Silahlı qüvvələrin baş qərargah rəisi və bütün qoşun növlərinin komandirləri vəzifədən getdi
Türkiyədə silahlı qüvvələr ilə hökumət arasında gedən pərdəarxası savaş oruda ciddi istefalara gətirib çıxardı. Yüksək Hərbi Şuranın (YHŞ) fövqəladə iclasından öncə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi İşıq Koşaner istefa ərizəsini baş nazir Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Koşanerlə birlikdə Quru Qoşunları komandanı Ərdal Ceylanoğlu, Dəniz Qüvvələri komandiri Əşref Uğur Yiğit və Hava Qüvvələri komandiri Həsən Aksayın da istefa verdiyi bildirilib. YHŞ-nın iclasında məhbus generalların vəziyyətiylə bağlı yaranmış böhranın həll edilməsi üçün bir addımların atılması nəzərdə tutulurdu.
Xatırladaq ki, iyulun 28-də baş qərargah rəisi İşıq Koşaner Ankarada prezident Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Ədliyyə və Daxili İşlər nazirləriylə birgə toplantı keçirmişdi. Ordu generalı İşıq Koşaner bu vəzifədə ötən ilin avqustunda İlkər Başbuğu əvəz etmişdi.