Əliyevdən fərqli olaraq Lukaşenko, Nazarbayev «qırmızı xətti» keçmədi
Reallıq göstərir ki, diktatorların da müxtəlif növləri olur. Millətini əzərək hakimiyyətdə qalanlar da, demokratiya imitasiyası edənlər də, qırmızı xətti gözləyənlər də olur. Daha dəqiq desək əbədi hakimiyyətdə qalmaq istəyənlərin də təfəkkürü fərqli olur. Görünür, dövlət maraqları, millət sevgisi diktatorların hamısında tam ölməyib.
O qədər sülalə hakimiyyətinin hökm sürdüyü ölkələr var ki, ən azından sosial vəziyyət Azərbaycandan xeyli yaxşıdı. Hətta bəyənmədiyimiz bəzi ərəb ölkələrində təhsil haqqının pulsuz olduğunu, yeni evlənənlərə təmənnasız torpaq sahəsi verildiyini, əmək haqlarının yüksək olduğunu eşidirik. Məsələn, Liviyada xalq Qəddafinin devirəndə məlum oldu ki, ölkədə təhsil səviyyəsi yüksəkdi, sosial vəziyyət normaldı. Sadəcə olaraq insan haqları tapdanır, tayfa təfəkkürü hökm sürür.
Bugünlərdə isə daha bir neçə nümunənin şahidi olduq. Diktator kimi ad çıxarmış Qazaxıstan prezidenti Nursultan Nazarbayev əvvəlcə devalvasiyanın yükünü xalqın çiynindən götürdü və dəymiş zərəri dövlət ödəməli oldu. Daha sonra həqiqəti xalqdan gizlətməyərək, ölkəni hansı risqlərin gözlədiyini açıqladı. Ardınca isə hökumətin Qərblə münasibətlərini istiləşdirmək üçün, ehtiyatlı demokratiya yoluna çıxacaqlarının mesajını verdi. Yaxud, Avropanın sonuncu diktatoru hesab edilən Belarus prezidenti Lukaşenko bugünlərdə 6 siyasi məhbusu azadlığa buraxdı və Belarusda siyasi məhbus olmadığını təsdiqlədi. Eyni zamanda Lukaşenko Qərbə müəyyən jestlər edir və başa düşür ki, perspektivin ünvanı hardadı.
Yəni, dünyada baş verənlər, neftin qiymətinin düşməsi, hətta diktatorları da real addımlar atmağa, ölkənin gələcəyini düşünməyə vadar edir. Deməli, bu adamlarda az da olsa dövlət və millət məsuliyyəti var.
Bəs, Azərbaycanda nə baş verir? Hakimiyyət vətəndaşı daha da müflisləşdirmək, insanların cibinə girməklə “çıxış yolu” tapır. Bu illər ərzində milyardlarla vəsaiti mənimsəyiblər, amma hələ də gözləri doymayıb. Hər addımda yaranmış problemi vətəndaşın istismar olunması ilə sığortalayırlar. Devalvasiyadan sonra əhali 2.2 milyard zərər gördü. Amma hakimiyyət bu zərəri kompensasiya etmədi və daha ağır qərarlar qəbul edildi. Əhalinin ödəmə qabiliyyətinin aşağı olmasına baxmayaraq, kredit faizlərinin miqdarı azaldılmadı. Hər gün intiharlar, ixtisarlar, sosial gərginliklər müşahidə olunur. Bu qədər ağır vəziyyətə baxmayaraq, hakimiyyət heç bir real addım atmır. Obyekt sahiblərindən yüksək “haqq” tələb olunur, korrupsiyanın miqyası azaldılmır, azad sahibkarlığa şərait yaradılmır. Hakimiyyət cəmiyyəti sosial partlayışa doğru aparır və vətəndaşa seçim imkanı tanımır. Üstəlik belə bir şəraitdə dünya ilə münasibətlər daha da korlanır. Dünyanın nüfuzlu təşkilatları, nəhəng ölkələri Azərbaycan hakimiyyətini boykot edir. Yəni, daxildə olduğu kimi xaricdə də etimad limiti tükənib. Bütün bunların isə yeganə səbəbi, şəxsi maraqlardan çıxış etməkdi. Belə bir vəziyyətdə repressiya siyasəti davam etdirilir, demokratik öhdəliklərdən imtina olunur və heç bir perspektiv vəd etməyən Rusiyanın himayəsinə sığınırlar.
Göründüyü kimi Azərbaycan hakimiyyəti dikatorların ən pis nümunəsinə çevrilməkdədi. Fəlakətin astanasında da dövlətin imicini xilas etmək, vətəndaşa əl uzatmaq istəmirlər. Yalnız hakimiyyət kürsüsünü qorumaq, daha çox oğurlamaq missiyası var.
Xalqa düşmən olmağın, vətəndaşa nifrət etməyin, dövləti şəxsi obyektə çevirməyin nə bariz nümunəsi YAP hakimiyyətidi. Nə Qəzzafi, nə Mübarək, nə Lukaşenko, nə Nazarbayev, nə də ki ərəb şeyxləri ölkəni bu qədər cılız qaydalarla idarə etməyib.
Bizim qismətimizə, diktaorların da ən pisi düşdü. Bütün qırmızı xəttləri keçən, heç bir mənəvi sərhəd tanımayan, utanmaq kompleksi olmayan bir rejimin idarəetməsində yaşayırıq.
Samir