Müstəqilliyin 20 ilini arxada qoyduq. Çox ağır illəri. Lakin dövlət müstəqilliyimizi xalqımızın burnundan gətirən bir rejimin ömrü çox uzanmayacaq. Nə qədər çalışsalar da, artıq boyları uzanan deyil. Bəlli dövrdən sonra insanın boyunun uzanması dayandığı kimi, bu hakimiyyətin də boyu uzanmayacaq. Indi onlar tarixə dirəniş göstərib ömürlərini uzatmağa çalışır. Biz isə nəticədə mənən köhnəlmiş, vaxtı keçmiş bir rejimlə yaşamaqda davam edirik. Amma hər addımda bu hakimiyyətin əleyhinə yeni bir dəlil yaranır, yaxud indiyədək mövcud olan dəlil daha da güclənir. Əvvəllər xeyirlərinə işləyən addımları da indi bu hakimiyyətin öz əleyhinə işləyir. Məsələn, ötən illərdə müstəqilliyə xidmət etmiş adamları kənarda qoyub, müstəqilliyin əleyhinə olmuş adamları mükafatlandıranda deyirdilər ki, görürsünüz, bu hakimiyyət nə qədər güclüdür, istədiyini edə bilir. Amma indi deyirlər ki, bu qədər də ağ olmaz! Biabırçılıqdır, bu müstəqilliyin barını siz yeyirsiniz axı!
Bu hakimiyyət ilkindən bir neçə məsələdə səhvə yol verdi.
Birincisi, inanırdılar ki, tarixə kələk gələcəklər…
Ikincisi, düşünürdülər ki, Azərbaycanın Avropa məkanında olması sadəcə sözdür…Üçüncüsü, elə bilirlər ki, bir dəfə meydana çıxan xalq bir daha çıxmaz…Bu səhvləri siyasi hakimiyyətin təmsilçiləri nə qədər tez anlasalar yaxşıdır. 20 illiyin yekunu bunu deyir.
Bu 20 ildə müstəqilliyin səfasını görməyib, cəfasını çəkən xalqımızdan hətta müstəqilliyin əleyhinə də şikayətlər eşitmişik. Məncə bunlar ritorik şikayətlərdir və heç vaxt ölkəmizin azadlığını istəməməkdən doğmur. Bu şikayətlər müstəqilliyə qarşı deyil, onun bəhrəsini görməyə qoymayan siyasi rejimə qarşıdır. O deməkdir ki, siz etdikləriniz insanları müqəddəs dəyərlərdən də döndərir. Bu bayramdakı müşahidələr də göstərdi ki, insanlar, xüsusən də gənclik heç nəyə baxmayaraq istiqlalımızın dəyərini bilir, onun sevincini paylaşır. Deməli, bu ölkənin xoş gələcəyinə inanmaq olar. Müstəqilliyin qədrini bilən gənclik azadlığı da gətirəcək bu ölkəyə. Onda istiqlalımız tamamlanacaq, biz bütün haqlarımızın sahibi olacağıq…
Amma bir anlığa dayanın. Sizə elə gəlməsin ki, indi müstəqilliyə təhlükə yoxdur və problemlərimiz yalnız azad cəmiyyət qurmaqdır. Belə düşünürsünüzsə, yanılırsınız. Budur, Vladimir Putin prezidentlik kürsüsünə yeni və təhlükəli layihə ilə qayıtmağa qərar verib. O, nüvəsi Rusiya-Belarus-Qazaxıstan Vahid Iqtisadi Məkanı olan və indiki MDB üzərində qurulacaq Avrasiya Birliyi yaratmaq istəyir. Putin açıq deyir ki, yeni birlik postsovet məkanının bütün dövlətləri üçün tarixi hadisəyə çevriləcək. Açıq görünür ki, o, yeni imperiya iştahasına düşüb. Nə qədər inanılmaz və uğursuz görünsə də, təhlükəli cəhddir. Azərbaycana yeni baş ağrıları gətirən bir layihədir. Ölkəmizin əsl problemi isə odur ki, onun xalqdan dayağı olan hakimiyyəti yoxdur. Belə hakimiyyəti hər işə çəkə bilərlər. Belə hakimiyyətlər bəzən xarici güclərdən tam asılı vəziyyətə düşür. Deməli, təhlükələr hələ bitməyib. Xalqın öz iradəsi ilə qurulan, xalqdan dayağı olan və ona xidmət edən idarəçiliyimiz olmayınca, təhlükələri bitmiş saymaq olmaz.
Bu hakimiyyətin mahiyyəti – ölkədə demokratiyanın olmaması, azadlıqların boğulması, xalqın seçmək hüququnun qəsb edilməsi müstəqilliyə də böyük təhlükədir. Onu natamam və zəif edir. Təhlükə böyük olmasa da, var. Gələcəyə nə qədər ümidli və arxayın olsaq da, bunu unutmamalıyıq.
***
Müstəqillik yubileyinin ən təsirli təbrikini həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevdən aldım. Mənimsə onu və həbsdən olan digər azadlıq mübarizlərini təbrik etmək heç ağlıma gəlməmişdi. Çox təşəkkür edirəm. Həbsdə olan siyasi məhbuslardan biri – Arif Hacıyev hətta müstəqillik aktına səs verənlərdəndir. Bu bayramda Nemət Pənahlının da həbsdə olması acıdır. Amma həbsdəkilərin də bayram ovqatında olması çox əhəmiyyətlidir. Deməli, bütün təhlükələri aşa biləcəyik. Niyə də aşmayaq! Istiqlal və Azadlıq bir pafos deyil, bizim də sadəcə yaşamaq haqqımızdır.