Yaxud «Yeni Müsavat»ın AXCP «analiz»i
Cənablar, heç olmasa ildə bir dəfə qərəzsiz yazmağa, həqiqətə tərəf çevrilməyə cəhd edin. Bunu bacarmırsızsa, heç olmasa susun. Bu qədər ifşadan, bu qədər “tərs sillə”lərdən sonra yenə də “repertuar” təzələməyə başlamısız.
Belə ki, Rauf Arifoğlunun yazarı “Əli damğalıların dağılması” başlıqlı köşə yazıb. Müəllif öz aləmində AXCP ətrafında baş verənləri analiz edib və qiymət verib. Eyni zamanda sübut etmək istəyib ki, sadəcə olaraq baş verənlərə tamaşa edirlər.
Müəllif yazıya belə başlayır: “Riyakarlığın bir mənası yoxdur: Razi Nurullayevin və onun tərəfdarlarının Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin başına gətirdiyi oyunda heç bir tərəfə azarkeşlik etmədən tamaşaçı olmaq yaxşıdır”.
Məsələ burasındadır ki, müəllifin ilk cümləsindən riyakarlıq boylanır. Əvvəla, ona görə ki, “Yeni Müsavat” qəzeti bu iyrənc ssenaridə baş rolları ifadə edir, Rauf Arifoğlu isə Razi Nurullayevin mətbuat xidmətinin rəhbəri kimi çıxış edir. Digər tərəfdən, müəllif bütün sətirlərdə “Razi dəstəsi”nin arqumentlərinə istinad edir.
“Ortada olan mənzərə budur ki, hər gün bir dəstə cəbhəçi ”ölkənin yeganə müxalifət partiyası olan AXCP-ni” tərk edir. AXCP-dən qopanlar o qədər çoxdur ki, onlar bir günün içində rayon təşkilatı təsis edib, konfrans keçirirlər, etimad qurultayına nümayəndə seçirlər. Onların sayı heyrət doğurur, sanki bir işarə gözləyirmişlər”- deyə məqalədə yazılır.
Göründüyü kimi, müəllif “Razi əməliyyatı”nı ifşa edən faktlara deyil, saxta konfranslara könül verib. Axı, sosial şəbəkələrdə, “Azadlıq” qəzetində saxta konfranslar açıq şəkildə ifşa olunur. YAP üzvünün, məşəl daşıyanın, qul bazarında işləyənin “cəbhəçi” kimi təqdim olunduğu fotolarla isbatlanır. Profilinə Ilham Əliyevin fotosunu qoyan, 15 il öncə AXCP-dən qovulan, 5 manat qarşılığında Sumqayıtda, Suraxanıda, Beyləqanda “mən cəbhəçiyəm” deyən adamlar haqqında geniş məlumatlar var.
Necə olur ki, “bitərəf müəllif” bunları görə bilmir? “Qafqazın ən böyük qəzeti”, bu böyüklükdə saxtakarlıqdan xəbərsizdirmi? Əsla. Sadəcə olaraq hökumətin bütün strukturları “Razi əməliyyatı”na dəstək verir və “Yeni Müsavat” bu prosesdən kənarda qalmaq iqtidarında deyil.
Bəli, Rauf Arifoğlunun yazarı Olimpiya kompleksində, bahalı restoranlarda keçirilən “konfrans”larla AXCP-nin sınıq-sökük komalarda keçirdiyi konfransların fərqini yaxşı başa düşür.
Ona görə də yaxşı olar ki, “bitərəf müəllif” iz azdırmağa çalışmasın və azarkeşlik etdiyi komandanın adını açıq yazsın.
Biz bu prosesin gedişində AXCP-ni tərk edənləri danmaq fikrində deyilik. Bəli, böyük pullar müqabilində 6-7 cəbhəçi səngəri dəyişdi. Amma “şadlıq sarayı”na yığışmış adamların AXCP-yə aidiyyəti yoxdur. Əslində “Razi əməliyyatı” AXCP-nin nə qədər monolit bir təşkilat olduğunu göstərdi. Əgər müəllif bunun əksini sübut edə bilərsə, üzr istəməyə də hazırıq.
Ən maraqlısı isə budur ki, müəllif Razi Nurullayevin “Yeni Müsavat”a söylədiyi “həqiqət”ləri xatırlayır və AXCP-nin hakimiyyətlə işbirliyində olması qənaətini formalaşdırmaq istəyir.
Müəllifə xatırlatmaq istəyirik ki, AXCP hakimiyyətlə işbirliyində olsaydı, “Yeni Müsavat” hər gün Əli Kərimli haqqında mədhiyyələr yazardı. Müxalifət birliyinin dağılmasına gəlincə, bu işdə də “Yeni Müsavat” əlindən gələni edib. Amma bu qədər şər-böhtan kampaniyasına baxmayaraq, ölkənin ən tanınmış ziyalıları, siyasi xadimləri Milli Şura çətiri altında birləşib, AXCP də bu birliyin əsas lokomotividir. Yəni AXCP-nin nail olmaq istədiyi birlik formatı hələ də yaşayır və hökumətin bütün strukturları bu birliyi dağıtmaq üçün səfərbər olublar. “Yeni Müsavat” isə həmişəki kimi canla-başla dağıdıcılara xidmət edir.
Düzdür, AXCP-yə həmişə damağa vurmağa çalışıblar. Amma həmişə cəbəhçilərin əli qabarlı, alnı açıq olub. Yəni haqqında danışdığınız “damğa” bəzilərinin alnına ömürlük möhür kimi vurulsa da, AXCP-yə yapışmayıb.
Indi də AXCP-ni dağıtmaq istəyənlər və onlara yardım göstərənlər alnı damğalılardı. Amma həmişəki kimi arzunuz gözünüzdə qalacaq. Çünki, əliniz və əməliniz əyridi.
Bir sözlə, siz saxta konfranslara azarkeşlik edin, biz isə həqiqi qurultaya hazırlaşaq. Ən böyük damğa axırda olacaq.
İlham