Mənsum Bayramov: «Yəqin ki, proses sentyabra təyin olunacaq»
AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənliyə qarşı çıxarılan hökmdən avqsutun 8-də apelyasiya şikayəti veriləcək. Bu barədə Ş.Həsənlinin vəkili Mənsum Bayramov məlumat verib. Vəkil şikayətdə Ş.Həsənli barəsində çıxarılmış məhkəmə hökmünün qərəzli və ədalətsiz olduğunu qeyd edib:
“Apelyasiya Məhkəməsinə müraciət etmək üçün avqustun 10-na qədər vaxtımız var. Amma mən də, Əlayıf bəy də şikayəti hazırlamışıq və birinci gün məhkəməyə təqdim edəcəyik. Yəqin ki, iş üzrə məhkəmə prosesinin təyin edilməsi sentyabra qədər çəkəcək. Şikayətdə Şahin bəyə çıxarılan hökmü maddələr üzrə təkzib etmişik. Göstərmişik ki, onun təqsirini sübut edən bir dənə də tutarlı sübut yoxdur”.
Vəkilin sözlərinə görə, məhkəmə Ş.Həsənli barəsində hökm çıxararkən heç bir yüngülləşdirici halı nəzərə almayıb: “Hakim Şahin bəyin himayəsində 3 azyaşlı körpənin olmasını, xəstə qardaşının ailəsinə də baxdığını, bundan əvvəl məhkumluğunun olmamasını, ölkənin ictimai-siyasi həyatındakı rolunu nəzərə almadan ona iki il həbs cəzası verdi. Apelyasiya şikayətində bütün bu məqamları, eləcə də məhkəmə proseslərində təmin olunmayan vəsatətlərimizi qeyd edəcəyik. Ümid edirik ki, bu instansiyada ədalətli qərarın şahidi olacağıq”.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.
Gültəkin