Bir nəfər quyuya düşərək öldü, iki nəfər isə özünü binadan atdı
Şəki ərazisində zəlzələ qeydə alınıb. Hadisə dünən yerli vaxtla saat 09.49-da baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 7 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 13 km olub. Verilən məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, Ismayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.
Göyçayda bir nəfər ölüb
Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb. Report xəbər verir ki, rayonun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü Ibadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub.
Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb. Quyuda elektrik enercisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.Ibadovanı öldürüb.
Ağdaşda iki qadın özünü binadan atıb
Ağdaşda isə zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb. APA-nın məlumatına görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq Isayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü Ismayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.
Şəkinin qala divarlarında çatlar əmələ gəlib
Zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.
Zəlzələ Şəkinin qədim qala divarlarına da ciddi ziyan vurub. Regional “Kanal S” telekanalının verdiyi xəbərə görə, yeraltı təkanlar nəticəsində qala divarlarında çatlar əmələ gəlib, divarın bəzi hissələrindən daşlar qoparaq düşüb.
“Yuxarıbaş” Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Muradova deyib ki, zəlzələ Şəkinin digər tarixi abidələrinə ziyan vurmayıb: “Şəkinin məşhur Xan sarayına, eləcə də digər tarixi abidələrə zərər dəyməyib”.
Şəki Şəhər Icra Hakimiyyətinin (IH) inzibati binasında da çatlar əmələ gəlib. Bu barədə “Report”a icra hakimiyyətindən Lakin binaya ciddi ziyan dəyməyib.
Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə – Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.
Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.
Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.
Zərdab Icra hakimiyytəinin yeni tikilən binası çat verdi
Zərdabda isə zəlzələ nəticəsində rayonun icra hakimiyyətinin binası çat-çat olub. Bunu AzNews.az-a açıqlamasında sözü gedən rayonun icra başcısı Lütfəli Babayev bildirib. O, zəlzələ baş verən anlarda iş otağında olduğunu deyib: “Oturduğum icra hakimiyyətinin binası yerindən oynadı. Zəlzələ öz fəsadlarını göstərib. Təxminən 4,5 gücündə zəlzələ olub. Hazırda mən ərazidəyəm”.
Lütvəli Babayevin sözlərinə görə, hazırda icra hakimiyyətinin aparat rəsmiləri kəndlərə ezam olunub: “Ölüm faktı qeydə alınmayıb. Məktəb və baxça binalarında, yerli nümayəndələr yoxlamalar aparır, harada uçuq, dağıntı varsa dəqiqləşdiriləcək”.