Təhminə Nuhova «Hökm» verilişinin hakimindən Vahid Mustafayevə şikayət edir
“Azadlıq”ın redaksiyasına Təhminə Nuhovadan məktub daxil olub. Məktubda “ANS” Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə müraciət əksini tapıb:
“Mən ”ANS”i ən obyektiv bir telekanal kimi tanımışam. Obyektiv kanalda sözsüz ki, obyektiv işçilər fəaliyyət göstərməlidir. Obyektivliyi natəmiz adamlar təbliğ edirsə, bu, telekanalın nüfuzuna xələl gətirər. Qısası, “Hökm” verilişində hakim mantiyası geyən Zülfiyyə Babayeva özü dələduzluqla məşğul olub vətəndaşları aldatmaqla məşğuldur. Sizcə, onun hakim rolunu oynamağa, kimlərisə ittiham etməyə haqqı çatır?
Zülfiyyə Babayevanın kənarda gördüyü işlərin telekanala aidiyyəti olmasa da, onun hakim rolunu oynamağa da haqqı yoxdur! Bu, onun tərəfindən aldadılan şəxslərdə qıcıq yaradır. Mən onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Lakin öz növbəsində sizi də məlumatlandırmağı özümə borc bildim. Siz öz təmiz adınızı necə qoruyursunuzsa, eləcə də hakim adına da hörmətlə yanaşmalısız. Əks halda belələri kollektivinizin adına ləkə gətirər, onu nüfuzdan salar. Necə ki, bir dana bir naxırı korladığı kimi.
Mən Nərimanov rayonu, N.Süleymanov küçəsi 1-də yaşayıram. Ev problemimlə əlaqədar Nazilə adlı bir taksi şoferi məni Zülfiyyə Babayeva adlı hüquqşünasla tanış etdi. Məni onun evinə aparan həmin qadın dedi ki, Z.Babayeva sənə hüquqi yardım edəcək. Mən Z.Babayevaya dərdimi danışdım, o isə məndən 500 manat pul istədi. Bu qədər pulun yanımda olmadığını deyəndə, o, haçan olsa onda gələ biləcəyimi söylədi. Mən 500 manat düzəldib aparanda o, Nərimanov rayonundakı bir notariusda indi xatırlamadığım müddətə etibarnamə götürdü. Qara günlərim də o gündən başladı.
Z.Babayeva öncə mənə qəyyumluğumu almağı təklif etdi və buna görə 100 manat pul istədi. O məni IH-nə apararaq kiməsə pul verəcəyini deyirdi. Elə ki, pulu qurtarırdı, gəlirdi ki, səni Fuad Ələsgərovun qəbuluna aparıram. Hər gələndə 10 manat cibinə, 5 manat da benzinə alırdı. Lotereya oynayırdım, bir adama pul verəcəyini söyləyəndə ilk dəfə ona evimdə 1000 manat verdim, o isə bu işin ağır olduğunu söyləyib məndən 5 min manat istədi. Hər işi həll etdiyini bildirən Zülfiyyə pulun yarısını istədi. Bacımın qonşusundan pul alıb ona 1000 manat verdim. Axırıncı pulu, 1000 manat lotereya pulunu da ona verdim. Zülfiyyə pulu gəlib evdən aparırdı. O vaxtlar Zülfiyyə “Elgizin cümə axşamları” verilişinə çıxırdı. Zülfiyyə bazarlığının pulunu da məndən alırdı. O, məni uşaq kimi aldatdı. Sizdən təvəqqem, onda olan 5000 manat pulumun qaytarılmasını xahiş edirəm”.
Sosial şöbə
Redaksiyadan: Öz tərəfimizdən yazıdakı məqamlara qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Lakin şikayətçinin məktubunda qeyd edilən və Z.Babayevaya məxsus mobil telefon nömrəsinə etdiyimiz zənglər nəticəsiz qaldı. Z.Babayevanın bizə təqdim olunan hər iki telefon nömrəsi bağlı idi. Buna baxmayaraq, qarşı tərəf kimi onun da məsələ barədə açıqlamasını dərc etməyə hazırıq.