Azərbaycanda hüquq axtarışına çıxmaq Xəzərdə balina ovuna çıxmaq kimi bir şey olduğundan bu ölkədə insanların başına gətirilən oyunlara, hoqqalara təəccüblənməyin özü təəccüblüdür. Biz bütün insani keyfiyyətlərini itirmiş bir sistemlə qarşı-qarşıyayıq, bir az gec, bir az tez hər kəs ondan öz nəsibini alacaqdır. Heç kim bu rejimin zülmündən sığortalanmayıb, o ayaqda olduğu müddətcə heç kimin mal və can güvənliyi yoxdur.
Amma dövlət çevrilişi ittihamı ilə həbsdə olan Səid Dadaşbəyli ilə bağlı vəziyyət bir xeyli fərqlidir. Boş verin Dadaşbəyli haqqında “cinayət işi”nin hüququn və əxlaqın sınırlarını zorlamasını, onun barəsində iddialar hətta ən məşhur fantast yazıçısının belə, matını-qutunu quruda bilər.
Mən “yazıçı” sözünü xüsusi vurğulamaq istəyirəm, çünki onun haqqındla absurd hökmün müəllifi həm də allah qoymasa, yazıçı olan hakim Ənvər Seyidovdur. Ənvər Seyidov bir neçə roman müəllifidir, əslində onlara roman demək də günahdır, adamın ağzı əyilə bilər. Nə isə mövzumuz bu deyil. Deyilənə görə, Seyidov romanlarında haqsızlıqla üzləşən insanların kədərli taleyindən bəhs edir, amma buyurun, onun absurd bir qərarı üzündən bir gənc beş ildir ömrünün ən gözəl illərini həbsdə keçirir.
Görünür, Ənvər Seyidovun yazıçı kimi fantaziyası, təxəyyülü o qədər genişdir ki, adam hərdən ilham pərisini cilovlaya bilmir, yazıçılıq istedadı o qədər fışqırır ki, çıxardığı hökmlərə də siz də məni bağışlayın, sıçrayır. Məsələn, Seyidovun “dövlət çevrilişi” maddəsi ilə Səid Dadaşbəyli haqqında çıxardığı hökmə inansaq, bu gənc 2006-cı ilin axırlarından 2007-ci ilin yanvarın 13-dək Azərbaycan Respublikasının… prezidenti olmuşdur. Bəli, bəli, Azərbaycan Respublikasının prezidenti!
Bunun adını nə qoyaq: Absurdmu? Komediyamı? Yoxsa nə?
Biz hardan bilək ki?
Səid Dadaşbəyli 5 ildir həbsxanadan Ilham Əliyevə məktublar yazır və soruşur: “Mən deyilən müddətdə prezident olmuşamsa, bəs siz harada olmusunuz? Həmin müddətdə hansı kadr islahatları aparmışam? Prezidentlik maaşı almışammı?”.
Amma Ilham Əliyevdən cavab yoxdur. Əlahəzrət susur. Susmağın razılıq əlaməti olduğunu nəzərə alsaq, belə çıxır ki, Ilham Əliyev də 2006-cı ilin axırlarında devrildiyini, 2007-nin 13 yanvarınadək isə onun yerinə şah taxtında Səid Dadaşbəylinin oturduğuna inanır.
Məncə, Dadaşbəyli taleyindən narazı olmamalıdır. Bir halda ki, hakimiyyətin ən təpəsindəki adamadək iqtidarda hər kəs onun bir neçə aylıq da olsa, Azərbaycan prezidenti olduğuna əmindir, Səid bəy allahına şükr etsin ki, bu saat rejim telekanallarında “xalq 2006-2007-ci illərdə gecələr çölə çıxa bilmirdi”, “camaat acından jmıx yeyirdi” janrında düşük şoular tüğyan etmir.
Ən əsası 18 ildir Elçibəyi hakimiyyəti buraxıb qaçmaqda günahlandıranlar indi izah verməlidirlər ki, bəs Ilham Əliyev 2006-cı ilin axırlarında niyə hakimiyyəti qoyub qaçıbmış? Üstəlik, bu, xalqdan niyə gizlədilib? Biz indi hardan bilək ki, bu saat da hakimiyyəti hansısa başqa bir Səid Dadaşbəyli idarə eləmir? Adam hakimiyyəti qoyub gedəndə xalqa xəbər etməzmi? Belə də məsuliyyətsizlik olarmı?
13 yanvar boşluqları
Mən bunları qətiyyən ironiya kimi yazmıram. Ironiyaya heç ehtiyac da yoxdur. Onsuz da Azərbaycanda hər şey öz ciddiyyətini itirib. Baş verənlər çox qeyri-ciddi, yumoristik olsa da, heç gülməli də deyil.
Mənim Səidin başına gətirilənlərdən çıxardığım son nəticə isə budur: görünür, bunlarda nəsillikcə “ikinci dəfə hakimiyyətə qayıtmaq” xəstəliyi var. Dadaşbəyli işi də bunun üçün uydurulmuş, qondarılmış ola bilər. Sadəcə, o təəccüblüdür ki, nə əcəb, hələ də bunlar 13 yanvarı ikinci “Qurtuluş günü” elan etməyiblər. Hanı yeni “91-lər”? Yoxdursa, niyə yoxdur? Varsa, adları niyə açıqlanmır? Xalq özünün yeni sirustəbrizlilərini mütləq tanımalıdır.Amma daha vacibi: tank öpmədən ikinci dəfə hakimiyyətə qayıtmaq çox duzsuz, şit, süni görünür. Ssenarini yazanda nəzərə almaq lazım idi.