız, düşük “Gül bayramları” ilə süsləməyinizi, millətin ətək-ətək pulunu töküb lazımsız Heydər Əliyev mərkəzləri, muzeyləri, heykəlləri ilə bəzəməyinizimi?
Bu ölkənin qız-gəlinləri bir tikə çörək üçün Dubayda bədənini satmağa məcbur və məhkumkən sizin burda milyardların başına daş salaraq Bakıdan “yeni Dubay” düzəltmək istəməyinizimi?
Və bütün bu milyardların fonunda Bakının beynəlxalq reytinq cədvəllərində “Dünyanın ən çirkli şəhəri” elan edilməsinimi?
***
Adam bir az utanar. Azərbaycanın onca dərdləri, problemləri, ağrıları varkən dilini dinməz yerinə qoyub “soyadların milliləşdirilməsi” kimi sonuncu dərəcəli məsələlərin arxasında gizlənərkən də, Bakının bunca bərbad, bəlalı durumunda “Bakının himni olsun” kimi ən mənasız mövzunun arxasına sığınmağa çalışarkən də bir az utanmalıdır adam.
Millətdən utanmalıdır. Onun haqsızlıqdan, hüquqsuzluqdan, köləlikdən, aclıqdan, işsizlikdən param-parça olmuş, qırışmış, hüznə, kədərə təslim olmuş üzündən, gözlərindən utanmalıdır.
***
Amma illah ki, Bakının himni olacaq deyirsinizsə, neynək, etiraz etmirik, olsun.
Bir şərtlə: Üzeyir bəyin musiqisini boş verin, olacaqsa Bakının himni elə “Can-cana” olsun:
Can canadır, can-cana,
Yaxşı toy tuturuq Azərbaycana!