Hakimiyyətin əlinə oynayanlar Milli Şuraya hücumla nəyə nail olmaq istəyirlər?
“Niyə bəs böylə bərəldirsən, a qare, gözünü?
Yoxsa bu ayinədə əyri görürsən özünü?”
Yaxşı ki, Milli Şuranın sədri Cəmil Həsənli təxmin etdiyi deputat siyahısını yaydı və qurumun üzvü Gültəkin Hacıbəyli bu mövzuda bəzi qeydlərini paylaşdı. “Gedib, hakimiyyəti rüsvay edəcəyik” arqumenti ilə seçkiyə qatılanlar dərhal danışmağa başladı. Yoxsa adamların seçkidə iştirak etdikləri də az qala yada düşməyəcəkdi. Söhbət əlbəttə ki, Müsavatdan, partiyanın “qırğı” funksionerlərindən gedir.
Əvvəlcə Cəmil bəyi hədəf aldılar. Dərdləri də bu idi ki, Cəmil bəy niyə deputat təyin olunacağını təxmin etdiyi adamların adını dairələr üzrə siyahılaşdıraraq yayıb. Açığı Müsavatçıların bundan niyə bu qədər əsəbiləşdikləri anlaşılan olmadı – axı siyahıda Müsavatın namizədlərindən kiminsə adı yox idi ki, işdi, deputat mandatı ala bilsə, onun da əvvəlcədən təyin olunduğu rəyi yaransın. Bəlkə ondan pəjmürdə olublar ki, birdən Prezident Administrasiyasında acığa düşüb təyinatları elə Cəmil bəyin siyahısı üzrə edərlər və bunların bütün ümidləri düşər suya?!
Əlbəttə, bunlar məsələyə bir qədər ironik yanaşmadır. Müsavatçıların komik durumuna elə bu cür də yanaşma olar, əslində. Adamlar Cəmil Həsənlinin siyahısına elə hiddətləndilər ki, sanki nəticəsi əvvəlcədən bəlli seçkiyə getdiklərini cəmiyyət bu siyahı olmadan fərq etməyəcəkdi. Cəmil Həsənlinin siyahısı təbii ki, hakimiyyəti vurur. Müsavat funksionerlərinin ona o sayaq ağrılı reaksiyası isə bu partiyanı aparıb hakimiyyətin böyründə möhkəmləndirir. Cəmil bəyə hücum çəkənlər heç olmasa bunu anlamalıydılar. Amma yox, seçkini boykotla onları rüsvayçılıq yolunda tənha saxlayan Milli Şuraya nifrət Müsavatçıların gözünü bunu nəzərə ala bilməyəcək qədər örtüb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliyə hücumlar da eyni nifrətlə körüklənib. Səbəb isə Gültəkin xanımın Cəmil Həsənliyə olan haqsız hücumları tənqid etməsi və seçkiyə qatılanların arqumentlərini çilikləməsidir. Gültəkin Hacıbəyli Milli Şura sədrini siyahısına görə etikadan kənar şəkildə hədəf almağa irad tutub və suallar verib ki, təbliğat-təşviqat imkanlarının sıfıra endirilidiyi, namizədlərə efirin verilmədiyi, xalqın ən aşağı həddə belə inam-etibar etmədiyi, hətta beynəlxalq birliyin də (ATƏT və Avropa Birliyi qismində) boykot etdiyi, nəticəsi əvvəlcədən bəlli seçkiyə qatılmaq saxtakarlığa legitimlik qazandırmaqdan başqa hansı anlama gəlir?
Müsavatın “qırğıları” suala cavab verə bilməyib. Əvəzində Gültəkin Hacıbəylinin şəxsinə hücum çəkib. Tutarqaları da Gültəkin Hacıbəylinin vaxtilə Milli Məclisdə təmsil olunması və hökumətin mövqelərini müdafiə etməsidir. Gültəkin Hacıbəyli bu “ittihama” daha neçə dəfə cavab verməlidir ki, onun kəsərdən düşdüyünü Müsavatdakılar da anlasın, bilmirik. Bildiyimiz odur ki, hökumətin səhv mövqedə olduğu qənaətinə gəlib, ona qarşı prinsipial müxalifət mövqeyi tutmaq yox, özünə müxalifət deyib, səhv də yox, günahlar içində boğulan hökumətin mövqelərini möhkəmləndirən addımlar atmaq qınanmalıdır.
Əgər Gültəkin Hacıbəylinin bir vaxtlar bu hakimiyyəti müdafiə etməsi onun indiki gerçək müxalifətçiliyini şübhə altına almağa əsas verirsə, Müsavat “qırğıları” deyə bilərlərmi ki, Heydər Əliyevin müşaviri olmuş və yalnız ona şamil edilən bir maddə ilə işdən çıxarılan Qabil Hüseynli (yeri gəlmişkən, o, indi köhnə mövqelərinə qayıdıb) onların partiyasında illərlə rəhbərlikdə necə təmsil olunub? Izah edə bilərlərmi ki, Heydər Əliyev hakimiyyətində spiker olmuş Rəsul Quliyevi 2003-cü ildə nə əcəb hətta baş nazirliyə də layiq bilirdilər? Cavab verə bilərlərmi ki, Ramiz Mehdiyevdən təlimat, Ilham Əliyevdən medal alan bir baş redaktorla bağlarını niyə hələ də qopara bilmirlər? Partiyalarının rəhbərliyində olan bir hüquq müdafiəçinin hakimiyyət üçün piar təşkil edənlər sırasında yer almasına necə, aydınlıq gətirə bilərlərmi?
Belə sualların sayını artırmaq da olar, amma indi cavab axtarılası bunlar deyil. Odur ki, Müsavat seçkiyə hakimiyyəti ifşa etmək, onunla mübarizə örnəkləri yaratmaq üçün qatılıbsa, bəs cəmiyyət bunları nə zaman görəcək? 21 günlük təbliğat-təşviqat dövrünün 1 həftəsi artıq geridə qalıb. Amma Müsavatçılar yalnız facebook profillərindən gah seçki mühitinin olmadığı haqda giley-güzarla, gah da bu şəraitdə seçkiyə qatılmağın yanlış olduğunu deyənlərə çımxırmaqla boylanırlar. Deyəsən, adamlar istəyirlər ki, cəmiyyətdə əzabkeş kimi görünsünlər, amma iztirab çəkməsinlər. Onların rola girdiyini də kənardan kimsə deməsin. Ilham Əliyevin, onun hökumətinin, lap elə özlərinə rəqib olan hakimiyyət namizədlərinin ünvanına bir kəlmə də deyib-yazmayan Müsavat funksionerləri Cəmil Həsənlini, Gültəkin Hacıbəylini belə bir “ülvi məqsədlə” tənqid atəşinə tutublar. Onlardan biri isə necə deyərlər, lap gül vurub – Gültəkin Hacıbəylinin ad çəkmədən ona tutduğu irada təxminən belə bir “düzəliş” verib ki, o, “Cəmil müəllimə ayıb olsun” yox, “eyibdir, Cəmil müəllim, insanları ələ salmayın” yazıb. Buna deyərlər üzrü günahından betər. Bu Müsavat “qırğısı”nın anlamında Ilham Əliyev hakimiyyətinin ifşa olunması insanları ələ salmaqmış. Daha sözümüz yoxdur.
Alı Rza