AXCP fəallarına azadlıq tələbi ilə ilk mitinqə qərar verildi
“Çətinliklərə baxmayaraq baxmayaraq, cəbhəçilər haqq uğrunda mübarizənin önündə görəcəklər”
AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoyun döyülüb, sonra da həbs edilməsi ilə əlaqədar partiya sədri Əli Kərimli “Azadlıq”a bildirib ki, bu hadisə Naxçıvanda sanki diktatura laboratoriyasının qurulduğunu bir daha ortaya qoyur. Hakimiyyətin beynəlxalq birliyin diqqətinin Bakıda olmasından ehtiyatlanaraq paytaxtda gerçəkləşdirə bilmədiyi bütün arzularını Naxçıvanda reallaşdırdığını deyən Əli Kərimli əlavə edib ki, Naxçıvanda tam klassik üslublu diktatura formalaşıb: “Hər cür özgə fikirliliyə, müxalifətə qarşı Naxçıvanda dözümsüz münasibət formalaşıb. Artıq bütün dünyanın da diqqətini çəkib ki, Azərbaycan özü qeyri-demokratik ölkə olsa da onun bir parçası olan Naxçıvanda tamamilə qeyri-demokratik şərait formalaşıb. Amma, hətta bu ağır şərtlərdə də cəbhəçilər rejimlə mübarizəni davam etdirirlər. Nehrəm kəndinin sosial tələblərlə keçirilən aksiyasında fəal iştirak etdiyinə görə AXCP-nin Naxçıvan üzrə sədri Yaşar Bağırosoy və qardaşı əvvəl vəhşicəsinə döyülüb və bu hadisənin yüzlərlə şahidi olub. Daha sonra döyülmüş adamları, həyasızcasına, döyməkdə ittiham edərək həbs ediblər. Bu çox böyük bir haqsızlıq və xalqa meydan oxumaqdır”.
Nehrəmdə baş verən hadisədən çıxan nəticələrin olduğunu deyən Əli Kərimli vurğuladı ki, birinci nəticə ondan ibarətdir ki, Naxçıvan hələ də diktatura laboratoriyası olmaqda davam edir. Ikinci nəticə isə ondan ibarətdir ki, hətta ən sərt şərtlərdə belə, əhali öz hüquqları uğrunda mübarizəni davam etdirir. Əli Kərimlinin sözlərinə görə, xüsusilə Nehrəm camaatının sosial tələblərlə icra nümayəndəliyinin qarşısında aksiya keçirməyə cəsarət etməsi təqdir olunmalıdır: “Azərbaycan xalqı əmin olmalıdır ki, bütün verilən qurbanlara, fədakarlıqlara baxmayaraq, hər yerdə onlar öz haqları uğrunda mübarizə aparanda cəbhəçiləri bu mübarizənin önündə görəcəklər. Bu həbslər, təqiblər cəbhəçiləri qorxutmur. Artıq siyasi məhbuslarımızın sayı on iki nəfərə çatdı. Demək olar ki, son on səkkiz ildə bir il də olmayıb ki, AXCP-nin siyasi məhbusu olmasın. Indi siyasi məhbuslarla bağlı çox böyük dinamika müşahidə olunur. Görünür, bu, Azərbaycan hökumətinin ”Eurovision”a xüsusi hazırlığıdır”.
Əli Kərimli onu da qeyd edib ki, bütün dünyanın Azərbaycandan ciddi islahatlar tələb etdiyi, bu müsabiqəyə siyasi məhbuslarsız getməyi istədiyi bir zamanda Azərbaycan hakimiyyəti hər şeyi edir ki, ölkənin imicinə zərbə dəysin. AXCP sədrinin fikrincə, bu uğursuz siyasət Azərbaycana baş ucalığı gətirə bilməz. “Amma hakimiyyətin bütün addımlarına baxmayaraq, biz mübarizəni davam etdirməkdə israrlıyıq”, – deyə Əli Kərimli vurğulayıb.
Xəyal
BAX: Naxçıvan Cəbhəsinin lideri həbs edildi
***
İyulun 27-də Nehrəmdə saxlanmış Zeynal Bağırsoy və Yaşar Bağırsoy qardaşları hələ də polis şöbəsindədir. Bu barədə “Turan”ın bölgə müxbiri məlumat verib.
Bağırsoy qardaşları “Su təsərrüfatı” ASC-nin və Nehrəm bələdiyyəsinin əməkdaşları tərəfindən döyülməkləri ilə bağlı polisə şikayətə gediblər. Döyülməyə səbəb qardaşların və bir qrup kənd sakininin “Su təsərrüfatı”nın işçilərinin qanunsuz əməllərinə etiraz etməsi olub. Nəticədə qardaşlar ciddi xəsarət alıblar.
Hələlik polisdən saxlananların taleyi barədə məlumat almaq mümkün deyil. Məlum olduğu kimi, aksiyaya səbəb “Su təsərrüfatı”nın əhaliyə bir hektara görə suyu 30-50 manata satmasıdır. Halbuki, qurum suyu dövlətdən 100 dəfə ucuz alır.
Qohumlarının tələblərinə baxmayaraq, zərərçəkənlər tibbi ekspertizaya göndərilmir, polis bunu etməkdən imtina edir. Saxlananlar vəkillə də təmin olunmur.
Polisin hərəkətlərindən belə çıxır ki, hakimiyyət işi ört-basdır etmək, qardaşları şikayəti geri götürməyə məcbur etmək istəyir.
Naxçıvandakı hüquq müdafiəçiləri, jurnalistlər Bakıda fəaliyyət göstərən həmkarlarına, həmçinin səfirliklərə və beynəlxalq təşkilatlara müraciət edərək Nehrəm kəndində baş verənlərə reaksiya verməyə, regiona gələrək qardaşların vəkillə təmin olunmasına yardımçı olmağa çağırıb.
Babək rayonunda olan hüquq müdafiəçiləri və jurnalistlər Məlahət və İlqar Nəsibovlarla bağlı vəziyyət gərgindir. Belə ki, onları hakimiyyət nümayəndələri ilə münaqişəyə sövq etmək və iğtişaşların təşkilində ittiham etməyə cəhd göstərirlər.
AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoyun həbsi ilə əlaqədar Nehrəm sakinləri Babək rayon Polis İdarəsinin qarşısına toplaşıb. Onlar Bağırsoy qardaşlarına azadlıq tələb edir. Sakinlər Bağırsoy qardaşlarının heç bir günah işlətmədiyi, əksinə zorakılığa məruz qaldığı halda şərlənərək həbs edilməsindən hiddətləndiklərini bildirirlər.
Naxçıvandan aldığımız xəbərlərə görə, sakinləri narahat edən məqamlardan biri də Bağırsoy qardaşlarının hansı maddə ilə ittiham edildiyinin açıqlanmamasıdır.
Xəbərlərdə deyilir ki, Nehrəm sakinləri Bağırsoy qardaşlarına qarşı ittiham ləğv olunmasa və onlar sərbəst buraxılmasa davamlı etiraz aksiyaları keçirəcəklər. Artıq ilk mitinq iyulun 29-na təyin edilib.
İnformasiya şöbəsi