İqtidar təkcə XIN-də deyil, başqa dövlət qurumlarında da «qiyamçıların» olduğunu düşünür
“Əgər sən bu sahədə sonadək çalışa bilməyəcəksənsə, o zaman əvvəlcədən diplomat peşəsindən vaz keç. Ümumiyyətlə, hər bir diplomat xüsusi xidmət orqanlarında olduğu kimi sirr saxlamağı, nə danışmağı bacarmalıdır”.
Bu sözləri deputat Zahid Oruc Milli Məclisin 30 sentyabrda keçirilən iclasında “Diplomatik xidmət haqqında” Qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. O, çıxışı zamanı bəzi diplomatların xarici dairələr tərəfindən ələ alındığını iddia edib. Zahid Oruc daha sonra bildirib: “Diplomatlar öz işlərində məsuliyyətli olmalıdır. Necə ki, kəşfiyyat orqanlarında çalışanların sabiqi olmursa, mən hesab edirəm ki, bu, diplomatik sahədə çalışanlar üçün də eynidir”.
Deputatın çıxışına spiker Oqtay Əsədovun reaksiyası maraqlı olub: “Ay Zahid Oruc, sən Xarici Işlər Nazirliyini Kəşfiyyat Nazirliyinə çevirmək istəyirsən? Bu, təkcə Xarici Işlər Nazirliyində deyil. Hər yerdə nanəciblər var”.
Qeyd edək ki, Avropa Şurasında Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqaldan sonra hakimiyyətdə ciddi narahatlıq yaranıb. Arif Məmmədov Azadlıq prospektində 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsi barədə “Facebook” səhifəsində məmurları sərt tənqid etmişdi. Bundan sonra hakimiyyət düşərgəsindən ona qarşı hücum başlandı. Arif Məmmədovun bu addımı qiyam kimi qiymətləndirildi. Bundan sonra Arif Məmmədov hakimiyyətin ünvanına kəskin ittihamlar səsləndirdi. Bu qalmaqal bitməmiş Azərbaycanın Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov Xarici Işlər Nazirliyini (XIN) sərt tənqid etdi.
“Diplomatik Xidmət Haqqında” Qanuna dəyişiklik də məhz diplomatların bir-bir hökumətə asi çıxmalarına görə zərurətə çevrilib. Və müşahidələr göstərir ki, hakimiyyət təkcə XIN-dən narahat deyil. Iqtidarın zirvəsində başqa dövlət qurumlarından da belə asilərin çıxacağından ehtiyat edirlər. Oqtay Əsədovun Zahid Oruca “Nanəciblər hər yerdə var” cavabı hakimiyyətdə belə bir narahatlığın olmasından irəli gəlir.