Arif Əliyev: «Tirajların azalmasının birinci səbəbi yayımın bərbad vəziyyətdə olmasıdır»
«Jurnalistlərə qarşı cinayətləri açmaq üçün siyasi iradə yoxdur»
Milli Mətbuatın 136-cı ili də geridə qaldı. Bir əsr yarıma yaxın tarixi olan mətbuatımız hələ də problemlərin məngənəsində çırpınır. “Əkinçi”dən üzü bu yana bir çox şeylər dəyişsə də, mətbuatımızın dərdləri az qala, dəyişməz olaraq qalır. Inanmaq olmur ki, eyni problem bir əsr əvvəl olduğu kimi, indi də aktuallığını qoruyur. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə peşə bayramından bir neçə gün sonra söhbət etdik və söhbətimizə yenə də problemlərdən başladıq.
– Arif bəy, döyülən jurnalistlərin işinin araşdırılmaması Azərbaycan mediası üçün ənənəvi haldır. Son olaraq qəzetimizin iki əməkdaşı fiziki təzyiqə məruz qalanda da cinayətin açılmayacağı bəlli idi. Amma maraqlısı odur ki, bir müddət əvvəl Bakıda əcnəbi jurnalisti döyənlər az sonra tapılaraq istintaqa cəlb olundu. Belə çıxır ki, istək olanda nəticə də olur…
– Son dövrlərdə Azərbaycanda nəinki döyülən əcnəbilərin işi, hətta böyük qətl hadisələrinin də üstü açılıb. Azərbaycan polisində kifayət qədər səriştəli kadrlar var ki, bu işin öhdəsindən gəlsin. Mən əminəm ki, bu cür işlərin üstünün açılmaması təsadüfi deyil. Jurnalistlərlə bağlı işlər nəinki açılmır, istintaq o qədər qarışıq və birtərəfli olur ki, zərərçəkən öz iddiasından imtina etmək məcburiyyətində qalır. Ən yaxşı halda isə istintaqa bir daha getməyəcəyini bildirir. “Azadlıq”ın döyülən iki jurnalistinin işində də eyni vəziyyət hökm sürür.
– Əgər araşdırmayacaqlarsa, niyə səlahiyyətli şəxslər bunun əksini iddia edən vədlər verirlər. Məsələn, son olaraq “Azadlıq”ın əməkdaşları döyüləndə daxili işlər naziri Mətbuat Şurasının sədri ilə danışıq apararaq işi birbaşa nəzarətinə götürdüyünü bildirmiş və konkret nəticə vəd etmişdi…
– Bu cür vədlər, narahatlığı ifadə formaları ilkin narazılığı və həyəcanı yatırmaq üçündür. Belə bir əminlik yaradırlar ki, məsələ nazirin nəzarəti altındadırsa, jurnalist qurumları bununla məşğuldursa, narahat olmağa dəyməz. Biz nəinki nazirin, hətta prezidentin də bu cür məsələlərlə bağlı narahatlıq ifadə etməsinin, tapşırıqlar verməsinin şahidi olmuşuq. Hamısı da nəticəsiz qalıb. Mən əminəm ki, Azərbaycan mətbuatı bu işlərin üstünə ciddi şəkildə düşsə, o cinayətlərin üstünün açılmasını yüksək faizlə təmin edə bilər. Cinayətkarlar o qədər izlər qoyurlar ki. Bəzən maşının nömrələri bilinir, fotoşəkillər də olur. Amma heç birində konkret nəticə olmur. Ona görə də bu cür yanaşma tərzi isti-isti əsəblərin bir qədər soyudulması üçün atılan addımdır.
– Uzun müddətdir qəzetlərə qarşı məmurların, vəzifəli şəxslərin məhkəmə iddiaları səngimişdi. Amma nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddia qaldırması bu mənada yaranmış sükutu pozdu. Üstəlik nazir oğlu qəzetlərin barışıq və təkzib vermək istəyinə baxmayaraq, iddiasını geri götürmək fikrində deyil.
– Qəzetlərə qarşı məhkəmə iddialarının olması narahat edən faktor deyil. Narahat edən ədliyyə sisteminin vəziyyətidir. Məhkəmələrin çıxardığı qərarlar, bir qayda olaraq, ədalətsiz olur. Bir çox hallarda bu iddialar KIV-lərin cəzalandırılması ilə nəticələnir. Artıq bəzi işlərə Avropa Məhkəməsi müdaxilə etməli olub. Ədliyyə sisteminin keyfiyyəti aşağı düşəndə məhkəməyə düşən KIV, jurnalist bəri başdan öz ittihamını boynunda gəzdirir. Problem ondadır ki, Azərbaycan jurnalistikasının keyfiyyəti də suallar yaradır. Bir çox hallarda jurnalistlər özləri səhv buraxır.
Amma əsas məsələ odur ki, verilən cəza törədilən əmələ adekvat olmur. Tənqidçi jurnalistə kəsilən cəzaya da fikir verin, eyni əməli jurnalistə qarşı törədən şəxsə kəsilən cəzaya da baxın. Eyni əmələ görə jurnalistə 2 il 6 ay, jurnalistə qarşı cinayət törədənə isə şərti cəza verilir. Bütün bunlar o qənaəti yaradır ki, jurnalistlərə qarşı törədilən cinayətləri açmaq üçün siyasi iradə yoxdur. Bir çox hallarda, ümumiyyətlə, qəbul olunmamalı iddiaları icraata götürürlər. Yaxud elə yüksək cərimələr kəsirlər ki, hədəf KIV-in cəzalandırılmasına, fəaliyyətinin dayandırılmasına, jurnalistlərin gözünün qorxudulmasına yönəlir.
– Son vaxtlar mətbuatın reklam problemi ilə bağlı maraqlı açıqlamalar verirsiniz. Ortaya qoyduğunuz rəqəmlər reklam bazarının on il əvvəllə müqayisədə xeyli gerilədiyini göstərir…
– Bu, o qədər də sadə məsələ deyil. Təbii ki, ağlımıza gələn ilk səbəb odur ki, reklam bazarına ideoloji müdaxilə var. Tənqidi mövqedən çıxış edən qəzetlərə reklam verilməsinin qarşısı alınır və buna görə də Azərbaycanda reklamın həcmi azdır. Bunu inkar etmək olmaz. Amma başqa səbəblər də var ki, bu, monopoliyadır, ölkədə rüşvətxorluğun geniş yayılmasıdır. Tanınmış bir iş adamı demişdi ki, biz qəzetlərə reklam verəndə bir alıcı gəlirsə, iki yoxlayan gəlir. Bunlar hamısı prosesə təsir göstərən amillərdir. Və Azərbaycan iqtisadiyyatının anormal inkişafının formasıdır. Normal reklam bazarı olan ölkələrdə reklamın 60 faizi kiçik və orta istehsalçıya məxsus olur. Azərbaycanda reklamın 60 faizi iri banklara və iri rabitə şirkətlərinə məxsusdur. Bu şirkətlərin də kim tərəfindən idarə olunduğunu, bunlara təzyiq etməyin nə qədər sadə olduğunu hamımız bilirik. Ona görə də bütün bu səbəblərin cəmi gətirib belə acınacaqlı hala çıxarır. Media bütövlükdə bazara bir elment kimi qoşula bilmir. Yalnız siyasi mübarizə aləti, təbliğat maşını kimi qalır.
– Tez-tez qəzetlərin tirajının aşağı olmasından şikayətlənirik. Sizcə, səbəblərdən biri də qəzetlərin bütün ölkə ərazisinə çatımlığının zəif olması deyilmi? Bəzən bunu bölgə camaatının qəzet almağa imkanının olmaması ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz, problem yayımın zəif qurulmasındadır, yoxsa, maddi imkansızlıqda?
– Mən deyərdim ki, oxucuların qəzet alıb-almaması məsələsində maddiyyat beşinci yerdə dayanır. Bu, durduğum yerdə ağlıma gələn nəticə deyil. Bizim son sorğumuz göstərdi ki, qəzetlərin tirajının azalmasının birinci səbəbi yayım sisteminin bərbad vəziyyətdə olmasıdır. Təbii ki, söhbət, Bakıdan getmir. Azərbaycan tək paytaxtdan ibarət deyil. Rayonlarda dövlət qəzetlərini məcburi, zorla abunə etdirirlər. Hər bir oxucunun da limiti var. Əgər o məcburən dövlət qəzetinə abunə olunursa, digər qəzetləri ala bilmək imkanı məhdudlaşır. Qəzet yayımı ilə məşğul olan şirkətlər üçün qəzetin yayımından əldə olunan gəlir xırda bir məsələdir. Onlar saqqız və siqaret satışında daha çox maraqlıdırlar, nəinki qəzet satışında.
Problemlərdən biri də oxu mədəniyyətidir. Rusiyaya demokratik ölkə deməzdim, amma orada bu mədəniyyətin qorunub saxlanması üçün müxtəlif üsullardan istifadə edirlər. Metro reklamlarından tutmuş, sosial reklamlara qədər. Biz nəticə görürük və yapışmağa səbəb axtarırıq. Amma burada o qədər formalar, müxtəlif üsullar tətbiq olunur ki, bəzən onun qarşısında nəinki KIV, hətta cəmiyyət də aciz qalır. Rayonlarda qəzet oxumurlar ifadəsi o qədər də düzgün deyil. Çayxanada oturub çaya gün ərzində, ən azı, bir manat verməyə imkanı çatan adamın yəqin qəzet almağa da gücü çatar. Bu yaxınlarda Elçin Şıxlı dedi ki, çıxardığı qəzetdən öz rayonuna cəmi bir nüsxə gedir. Halbuki orada bu qəzeti almaq, oxumaq istəyən nə qədər insan var. Bu sistemi dəyişməyə redaksiyanın özünün də gücü çatmır. Bir neçə redaksiya birləşib yayım şirkəti yaratmasa, bu problemi həll etmək mümkün olmayacaq. Əks halda bütün qəzetlər ayrı-ayrı yayım şirkətlərinin iradəsindən asılı qalmaqda davam edəcək.
Gültəkin