Əgər rüşvət və korrupsiya cinayərtləri açılıbsa, cinayətkarlar niyə iş başındadı?
Prokurorluq əməkdaşlarının peşə bayramı günü baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində geniş məqalə ilə çıxış edib. Məqalədə bir sıra maraqlı statistik rəqəmlər açıqlayan Z.Qaralov vurğulayıb ki, cinayətlərin açılma faizi sürətlə artıb.
Zakir Qaralovun statistik rəqəmlərinə keçməzdən əvvəl qeyd edək ki, baş prokuror məlum məqalədə intiharların sayının artmasını etiraf edib. Özündə cəsarət tapıb bunu etiraf etsə də, intiharların yaranma səbəblərini dilə gətirə bilməyib. Çünki, intiharların əksəriyyəti kredit borcları, məmur özbaşınalığı, aidiyyatı strukturların biganəliyi ilə bağlıdır. Bu işlər üzrə isə hələ heç kim cəzalandırılmayıb. Hansısa müxalifətçini saxta “intihar həddinə çatdırma” maddəsiylə dərhal həbs edən hüquq mühafizə orqanlarımız, həqiqi intihar həddinə çatdıranların qarşısında muma dönüb.
Qayıdaq, baş prokurorun məqalədə yazdıqlarına: “2014-cü ilin birinci yarımilində ölkə üzrə cəmi qeydiyyata alınmış cinayətlərin 80,1 faizinin açılması təmin olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm 84,8 olub. Xüsusilə ağır cinayətlər üzrə bu rəqəm 94,9-dan 97,5-ə, ağır cinayətlər üzrə 83,3-dən 85,8-ə, az ağır cinayətlər üzrə 90,5-dən 92,8-ə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə isə 79,9-dan 96,8-ə yüksəlib. Qəsdən adam öldürmə cinayətlərinin açılma faizi ötən ilin birinci yarımilində 86 olduğu halda bu il 92,8 olub, rüşvət cinayətləri üzrə isə bu rəqəm 83,3-dən 100-ə yüksəlib” – deyə Zakir Qaralov bildirib.
Z.Qaralov bundan başqa bildirib ki, Azərbaycanda 22 korrupsioner elə cinayət başında yaxalanıb. Bütün rüşvət cinayətlərinin üstü açılıb.
Çox maraqlı statistikadır. Nə hikmətdirsə, bütün rüşvət cinayətlərinin üstü açılır, ağır cinayətlərin açılma faizi 90-ı keçir, amma 1 nəfər də olsa iri məmurun həbsi xəbərini eşitmirik. Çünki, bu ölkədə vəzifə səlahiyyətlərindən sui-istifadə edib milyardlar qazananlar, ölkəni şəxsi obyektinə çevirənlər, korrupsiyanı çiçəkləndirənlər hələ də iş başındadır. Yaxud, sahibkarlardan qeyri-rəsmi ödəniş tələb edənlər, ölkəyə daxil olan məhsulları 10 qat baha qiymətə vətəndaşa satanlar cəzalandırılmır, beynəlxalq araşdırmaçı jurnalistlər tərəfindən hökumətin başında oturanların korrupsiya cinayətləri ortaya çıxarılır və bu adamlar haqqında ölçü götürülmür. Binəqədidə 15 insanın ölümü ilə nəticələnən yanğın hadisəsinə görə məsuliyyət daşıyanlar azadlıqda gəzir.
Belə olan halda açılan cinayətlər hansılardı, həbs olunan cinayətkarlar kimlərdi? Əgər prokurorumuz dükandan “bakuş” oğurlayanları, kənddə qonşunun toyuğunu oğurlayıb satanları nəzərdə tutursa, bunu açıq şəkildə söyləsin. Bəlkə “cinayətlərin üstü açılıb” deyəndə, 100-ə yaxın günahsız insanın “siyasi məhbus”a çevrilməsini nəzərdə tutur?
Demək istəyirik ki, baş prokurorumuzun səsləndirdiyi rəqəmlər daha çox korrupsiyanın miqyasının artmasına, qanunsuzluğun, cinayətkarlığın yüksəlməsinə uyğun gəlir. Əgər prokurorluq korrupsionerləri həqiqətən də cinayət başında yaxalamağa qadirdirsə, cinayətkarlar hələ də iş başındadır.
Samir