Arif Alışlıdan rejimi utandıran qeydlər
Ictimai Palatanın 2 aprel aksiyasına görə həbs olunanlardan biri AXCP fəalı Arif Alışlıdan qəzetimizə məktub gəlib. 4 aydır qurama ittihamlarla məhbus həyatı yaşayan Arif ötən məhkəmə proseslərinin birindən sonra məhkəmə zalında ailəsi ilə görüşüb. Məktub bu görüş anlarında yaşanan hisslərlə bağlıdır.
“Həbsxana həyatını heç kim arzulamasa da, insanın yolu arzuya filana baxmadan burda ötür. Azadlıq şirin nemətdir, ancaq ləyaqətli adam üçün həbsxana da faciə sayılmaz. Mən uzun məhbus həyatı yaşamış siyasi məhbus Nazim Hikmətin zindan şeirlərinin vurğunu olmuşam. Xüsusən bu şeirin …
“Sıcaklar bildiğin gibi değil
ve ben ki yalı uşağıyım,
deniz ne kadar uzak…
Ikiyle beş arası
cibinliğin altına uzanarak
ter içinde
kımıldanmadan
gözlerim açık
dinliyorum sineklerin uğultusunu”. Nə isə, sizə bu kiçik məktubla Nazim Hikməti anlatmaq niyyətim yoxdur.
Iyulun 29-da məhkəmədən sonra təqsirləndirilən şəxslərə ailələri ilə görüş verdilər. Iclas zamanı biz dəmir qəfəsdən kənarda otursaq da, görüşə görə nəzarətçilər bizi dəmir baramaqlılara arasına salıb qapıları bağladılar.
4 ay idi ki, evdən birbaşa xəbərim yox idi. Yoldaşım, qızım və 3 yaşlı oğlum Elmir Alışlı baramaqlıqlara yaxşınlaşdılar.
15 dəqiqə söhbət etdik. Yoldaşım narahat olmamağı, hər şeyin qaydada olduğunu mənə dedi. Bu, mənim üçün böyük dəstək idi. Bir siyasətçiyə xalqdan əvvəl ailəsinin dəstəyi çox mühümdür. Ailənin dəstəyinin necə böyük qüvvə olduğu dörd divar arasında lap aşkar duyulur.
Qızım bu il 9-cu sinfi bitirib. Təhsili ilə maraqlandım, test imtahanlarını uğurla başa vurub. Sevindim. Qızım ha çalışsa da gözündəki nisgili məndən gizlədə bilmədi. Nə deyim, övladlarımıza bu acını yaşadan daşqəlbli, vicdanı korşalmış insanlar utansın.
Balaca oğlumu qucaqlamağa barmaqlıqlar imkan vermirdi, o, dəmirə söykənib mənə qıfılı göstərib hey təkrar edirdi “ata, aç, ata aç”. Başa düşmürdü ki, bu qıfılın açarı bizdən uzaqlardadır. Uşaq hamımızdan tədbirli oldu, axtarıb barmaqlığın bir az enli yerindən qəfəsə keçdi. Indi barmaqlıqlar arasında iki Alışlı vardı…
O məndən ayrılanda hey məni səsləyirdi “ata, ata, ata…”. Bu səs hələ də qulağımdadır”.