Məmurların bu ölkəyə girişi qadağan oluna bilər
Mariya Makfarland: «Vəzifəli şəxslər başa düşməlidir ki, onlar insan hüquqlarını pozmaqla ciddi riskə gedirlər»
ABŞ-ın bütün dünyada kütləvi vəhşiliklərə qarşı reaksiyasının gücləndirilməsi məqsədilə avqustun 4-də Barak Obama insan haqları pozucularının və hərbi cinayətlər törətmiş şəxslərin ölkəyə girişini qadağan edən bəyannamə imzalayıb. “Bu sənəd hərbi və insanlığa qarşı cinayətlər daxil olmaqla, beynəlxalq humanitar və cinayət hüququnu pozanların ABŞ-a daxil olmasından imtina edilməsi üçün əsasları genişləndirir”,- deyə Ağ Evin bəyanatında deyilir.
ABŞ-ın hüquq-müdafiə təşkilatları bu bəyanatı alqışlayıblar.
Ostin Universitetinin professoru Maykl Tkaçik hesab edir ki, əgər çoxtərəfli əsaslarla tətbiq olunsa, bu cür sanksiyalar səmərəlidir. “Başqa sözlə, sanksiyaların tətbiq olunduğu ölkələr nə qədər çox olsa, daha böyük effektə malik olar”.
Həmçinin professor hesab edir ki, yeni sənəddən hərbi cinayətlərə qarşı istifadə olunacaq.
“Əgər insan hüquqlarının pozulması ilə bağlı sənədlə əsaslandırılmış nümunələr varsa, belə adamların siyahıya düşmək şansı daha böyükdür”, – deyə Tkaçik vurğulayıb.
Lakin bəzi hüquq-müdafiəçiləri, o cümlədən “Human Rights Watch” təşkilatından Mariya Makfarland hesab edir ki, Obamanın son təşəbbüsləri insan haqlarının pozulmasının nəzərə alınacağı barədə siqnaldır.
O, “Turan”a müsahibəsində Obamanın qərarının Azərbaycan da daxil olmaqla postsovet məkanına necə təsir edəcəyi barədə fikirlərini bölüşüb.
– ABŞ-ın sanksiyaları demokratiyanın çatışmadığı Yaxın Şərq və postsovet ölkələrinə necə təsir göstərə bilər?
– Bu, Dövlət Departamentinin prezidentin qərarını necə reallaşdırmasından asılı olacaq. Bu, dövlət katibinə insan haqlarının pozulmasında təqsiri olan şəxslərin ölkəyə girişini qadağan etmək hüququ verir. Belarusda, Rusiyada və digər ölkələrdə belə hallar var. Bu cür qadağanın Azərbaycanda cinayətlərdə əli olan məmurlara da şamil edilməsi mümkündür. Avropa Ittifaqı da bu sanksiyalara qoşulsa, bu, insan hüquqlarının dəstəklənməsində alət olar. Odur ki, vəzifəli şəxslər başa düşməlidir ki, onlar insan hüquqlarını pozmaqla ciddi riskə gedirlər.
– ABŞ pozucuları necə müəyyən edəcək, parametrlər necədir?
– Sənədin mətni pozuntuları geniş təfsir edir və “planlaşdıran, əmr verən, yardım göstərən, təhrik edən, başqa yolla hərbi və insanlığa qarşı cinayətlərdə və ya insan haqlarına dair ciddi pozuntularda iştirak edən” adamları əhatə edir. Dövlət Departamentinə ölkəyə girişi qadağan edilən şəxsləri seçmək üçün proseduru və daha konkret standartları müəyyən etmək hüququ verilib.