Putin Milli Şura üzvlərini yox, hökumət komandasını təltif edir
Azərbaycan hakimiyyəti uzun illərdi “Rusiya proyekti”, “5-ci kolon” axtarışına çıxıb. Amma hər dəfə izah edilirdi ki, Rusiyanın proyekti də, Rusiyanın Azərbaycandakı “5-ci kolon”u da bu hakimiyyətin özüdür. Çünki, bütün dönəmlərdə YAP hakimiyyəti Rusiyanın dili ilə danışıb, bütün beynəlxalq tədbirlərdə Rusiyanın lehinə səs verib. Hətta sonuncu dəfə AŞ PA-da keçirilən səsvermə zamanı da Azərbaycan nümayəndə heyəti Ukraynanın deyil, işğalçı Rusiyanın tərəfini tutdu.
Bir az keçmişə ekskurs etsək görərik ki, Azərbaycan xalqını təhqir etmiş Jirinovski də ən əziz qonaq kimi qəbul edildi. O da heç kimə sirr deyil ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağın işğalı da birbaşa Rusiyanın dirijorluğu ilə baş tutub. Bu gün də Ermənistana bütün mənalarda yardım göstərən, bu ölkənin ayaqda qalmasının səbəbi məhz Rusiyadır.
Xatırlayırsızsa, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin Milli Məclisin sədri Oqtay Əsədovu və dövlət başçısının köməkçisi Əli Həsənovu “dostluğun və əməkdaşlığın möhkəmləndirilməsinə verdikləri töhfəyə görə” “Dostluq” ordeni ilə təltif etdi. Bəli, Ermənistanın dostu olan ölkənin başçısı, Azərbaycanın iri məmurlarını dostluğa qəbul etdi.
Ötən gün isə Vladimir Putinin fərmanı ilə Azərbaycan Respublikasının baş nazirinin birinci müavini Yaqub Eyyubov “Dostluq” ordeni ilə təltif olunub.
Göründüyü kimi, hökumətin yüksək vəzifəliləri rəsmi şəkildə Rusiyanın dostu olurlar.
Bir anlıq təsəvvür edin ki, bu “dostluq” ordeniÿreal müxalifəti təmsil edən bir şəxsə verilib. O zaman nə baş verərdi? Rejim məmurları, saxta vətənpərvərlər, cib müxalifəti, adını müxalifət qoyub hakimiyyətin sözçüsü missiyasını üzərinə götürən qəzetlər hücuma keçərdi və bu şəxsi xəyanətdə ittiham edərdilər. Xatırlayırsınızsa, Rüstəm Ibrahimbəyov Milli Şuranın vahid namizədi seçiləndə hakimiyyət “Rusiya proyekti” deyib aləmə səs salmışdı. Indi isə nə hakimiyyət təmsilçilərinin, nə də saxta vətənpərvərlərin səsi çıxmır.ÿÇünki, özləri də gözəl bilirlər ki, hakimiyyətdən kənarda nə “5-ci kolon”, nə də “Rusiya proyekti” axtarmağa ehtiyac yoxdur.ÿOnsuz da bu xalqın düşmənləri ilə dost olmaq, hökumətimizin prioritet siyasətidir. Demokratiya, insan haqları ilə düşmən olanların dostu da Rusiya olmalıdır.
Bir daha xatırladırıq ki, Milli Şura yaranan gündən hakimiyyət və onun sözçüsü olmağı “şərəf” bilənlər bu qurumu “Rusiya proyekti” kimi təqdim etməyə çalışıb və bunu xəyanət kimi təqdim edib. Amma hər ötən gün məlum olur ki, hökumət öz adını özgəyə qoymağı vərdiş edib. Tendensiya göstərir ki, yaxın zamanlarda hökumət komandasında “Dostluq”suz adam qalmayacaq. Hakimiyyətə sözçülük edənlərin də ödülləndirilməsi gözləniləndir, ədalət naminə…
Bəli, hökumət demokratiya düşməni olanlarla, imperiya mahiyyətini daşıyanlarla, dünyadan təcrid olunanlarla birgə addımlayır.
Amma Putinə təşəkkür də düşür. Ona görə ki, Azərbyacan xalqına “Rusiya proyekti” olanları rəsmən göstərir, bir-bir…
Akif