Bakı şəhər DYP-nin köhnə yerində «Azinko» şirkəti iki göydələn tikib
Dövlət Yol Polisinin Bakı şəhər idarəsinin köhnə yerini paytaxt sakinləri yaxşı tanıyır. Uzun illər sürücülərin bura yolu düşürdü, üstəlik, geniş həyəti və ərazisi olan həmin idarə gözədəyən bir yerdə idi. Ola bilər, Səməd Vurğun küçəsi, 79 ünvanı sizə az şey deyir, amma xatırladaq ki, bu, Türkiyə səfirliyi ilə üz-üzə, Təzə bazara düşən yolun sağ tərəfində yerləşir. Həmin ərazidə məşhur Zabitlər bağı da var. Bura paytaxtımızın çox bahalı və prestijli bir ərazisidir. Binadan Xəzəri və şəhərin mərkəzi hissəsini seyr etmək olur.
2007-ci ilin yayında Bakı Şəhər Baş Dövlət Yol Polisi Idarəsi Səməd Vurğun küçəsindəki inzibati binasından Badamdar qəsəbəsinin ərazisində, şəhərdən kənarda yerləşən yeni inzibati binaya köçürüldü. Təbii ki, sürücülər narazı qaldı. Düzü, inzibati binanın şəhərin kənarına köçürülməsi çoxlarına qaranlıq da qaldı. Hər rayonun özünün DYP idarəsi varsa, sürücülərin işini şəhərin mərkəzinə köçən bir idarəyə yönəltmək nəyə lazım idi? Əgər bu idarə doğrudan da gərəklidirsə, elə köhnə yerində də qala bilərdi. Bu, sürücülərin narazılığı idi. Hökumət və polis orqanları isə Bakı Şəhər Baş Dövlət Yol Polisi Idarəsinin yeni inzibati binasından razılıq edir, onun yeni imkanlarını və orada quraşdırılmış müasir yol nəzarəti sistemlərinin faydalılığını önə çəkirdi.
Təbii ki, paytaxt yol polisi idarəsinin yeni əraziyə köçürülməsinə fərqli yanaşmalar heç nəyi dəyişmədi, hər şey yolu ilə getdi və Bakı Şəhər Baş Dövlət Yol Polisi Idarəsi yeni binada qaynar həyatına başladı. Lakin idarənin köhnə binası da yaddan çıxmadı. Indi bəlli olur ki, köhnə binanın yerləşdiyi ərazidə, az qala bütünlüklə ölkəni söküb-tikən özəl şirkətlərdən biri – “Azinko Holdinq” şirkəti iki möhtəşəm yaşayış binası tikib. Bəs necə olub bu? Polisə, başqa sözlə, xüsusi dövlət qurumuna məxsus bina və ona aid ətraf ərazilər özəl şirkətə necə verilib?
“Azinko” binaların ona məxsusluğunu gizlətmir
Biz zavodun, fabrikin, müxtəlif qurumların mülklərinin, xəstəxananın, uşaq bağçasının, hətta məktəbin özəl şirkətə satılmasını görmüşdük, amma polis orqanlarına məxsus dövlət mülkünün özəl şirkətə verilməsini görməmişdik.
Həmin ərazidə tikilən binaların “Azinko”ya məxsusluğu, hətta bu holdinqin öz rəsmi saytında təsdiq edilir. Saytın http://www.azinkoholdinq. com/lb.php ünvanlı səhifəsində – holdinqin yeni tikilən binaları siyahısında beləcə də qeyd eilib: “Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 79, (Şəhər DYP-nin yeri)”.
Lakin “Şəhər DYP-nin yeri”nin bu şirkətə necə verilməsi barədə nə orada, nə də uyğun qurumların saytlarında məlumat var. Məsələn, dövlət əmlakının satışı ilə məşğul olan Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytının özəlləşdirilmə elanları və hərraclar bölümündə bu ünvandakı mülkün “Azinko”ya satılması barədə məlumat yoxdur. Halbuki mövcud qanunvericilik bu haqda məlumatların açıq olmasını tələb edir.
Xatırladaq ki, dövlət əmlakının satılması və icarəyə verilməsi ilə yalnız Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur. Bu, yalnız onların səlahiyyətindədir. Təbii ki, müxtəlif qurumların balansında olan əmlak zorla onların əlindən alınıb satılmır. Ya həmin mülk sərbəst qaldığı üçün Komitənin nəzarətinə keçir və bundan sonra onun özəlləşdirilməsinə yol açılır, ya da həmin qurumun razılığı ilə alqı-satqı baş verir.
“Bunun jurnalistlərə dəxli yoxdur!”
Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhər DYP-nin köhnə yerinin necə özəlləşdirilməsi ilə bağlı heç bir məlumat vermək istəmir. Komitənin şöbə müdiri Yusif Qəmbərovun “Azadlıq”ın əməkdaşına ilk və son sözü bu olub: “Sizə nə dəxli var oranı kim alıb? Bunun jurnalistlərə heç bir aidiyyəti yoxdur”.
Onsuz da həmin mülkə kimin sahib olması artıq bəllidir. Məsələ ondadır ki, komitə sözügedən mülkün hansı üsulla özəlləşdirilməsi ilə bağlı heç bir açıqlama vermir. “Turan” Informasiya Agentliyinin əməkdaşı, ölkəmizdə özəlləşdirmə ilə bağlı nüfuzlu ekspert kimi tanınan Hafiz Babalı deyir ki, polis orqanlarına məxsus mülk heç vaxt özəlləşdirilə bilməz. Yalnız həmin mülk istifadəsiz qaldıqda Əmlak Məsələləri Dövlət Komitəsi onu hərraca çıxara bilər. Çünki polis idarəsinin profilə görə istifadəsi başqaları tərəfindən mümkün olmadığı üçün, icarəyə verilə bilməz. Ekspert deyir ki, bu mülk boş qaldıqda ya qeyri-yaşayış kompleksi kimi, ya da oradakı binalar uçurdularaq torpaq sahəsi kimi hərraca çıxarıla bilər. Lakin biz Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytında keçirilən hərracların siyahısında deyilən ünvandakı mülklə bağlı hər hansı məlumata rast gəlmədik.
Iqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin həmsədri iqtisadçı Rövşən Ağayev isə deyir ki, Azərbaycan qanunvericiliyi dövlət mülkünün yağmalanmasına və korrupsiya niyyətli satışına imkan yaradır: “Istənilən mülkü istədikləri şirkətə icarəyə verirlər, bir neçə ay sonra bu mülkü almağı həmin şirkətə təklif edirlər. Sonra da istədikləri qiymətə satırlar. Bu da olur özəlləşdirmə. Amma bu, planlı bir əməliyyatdan başqa bir şey deyil. Təəssüf ki, qanunlar da buna imkan yaradır. Halbuki bunlar hərrac yolu ilə, rəqabət şəraitində satılmalıdır ki, həm dövlət bu mülkün satışından yüksək məbləğ əldə etsin, həm də o mülkü almağa hamının şansı olsun. Heç hərraclar da həqiqi keçirilmir, formal olaraq təşkil olunur və əvvəlcədən razılaşdırılmış adama əvvəlcədən razılaşdırılmış qiymətə satılır. Hələ indiyəcən kiminsə hərracda gözləmədiyi halda nəyisə aldığını eşitməmişik. Inanmaq olmur ki, ”Azinko” həmin yeri hərracda başqalarından yüksək qiymət təklif edərək alıb”.
Kərəm Həsənov dövlət əmlakını qardaşına satıb?
“Azinko Holdinq”ə gəldikdə, o, 2006-cı il iyunun 5-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Holdinq öz tərkibində 5 şirkəti birləşdirir. Bunlar “Atilla Inşaat” MMC, “Zəfər KO” MMC, “AZ-IN-KO”MMC, “Nəsildən Nəsilə” MMC, “Regional Inşaat” MMC-dir.
BŞBDYP-nin köhnə binasının yerində tikilən göydələnləri “Atilla Inşaat” tikir. Bu, tikinti ərazisində asılan lövhədə də yazılıb.
Bakı şəhər DYP-nin köhnə binasına və onun həyətyanı sahəsinə “Azinko”nun sahib olmasının sual doğuran daha bir tərəfi odur ki, bu mülk onun özəlləşdirilməsini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşının rəhbərlik etdiyi şirkətə qismət olub. Mətbuatda “Azinko”nun komitə sədri Kərəm Həsənovun özünə məxsusluğu barədə yazılar tez-tez dərc edilir. Amma fakt odur ki, holdinqə Kərəm Həsənovun qardaşı Malik Həsənov rəhbərlik edir. Malik Həsənov həm də Milli Məclisin deputatıdır. Mövzu ilə bağlı onun mövqeyini öyrənmək cəhdlərimiz isə baş tutmadı. Malik Həsənov zənglərimizə cavab vermədi, köməkçisi isə onunla danışmaqda bizə yardım etmədi.
Halbuki bu sual cavabsız qala bilməz: polis orqanlarına məxsus bahalı dövlət mülkü dövlət əmlakı ilə bağlı məsələləri həll edən komitə sədrinin qardaşının rəhbərlik etdiyi şirkətə necə satılıb? Hansı yolla, neçəyə və s.?
DIN orqanları: “Bizim xəbərimiz yoxdur”
Polis orqanlarına məxsus mülkün özəl şirkətə verilməsi ilə bağlı DIN-in mövqeyini də öyrənmək istədik. Daxili Işlər Nazirliyinin şöbə müdiri Orxan Mansurzadə məsləhət gördü ki, bu sualı Vaqif Əsədova verək: “Bizim bu barədə məlumatımız yoxdur. Daha dolğun cavab almaq üçün Vaqif müəllimlə əlaqə saxlayın”.
Amma Bakı şəhər Dövlət Yol Polisi Idarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov da bir şey deyə bilməyəcəyini söylədi: “Bizi 4 ildir yeni binaya köçürüblər. Ancaq köhnə ünvanımızın yerində gözəl yaraşıqlı bir bina tikilib. Kimin balansında olduğu haqda heç bir məlumata malik deyiləm”.
Dövlət qurumlarının kənara köçürülməsində maraqlar
Azad Iqtisadiyyata Yardım Ictimai Birliyinin sədri Zöhrab Ismayılın fikrincə, şəhərin mərkəzindən bir çox dövlət qurumlarının kənara köçürülməsində yüksək vəzifəli məmurların maraqları var. Onlar müxtəlif yollarla həmin qurumların keçmiş binalarına sahib olur və ya torpaq sahələrini şəxsi məqsədləri üçün istifadə edirlər: “Çox təəssüf ki, indi belə köçürmə halları artıb. Halbuki həmin binalar dövlətə məxsusdur, onların özəlləşdirilməsi məsələsi varsa, bu, hərrac vasitəsilə şəffaf şəkildə və rəqabət şəraitində həyata keçirilməlidir”.
Zöhrab Ismayıl fikirlərinə əlavə edir: “Konkret olaraq Bakı Şəhər DYP-nin keçmiş binasının ərazisinə gəldikdə, burada aşkar korrupsiya var. Çünki burada bina tikən ”Azinko Holdinq”ə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı rəhbərlik edir. Belə çıxır ki, bir qardaş bu ərazini satışa təqdim edir, o biri qardaş da bunu alır. Amma bütün bunlar gizli şəkildə və hərracsız həyata keçirilir. Bu, aşkar korrupsiya faktıdır. Nəzərə almaq lazımdır ki, orada böyük bir bina da vardı. Maraqlıdır ki, “Azinko” bu ərazi üçün dövlət büdcəsinə nə qədər vəsait ödəyib?”.
“Azinko Holdinq”lə əlaqə saxladıqda isə bizə bildirdilər ki, suallarımıza cavab verə biləcək şəxs işdə yoxdur. Həmin şəxsin nə vaxt olacağını soruşanda isə “bilmirik” deyib, dəstəyi asdılar.
Istərÿ Əmlakÿ Məsələləri Dövlət Komitəsinin,ÿ istərsə ÿdə “Azinko Holdinq”in elektron ünvanlarına yolladığımız ÿməktublaraÿ daÿ cavabÿ almadıq.
Şahvələd Çobanoğlu,
Ramin Deko