Ustadım! Əminəm ki, dünən o mübarək qəbrində azı min kərə o üz-bu üzünə çevrilmisən. Ruhun inciyib dünən, bilirəm, sümüklərin sızlayıb.
Dünən baş verən hər şeyə görə əfv et, Ustadım, böyüksən, böyüklük yenə səndə qalsın, bağışla…
Dünənə görə onların hamısının yerinə Səndən üzr istəyirəm. Onların hamısının:
– qələmini Şərin qarşısında sındırıb hələ utanmadan çıxıb 22 iyula da sahiblənənlərin, sahiblənə bilənlərin;
– varağı valyutaya çevirib həyasızca bu qutsal gündən ona da pay düşdüyünü zənn edərək ortada şeşələnənlərin;
– həqiqətə sırtını dönüb yalana “qaz” verdiyi, zülmə züy tutub haqsızlıq qarşısında lal, kar, kor olduğu halda zərrəcə qızarmadan Mətbuat Gününü özünün də peşə bayramı sananların;
– bu istibdad rejiminin Elmarın qanpulu kimi verdiyi təltifləri, mükafatları vicdanı sızlamadan, qüruru incimədən alan, ala bilən, sonra da bir qram xəcalət hissi keçirmədən “bu gün bizim bayramımızdır” deyə gedib hansısa bahalı restoranın al-əlvan işıqları altında göbək oynadanların, aradabir mikrafonu qapıb “Əkinçi” ənənələrinin davam etdirilməsindən üyüdüb-tökənlərin;
– ilin 365 günü ölkəyə yalan, yaltaqlıq, qorxaqlıq, bəsirətsizlik saçıb sonra da dünən o məmur qapısı sənin, bu məmur qapısı mənim deyə bayram payı adına pul, diplom dilənənlərin – hamısının, hamısının yerinə yüz kərə, min kərə üzr istəyirəm, Ustadım!
Sən böyüksən, böyüklük yenə səndə qalsın, unut dünən baş verən onca pislikləri, iyrənclikləri, çirkinlikləri, görməzdən gəl, duymazdan gəl, dünən onca rəzalətə, rəzilliyə rəğmən sanki heç nə olmamış, heç nə yaşanmamış kimi say və bağışla…
***
Bağışla, Ustadım…
Dünən qəbrindən boylanıb adınla bağlı qutsal bir gündə Azərbaycan mətbuatını kimlərin təmsil etdiyini, kimlərin ümidinə qaldığını, Azərbaycan mətbuatı adına kimlərin başa çəkildiyini, kimlərin meydan suladığını görüncə ikinci dəfə öldün, bilirəm.
Bu gün sağ olsaydın bəlkə də Səninlə eyni sırada dayanmayacaq, Səninlə eyni cəbhədə olmayacaq, Səninlə eyni düşüncəni daşımayacaq, eyni dərdi bölüşməyəcək, eyni ağrıları paylaşmayacaq adamların dünən Sənin adınla bağlı bir günə necə sahib çıxdıqlarını görüncə ikinci dəfə öldün, bilirəm.
Bağışla, Əkinçi baba…
136 il əvvəl yazı-pozusu olmayan bir xalq üçün qəzet açmaq kimi bir yükün altına çiyinlərini verərkən nə vaxtsa belə olacağını xəyal belə, etməmişdin yəqin. Aradan bunca zaman keçdikdən sonra o böyük fədakarlığın, cəfakeşliyin barını bir ovuc qarnından ibarət adamın acgözcəsinə döşürəcəyini ağlının ucundan belə, keçirməmişdin yəqin.
Və bir gün 22 iyulun Şərin qarşısında göbək atanların… Zülmün önündə boyun bükənlərin… Millətin maraqlarını şəxsi mənfəətlərinə qurban verənlərin… Yalanın girovuna çevrilənlərin bayramına çevriləcəyini düşünməmişdin yəqin.
Amma nə etməli, artıq illərdir bu ölkədə ağıla gəlməyənlər başa gəlir, Ustadım. Bağışla onları. Uşaqlarına bağışla. Sevdiklərinə bağışla. Bir qələtdi eləyiblər, bağışla…
***
Bağışla, Ustadım!
Bağışla və əmin ol ki, hər nə olur olsun, başladığın mübarək yolçuluğun ərdəmli, əxlaqlı, cəsur yolçuları enində-sonunda 22 iyulu yenidən Sənə və millətimizə qazandıracaqlar. Bu müqəddəs günün haqqını artıqlaması ilə verəcəklər. Bu müqəddəs günün daha artıq kirlədilməsinə, çirklənməsinə razı olmayacaqlar.
Bəlkə onlar bu gün azdırlar, barmaqla sayılacaq qədər azdırlar bəlkə, amma könlünü fərah tut, Ustadım! Çoxalacaqlar, çox olacaqlar və 22 iyulu yenidən Azadlığın, Cəsarətin, Ləyaqətin, Vicdanın, Həqiqətin, Əxlaqın, Işığın doğum gününə çevirəcəklər.
Sən indi sadəcə, dünənə görə bağışla, Ustadım, sabaha görə isə heç, amma heç şübhən olmasın.