General oğluna qarşı mülayim olan qanun müxalifət fəallarına qarşı niyə sərtdir?
Hakimiyyət bir qayda olaraq beynəlxalq təşkilatları, Qərb ölkələrini ikili standartlarda, qərəzdə, Azərbaycana qarşı fərqli mövqe tutmaqda ittiham edir. Təbii ki, bu ittihamların səbəbləri aydındır və hakimiyyət demokratiyadan qaçmaq üçün belə “sığınacaq”lar tapır. Hətta hökumət təmsilçiləri ABŞ-da qaradərililərin öldürülməsini, Avropada miqrantlara qarşı kobud davranıldığını da hər məqamda təkrarlayırlar.
Amma gəlin elə düşünək ki, hakimiyyət haqlıdır. Doğrudan da beynəlxalq təşkilatlar, Qərb ölkələri bizim məsum hakimiyyətə ləkə atır, ikili standartlardan çıxış edir, qərəz nümayiş etdirir, qaradərililəri öldürürlər və s.
O zaman sual meydana çıxır. Əgər ikili standartlar, qərəz bu qədər iyrənc, ləyaqətsiz əməldirsə, hakimiyyət niyə öz vətəndaşına qarşı ikili standartlar, qərəz nümayiş etdirir?ÿ Beynəlxalq təşkilatların qərəzini başa düşmək olar. Dilimiz, dinimiz, ölkəmiz ayrıdı. Amma bu hakimiyyətin ikili standartları birbaşa xəyanət, cinayət deməkdi.
Məsələn, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində DIN-in Insan Alverinə Qarşı Mübarizə Idarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin işi üzrə məhkəmə prosesi keçirildi. Prosesdə hökm oxundu və Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olundu, o, məhkəmə zalından azadlığa buraxıldı. Xatırladaq ki, T.Əsədullayev Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı “Senator” restoranında dava-dalaş salmaqda və həmin insident zamanı bir nəfəri bıçaqlamaqda ittiham olunurdu.
Bugünlərdə isə Tamerlan Əsədullayevin törətdiyi cinayətin görüntüləri yayıldı. Sosial şəbəkələrdə, müxtəlif saytlarda bu görüntülər nümayiş etdirildi və günün əsas mövzusuna çevrildi. Görüntülərdən də aydın sezilir ki, cinayət məqsədli şəkildə törədilib, hər hansı affekt vəziyyətindən söhbət gedə bilməz.
Üstəlik, bu, general Əsədullayevin oğlunun adı qarışan ilk qalmaqal deyildi. Ötən ilin may ayında Bakıda Tamerlan Əsədullayev və dostları polisləri döydüyünüə görə gündəmə gəlmişdi.
Biz, kiminsə həbs olunmasının, zindan həyatı yaşamasının tərəfdarı deyilik. Hansısa general oğlunun həbsdə qalıb-qalmamasının bizə xeyir və zərəri yoxdur. Sadəcə olaraqÿ bilmək istəyirik ki, “ikili standartlar” deyib şüvən salan, dünyanı qərəzdə ittiham edən hökumət özü niyə ayrı-seçkiliklə məşğul olur? Qaradərililərin öldürülməsindən dəm vuranlar, ölkəni niyə “ağlar və qaralara” bölürlər?
Necə olur ki, küçədə bir nəfərə şillə vurmaqda ittiham olunan Seymur Həziyə 5 il 6 ay həbs cəzası verilir,ÿ vətəndaşı bıçaqlayan general oğlu azadlıqda gəzir? Necə olur ki, 1 milyonluq mandat alverində ittiham olunan Gülər Əhmədova 3 il həbs cəzası alır və 1 ildən sonra azadlığa çıxır, amma ortada heç bir zərərçəkən olmadığı halda Qarabağ qazisi Asif Yusifli 7 il həbs cəzası alır? Necə olur ki,ÿ milyonlarla vergi borcu olan iri şirkət rəhbərləri azadlıqda gəzir, amma “vergidən yayınma”da ittiham olunan Leyla Yunus, Intiqam Əliyev, Anar Məmmədli və digərləri ən ağır cəzaya məhkum edilir? Necə olur ki, zərərçəkmişin, şikayətçinin olmadığı halda Cəmil Həsənlinin qızına qarşı əsassız məhkəmə hökmləri peyda olur?
Bu necə hüquqdur, qanundur, məhkəmədir ki, vəzifəli adamlara, hökumətdə təmsil olunanlara humanist, kasıb-kusuba, haqqının tələb edənə, müxalifət fəalına qarşıÿ qəddar olur? Azərbaycan hakimiyyətinin humanistliyi adam bıçaqlayanı həbsdən azad edib, adamları sevənləri həbsə salmaqdan ibarətdir.
Əslində hakimiyyətin “humanist”liyinə yüzlərlə nümunə göstərmək olar. Amma 1-2 fakt da kifayət edir ki, qərəzin, ikili standartların zirvəsində məhz hakimiyyətin oturduğu sübut olunsun. Bu faktlar da göstərir ki, hakimiyyət öz vətəndaşına qarşı acımasızdır, sadə insanların taleyi bunlar üçün önəm daşımır və qanun adı altında insanların həyatını zəhərləməklə məşğuldular.
Ona görə də bu hakimiyyətin dünyanı ikili standartlarda, qərəzdə suçlaması ikrahla qarşılanır. Əslində hakimiyyət günahsızları cəzalandırıb, günahkarları cəzasız qoymaq üçün demokratiyadan qaçır. Deməli, dünyaya “ikili standartlar”, “ayrı-seçkilik” ittihamları yağdırmaqda məqsəd, ölkə vətəndaşına qarşı qərəzli münasibət sərgiləyə bilmək, rahat şəkildə ayrı-seçkilik etməkdi.
Akif