Qəbələdəki piano fabrikini quranlar Çində iflasa uğrayıblar
Türkiyənin “Hürriyət” qəzetinin (ingilis dilində) Qəbələ şəhərində “Gilan” piano zavodu barədə yaydığı xəbəri dünən əksər dövlət qəzetləri əsas xəbərləri kimi təqdim ediblər. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus bu zavod əvvəl tütün fabriki olub. Amma sonradan almaniyalı sahibkar Hans Beltmann tütün fabrikini piano fabrikinə çevirib. Qəzetlər bu dəyişikliyi Azərbaycan uğuru kimi dəyərləndirirlər. Məqalələrdə vurğulanır ki, Azərbaycan dünyanın ən nadir piano fabriklərindən birinə yiyələnib.
Bir qədər fabrikin fəaliyyəti barədə məlumat verək. Fabrikdə hazırlanan pianoların hamısı əl işidir. Dünyada tanınmış “Beltmann” pianolarının təsisçisinin nəvəsi olan H.Beltmann iki il əvvəl Azərbaycan hökumətinin dəvəti ilə Qəbələdə piano zavodu açıb. “Hürriyet” qəzetinə müsahibəsində H.Beltmann fabrik işçilərinə bir neçə ay musiqi alətini düzəltməyi öyrətdiklərini deyib. Nəticədə 10 ayda 500 piano hazırlanıb. Pianoların hazırlanması üçün ağac isə Qəbələyə Almaniya, Çexiya və Avstriya arasında yerləşən kiçik kənddən gətirilir. Fabrikdə 330 nəfərlik konsert zalı var. H.Beltmann deyir ki, burada piano akademiyasının yaradılması da planlaşdırılır.
K.Heydərovun yeni almaniyalı ortağı barəsində internetdə axtarış verdiyimiz zaman iki maraqlı məqamla da üzləşdik. Birinci məqam dünya şöhrətli olduğu deyilən bu pianolar haqqında informasiyanın o qədər geniş olmaması ilə bağlıdır. Axtarışlar zamanı təqdim olunan informasiyaların çox hissəsi bu pianonun Qəbələdə istehsal edilməsilə bağlıdır.
Digər maraqlı məqam isə fabrikin tarixi ilə bağlıdır. 1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin qurulması ideyası yaranıb və bu məqsədlə Çində istehsala başlanılıb. Amma Çində buraxılan məhsulun aşağı keyfiyyətli olması istehsalın dayanmasına və şirkətin nüfuzuna böyük zərbənin dəyməsinə səbəb olub. Məhz bundan sonra 2009-cu ilin oktyabrında Qəbələdə müəssisənin yaradılmasına başlanılıb.
Hikmət