Dünya Qəzzafinin son təsvirlərilə yaşayır. Amma bu simptomu da aşmaq və gələcək haqda düşünmək lazımdır. Indi Liviyada əsas məsələ odur ki, görən qiyamçılar silahı yerə qoyacaqlarmı?.. Bu ölkə 42 il Qəzzafi, ondan da əvvəl isə krallıq dövrünü yaşayıb. Demokratiya institutları və həm də elə vərdişlər yox dərəcəsindədir. Bunun müqabilində isə hələ də özünü saxlayan tayfalar var. Sonuncu bir institut kimi ölkədə ən güclü strukturdur. Nizamsız silahlı birləşmələrdən vahid dövlət strukturlarına doğru addımlamaq – əsas vəzifə bu olmalıdır. Əks təqdirdə bu ölkə də Əfqanıstan sindromunu yaşaya bilər. Elə vəziyyət yaranır ki, insan döyüşməkdən başqa heç nə bacarmır, seçkiyə inanmır, səs verməyi lazım bilmir və qanuna tabe olmur – Allah bundan hifz etsin.
Lakin indi Liviyaya diqqət böyükdür, həm də o, Avropadan o qədər də uzaqda deyil. Ərəb ölkələrində bir siyasi sinxronluq olur. Bu, elə əvvəllər də olub, yəqin bundan sonra da olacaq. Amma mən bütün bunlardanca savayı başqa bir məsələ haqda düşünürəm. Qəzzafi özünəməxsus sosializm tipi və modeli yaratmışdı. Hər halda, sosializmin gözdən düşməsində onun da payı və rolu var. Bəlkə də demək olar ki, sosializmin daha bir qalası çökdü. Mən bunları ironiya üçün demirəm. Sosializm bəlkə də ən yazıq ideyalardan biri oldu. Onu bir model kimi götürənlər elə bir ideya kimi də onun axırına çıxıb məhv etdilər. Almanlar həmişə Rusiyanı qınayırdı ki, sosializm əsl Prussiya ideyasıdır, ruslar hansı haqla onu özününküləşdirirlər? Lakin sosializm özünü başqa cür adlandıran siyasi sistemlərdə yaşadı. Bəli, sosializm o şeydir ki, indi o, bir çox Avropa ölkələrində, hətta ABŞ-da yaşayır. Bu günlərdə tanış bir amerikalı deyəndə ki, ABŞ indi sosializmdən liberal kapitalizmə keçmək istəyir, özümün nə qədər haqlı olduğumu başa düşdüm, ona görə ki, böyük böhran başlayandan mən yazıram ki, bu, Qərb sosializminin, yaxud da elə ifrat dərəcədə sosiallaşmış kapitalizmin böhranıdır. Sovetlər birliyisə sosial hüquqları sadəcə deklarasiya etmişdi, amma Qərb onlara real mahiyyət və məzmun vermişdi. Məsəl var, deyir ki, ağıllı adamlar başqalarının səhvindən öyrənir. Qərb də Rusiyada baş verənləri təkrar yaşamamaq üçün sosializm ideyalarının bir qismini sözün həqiqi mənasında əxz etmişdi. Indi sizlərə bir mühazirə demək fikrində deyiləm, çünki yazmayanlar yazanlardan çox bilir, hər halda bununla razılaşarsınız. Sadəcə, bir detalı qabartmaq istəyirəm, hə, “Yaşıl kitab” örtüldü. 42 il Qəzzafi öz kitabını oxutmağa cəhd etdi, amma bu, bir nəticə vermədi. Mənə elə gəlir ki, dünyanın ən böyük psixoloqu A.Smitin özü olub. Onun bir sözü heç yadımdan çıxmır. Hə, o yazırdı, insan elə bir məxluqdur, onun psixologiyası elə qurulub ki, o, daim özünə tərəf çəkir və ən böyük siyasət də budur ki, insanın bu eqoizmindən elə ümumi rifah üçün istifadə edəsən.
Səhv düşəndə yerimiz...
Mən Rusiya siyasətini də izləyirəm. Mənə elə gəlir ki, bu Putin də Qəzzafinin bir tayıdır. Ruslar həmişə yazırdı ki, Rusiyanın iki böyük problemi var: yollar və sərsəmlər. Amma mənə belə gəlir ki, Rusiyanın daha dəhşətli üçüncü bir problemi var: təşəbbüskar sərsəmlər… Əvvəllər Medvedevə yazığım gəlirdi. Indi isə heç özüm də bilmirəm ki, ona necə münasibət bəsləyirəm. Qəzzafini nahaq misal gətirmədim. Putinin də “ideyası” var: effektiv dövlətçilik. Ideya pis şey deyil. Amma öz ideyası olan insanlar siyasətə həmişə fəlakət gətirir.
Bethoven sərkərdə olsaydı
O gün rusların “Mədəniyyət” kanalında Bethoven haqda verilişə baxdım. Bu yadımda qaldı ki, Napoleon özünü imperator elan edəndə Bethoven bərk və dərin əsəbilik keçirir, Bonaparta həsr etdiyi simfoniyanın adını dəyişir və bir müdrik söz deyir: deməli, o da adi insan imiş, çünki adilərin fikirləşdiyindən fərqli bir şey fikirləşə bilmədi, özünü imperator elan etdi! Sonralar Bethoven Bonapart haqda söz düşəndə deyirmiş ki, təəssüf ki, musiqiçi olduğum kimi sərkərdə deyiləm… Bu münasibət mənə çox maraqlı göründü. Ağlıma gəldi ki, diktator və tiran olmaq elə bir ağıl tələb etmir…