elnurastanbeyli@gmail.com
Saleh Məmmədov adlı professor (müəllim həm də keçmiş maliyyə naziridir) təzəlikcə Azərbaycanın fövqəl layihələrdə iştirakı ilə bağlı təkliflər irəli sürüb, həmin təkliflərdən biri belədir: “…Pekin-Nyu-York (Rusiyadan-Kanadadan keçməklə, Berinq boğazından 200 km sualtı ilə, Alyaska-Kanada-Nyu-York yolu, uzunluğu 13000 km) sürətli dəmir yolu. Biz çalışmalıyıq ki, bu xətlərə birləşək, bunun isə ən səmərəlisi Xəzərin altından keçən yol olacaq”. Təsəvvür edirsinizmi, Pekin-Nyu-York dəmir yolu gəlib Xəzərin altından keçir! Niyə, hansı məntiqlə, bilinmir.
Belə bir təklif irəli sürmək üçün sadəcə, dünya xəritəsindən xəbərsiz olmaq lazımdır.
Bakı-Sumqayıt qatarının gedib Siyəzənə çıxdığı ölkənin professsorunun Pekin-Nyu-York dəmir yolunun Xəzərin altından çəkilməsini təklif etməsi təəccüblü deyil. Başqa bir professor aşuranın xalqın oyanışı üçün ciddi təkan ola biləcəyindən yazır, AMEA-nın elmi işçisi yerin fırlanmadığını iddia edirsə, hansısa professorun da durub bu cür təklif verməsinə təəccüblənməməliyik.
Hələ Saleh müəllimin Xəzər dənizi ilə okeanı birləşdirən və çay gəmilərinin hərəkət edə biləcəyi kanalın çəkilməsi barədə təklifi var. Özü də o bu təklifi ilk dəfə hardasa 20 il əvvəl səsləndirib, indinin özündə də təklifini təkrarlayıb durur. Mən belə bir təklifin reallaşması üçün maliyyə resurslarının olub-olmadığını, siyasi şərtlərin belə bir təşəbbüsün gerçəkləşməsinə imkan verib-verməyəcəyini bir kənara qoyuram. Yəni professor bilmir ki, Xəzər dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir, indi onu okeanla birləşdirmək Azərbaycanı suda boğmaqla nəticələnə bilər?!
Nə bilim vallah, professoru bu cür danışan bir ölkədə hələ də elmin varlığından danışanlar tapılır. Hətta ağız büzənlər var ki, niyə 2016-cı ilin büdcəsində elmin payı 1 faizə güclə çatır. Bir ölkədə ki, professor Pekin-Nyu-York dəmir yolunun çəkilməsi üçün Xəzərin altını təklif etsin, ya da Xəzər dəniz səviyyəsindən 28 metr aşağıda yerləşdiyi halda onun okeanla birləşməsini məsləhət görsün, biz o ölkədə hansı elmdən danışırıq? Elm yoxdursa, ona 1 faiz ayırmaq nəinki azdır, hətta çoxdur. Harda görülüb ki, olmayan şeyə pul ayrılsın.
Həkim səhlənkarlığa qurban gedən xəstənin ölümü haqqında deyir, “allahın işidir”.
Hakim siyasi sifarişlə, şərlənərək həbs olunan məhbusa “allah qapını açsın” deyir.
Fizik mələyin uçma sürətini hesablayır bu ölkədə, elmlər doktoru alın yazısının sirləri barədə palaz boyda məqalə yazır, bir başqa elmlər doktoru görücü Məlahət haqqında kitab bağlayır. Bu isə “dünya şöhrətli” alimimizin ona Nobel mükafatı veriləcəyi barədə gəzən söz-söhbətlərə münasibətini soruşan jurnalistə cavabıdır: “Allah qoysa, verərlər”.
Yaxşı, indi belə ölkədə elmə niyə büdcədən pul ayrılmalıdır? O pulu yeni ələmuçuranların, cinçıxaranların yetişdirilməsinə xərcləmək daha doğru, daha məntiqli olmazmı?
Bir ölkənin ki, Elmlər Akademiyasının ən böyük icadı rəqs edən Məşədi Ibad robotu düzəltmək olsun, bir ölkənin ki, Elmlər Akademiyasının institut direktoru olan professoru “Leyla Yunus kimilərini layiqli cəzalandırmaq üçün güllələnmə hökmünün bərpasını” təklif etsin, o ölkədə elmə qara qəpik ayırmasaq belə israfçılıqdır, izafi xərcdir.
Bütün bunlardan sonra hələ durub 27 dəfə həci olmuş Qalib Salahzadənin qarşıdan gələn deputatlıq seçki-şousunda namizədliyinin yenidən irəli sürülməməsinə sevinənlər, bunu yaxşılığa yozanlar da var. Guya onun yerinə seçilməyə Pyer Kürimiz, Pol Kruqmanımız, nə bilim, Emil Fişerimiz-zad var də.
Isa Qəmbərin sözü olmasın, bir ətrafımıza baxaq də, görək nə gündəyik, ondan sonra Hacı Qalibi bəyənmərik.