Ibrahim Ibrahimli: «Istər siyasi, istər sosial-iqtisadi, istərsə də geopolitik baxımdan Naxçıvan təhlükəli bir bölgəyə çevrilib»
Naxçıvan Muxtar Respublikasındakı ümumi vəziyyətin (sosial, siyasi və geopolitik) araşdırılması və problemlərin həlli ilə bağlı Təşəbbüs Qrupu yaradılıb. Bu barədə “Azadlıq”a Təşəbbüs Qrupunun koordinatoru Ibrahim Ibrahimli məlumat verib.
Onun sözlərinə görə, Təşəbbüs Qrupunun yaradılması ilə bağlı müzakirələr bir müddətdir ki, başlayıb. Nəhayət, sentyabrın 10-da qurumun yaradılması baş tutub: “Təşəbbüs Qrupunu Naxçıvandan və digər bölgələrdən olan ziyalılar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, media mənsubları daxildir. Təşəbbüs Qrupunun yaradılmasında məqsəd adından da göründüyü kimi, Naxçıvandakı ümumi vəziyyəti araşdırmaq və problemlərin həlli yolunu göstərməkdir. Lakin elə başa düşülməsin ki, Təşəbbüs Qrupunun işi yalnız Naxçıvanla məhdudlaşacaq. Biz digər bölgələrlə bağlı da iş aparmağı düşünürük. Sadəcə hazırda ən acınacaqlı vəziyyət Naxçıvanda olduğuna görə ilk olaraq Muxtar Respublikadan başlamağı qərara aldıq. Həqiqətən də bu gün Naxçıvanda vəziyyət dözülməzdir. Istər siyasi, istər sosial-iqtisadi, istərsə də geopolitik baxımdan Naxçıvan təhlükəli bir bölgəyə çevrilib”.
Ibrahim Ibrahimli əlavə edib ki, Təşəbbüs Qrupunun ilk işi sentyabrın 25-də Naxçıvanda insan haqlarının durumu ilə bağlı konfrans keçirməkdir.
Qeyd edək ki, bir müddət əvvəl Ibrahim Ibrahimli Naxçıvanla bağlı ölkə ictimaiyyətinə müraciət ünvanlamışdı. O, həmin müraciətdə Naxçıvanı Azərbaycanın Quantanamosu adlandırmışdı və Azərbaycan ictimaiyyətini bu bölgədə baş verənlərə qarşı etiraza səsləmişdi. Elə bu müraciətdən sonra hüquq-müdafiəçiləri və jurnalistlərin Naxçıvana səfəri gündəmə gəlmişdi.