Siyavuş Novruzov bu dəfə də YAP-ı zərbə altına qoydu
Azərbaycan hakimiyyətinin AXCP-nin qurultayına isterik reaksiyaları davam edir. AXCP-yə davamlı basqılardan sonra qurultayın yüksək səviyyədə keçiriləcəyini gözləməyə iqtidar bu tədbiri gözdən salmaq üçün ən müxtəlif iddialar səsləndirirlər.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov srağagün tənqid üçün heç bir əsas tapmadığına görə AXCP sədri Əli Kərimlini hədəfə almışdı. Siyavuş Novruzov isterik reaksiyası ilə ölkə başçısı Ilham Əliyevi çətin vəziyyətdə qoymuşdu. Məsələn, Siyavuş Novruzov iddia etmişdi ki, Əli Kərimlinin çıxışında Azərbaycan iqtisadiyyatının neftdən asılılığı barədə fikirləri əsassızdır. Bu halda YAP-çı deputat 2016-cı ilin dövlət büdcəsinin 2015-ci ilə nisbətdə manatla ifadə etsək 5 milyard, dollarla ifadə etsək 11 milyard azaldılmasının səbəblərini açıqlasın. Siyavuş Novruzov izah etsin görək niyə hökumət neft ucuzlaşandan sonra büdcəni bu qədər azaltdı?
Siyavuş Novruzov daha sonra Əli Kərimlini korrupsiyada ittiham etmişdi. AXCP sədrinin Londondakı “villaları”ndan danışıb. Amma təbii ki, ortaya fakt qoymayıb. Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri barədə isə yüzlərlə fakt var. 48 milyardın ofşorlara daşınması, “mandat alveri”, məmurların saysız-hesabsız villaları, Ilham Əliyevin oğlunun Dubaydakı dəbdəbəli imarətləri haqqında nəinki yerli, hətta beynəlxalq mediada da dəfələrlə yazılıb. Bu iddialar sənədlərlə sübuta yetirilib. Hakimiyyət hələ də araşdırmaçı jurnalist Xədicə Ismayılının araşdırmalarını təkzib edə bilməyib. Elə buna görə də onu şərləyərək həbs etdirib.
Siyavuş Novruzov Əli Kərimlinin hərbi xidmətdə olmadığını da bildirmişdi. YAP-ın icra katibinin müavini bir dəfə də bu iddianı səsləndirmişdi. O zaman Əli Kərimlinin hərbi xidmətdə olması barədə mətbuatda faktlarla materiallar dərc olundu və Ilham Əliyevin hərbi xidmətdə olub-olmadığı barədə suallar ortaya çıxdı.
Siyavuş Novruzov növbəti açıqlaması ilə isə təmsil etdiyi partiyanı hədəfə gətirib. YAP yetkilisi iddia edib ki, AXCP-nin keçirdiyi qurultay vaxtında keçirilməyib. Sanki YAP bütün qurultaylarını vaxtında keçirib. Gəlin faktlarla danışaq. YAP 1992-ci ilin noyabrında təsis edilib. Mərhum Heydər Əliyev təsis konfrasında sədr seçilib. 1992-ci ilin dekabrında isə YAP qeydiyyata alınıb. 7 il sonra, yəni 1999-cu ildə YAP-ın birinci qurultayı keçirilib. Siyavuş Novruzov indi desin görək, nədən partiyanın qurultayı 7 il gecikib? AXCP-nin qurultayında zərrəbinlə qanunsuzluqlar axtaran YAP icra katibinin müavinin bu suala cavabı maraqlı olardı. Ümumiyyətlə isə YAP fəaliyyət göstərdiyi 23 il ərzində 5 qurultay keçirib. AXCP isə 20 il ərzində (AXC 1995-ci ildə partiyaya çevrilib) 6 qurultay keçirib. Yaxşı olardı ki, Siyavuş Novruzov bu məsələlərə aydınlıq gətirərdi.