«Financial Times» silahlı qruplaşmanın maliyyə qaynaqlarını araşdırıb
«Qərb İŞİD-in gücünü düzgün qiymətləndirə bilməyib»
Dünyanın heç bir ölkəsinin açıq şəkildə dəstək vermədiyi, bir çox aparıcı dövlətin terror təşkilatı kimi qəbul etdiyi və savaşdığı İŞİD bütün bunlara baxmayaraq, dirəniş göstərir, sıralarını genişləndirir və aylardır medianın gündəmini zəbt etməyi bacarır. Bəs, bütün bunlar üçün İŞİD maddi dəstəyi haradan alır? Milyonlar hesabına başa gələn silahlar, hərbi texnika, canlı qüvvə, bu qüvvələrin qida, geyim, maaş və digər ehtiyacları hansı pullar hesabına təmin olunur?
“Rusiyanın hava zərbələri İŞİD-dən yan keçir”
Britaniyanın nüfuzlu “The Financial Times” nəşri son sayında İŞİD-in maliyyə qaynaqlarını araşdırmağa çalışıb. Qəzet məqalənin əvvəlində Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına toxunaraq yazır ki, cihadçıların neft satışından bir ilə nə az, nə çox 500 milyon dollar qazandığı bir vaxtda Rusiyanın hava zərbələri onların yanından ötüb keçir.
Müəllif bununla Rusiyanın aviazərbələrinin İŞİD-i hədəf almadığı ilə bağlı ABŞ və digər Avropa ölkələrinin iddialarını təkrarlamış olub.
Qayıdaq, bir təşkilat üçün fantastik məbləğ sayılacaq 500 milyon dollara. Bu vaxta qədərki məlumatlarda İŞİD-in qeyri-qanuni neft ticarətindən hər ay təxminən 3 milyon dollar qazandığı bildirilirdi. “The Financial Times”ın üzə çıxardığı rəqəmlər isə bu məbləğin dəfələrlə çox olduğunu ortaya qoyur. Qəzet bu statistikanı özünün apardığı araşdırmalar ilə əldə etdiyini diqqətə çatdırır.
Hər gün 40 min barrel neft…
Müəllif yazır ki, bu günə qədər İŞİD-ə 10 min 600-dən artıq hava zərbəsi endirilib. Bütün bunlara duruş gətirən qruplaşma hərbi gücünü və büdcəsini daha da artırıb: “İŞİD-in dirənişi və ABŞ-ın səmərə verməyən hərbi müdaxiləsi Rusiyaya Suriyada hərəkətə keçmək üçün bəhanə yaratdı.
Neft və neft məhsullarının satışı İŞİD-in əsas gəlir mənbəyidir. Bununla yanaşı, ələ keçirilən əsirlərin müqabilində tələb olunan böyük pullar, oğurlanan qədim əşyaların satışı da gəlir gətirir. Amma neft qədər yox.
Araşdırmalar göstərir ki, Suriya və Iraqda İŞİD-in nəzarətində olan yataqlardan hər gün 34-40 min barrel neft əldə olunur. Bu da gün ərzində 1,5 milyon dollar vəsait deməkdir. Bu rəqəmi xarici ölkələrin kəşfiyyat xidmətlərinin ekspertləri də təsdiqləyir”.
İŞİD-in “Əl-Qaidə”dən əsas fərqi nədir?
Koalisiya qüvvələrinin bombardmanlarına baxmayaraq, İŞİD-in bu mənbələr üzərində nəzarəti necə saxladığına gəlincə, qəzet yazır: “İŞİD-in nəzarətində olan neft yataqları və neft emal edən müəssisələr mütəmadi olaraq bombalanır. Artıq cihadçılar buna uyğunlaşıblar. Və itkilərin yerini dərhal doldururlar”.
“The Financial Times”ın fikrincə, Qərb İŞİD-in gücünü düzgün qyimətləndirə bilməyib: “Əl-Qaidə”dən fərqli olaraq İŞİD xaricdəki gizli maliyyə mənbələrinə ehtiyac duymur. Bu qruplaşma öz büdcəsi ilə müstəqil şəkildə mövcud ola və fəaliyyət göstərə bilir. İŞİD-in yüzlərlə müəssisəsi var. Müəssisələrdəki işçilərin əksəriyyətinin bu qruplaşmaya aidiyyəti yoxdur. Neftin daşınması çox vaxt yerli sakinlərə həvalə olunur. Ona görə müttəfiqlər çox vaxt daşıyıcıları bombalamırlar”.
İŞİD həm də inhisarçıdır
“Financial Times”a görə, İŞİD tutduğu ərazilərdə inhisarçı mövqeyə sahibdir və özünün neft müəssisələrinə böyük pullar müqabilində peşəkar mütəxəssislər cəlb edir: “İŞİD-in ərsəyə gətirdiyi benzini və dizel yanacağını Suriyanın şimal regionlarındakı qruplaşmalar da alırlar. Onlar formal olaraq İŞİD-lə düşmənçilik edirlər. Lakin faktiki olaraq onlar da, yerli sakinlər də yanacaq məsələsində cihadçılardan tam asılı vəziyyətdədilər”.
Qəzetin fikrincə, hazırda koalisiya İŞİD-in neft hesabına çiçəklənməsinin qarşısını almağın yollarını axtarır. Variantlar arasında İŞİD-ə bağlı olmayan qruplaşmalara daha ucuz qiymətə yanacaq təklif etmək və onları cihadçıların asılılığndan xilas etmək də var.
“Financial Times” onu da xatırladır ki, İŞİD reketçilik, şantac, insan oğurluğu kimi əyri yollarla da gəlir əldə edir. Bütün bunlarla yanaşı, İŞİD nəzarət etdiyi ərazilərdə ticarət obyektlərindən qanunsuz olaraq aylıq vergi də toplayır.
Gültəkin