Ekspertlərin fikrincə, İlham Əliyev açıqlamasında ciddi idisə, Rusiya ilə bağlı da həqiqətlər dilə gətirilməli idi
Azərbaycanın dövlət başçısı Ilham Əliyev çıxışlarında Ermənistanı Qarabağ münaqişəsində status-kvonu saxlamaqda ittiham etsə də, daha irəli getməyib. Hamıya məlumdur ki, Ermənistanın himayədarı kimi Rusiya bu münaqişənin qalmasında maraqlıdır. Çünki məhz bu problemin köməyi ilə Rusiya hər iki tərəfə təsir imkanını əlində saxlayır.
Ekspertlərin fikrincə, I.Əliyevin Ermənistanı münaqişəni hazırkı donmuş vəziyyətdə saxlamaqda ittiham etməsi müsbət hal olsa da, bu fikrin davamının gətirilməməsi təəssüf doğurur. Çünki indiyə qədər münaqişənin çözülməsi ilə bağlı aparılan danışıqların simvolik xarakterli olduğunu Azərbaycan hakimiyyəti gizlədə, I.Əliyev Ermənistanla bağlı səmimiyyətini sona qədər davam etdirə bilmir. Çünki o, Rusiya ilə bağlı heç bir ittiham irəli sürmür. Aydın məsələdir, Ermənistanın arxasında Rusiya dayanır və Kreml münaqişənin uzanmasında maraqlıdır. Çünki bu münaqişə qaldıqca Rusiya regiondakı hərbi bazaları vasitəsilə Cənubi Qafqazı nəzarətdə saxlaya bilir. Ona görə də I.Əliyev Rusiyanı da ittiham etməli idi. Ekspertlər hesab edir ki, əgər Rusiya ilə bağlı tənqidlər səslənmirsə, deməli, burada bir sıra qaranlıq mətləblər var. I.Əliyev ya Rusiyanın diqtəsi, ya da tövsiyəsi ilə Ermənistanı ona görə ittiham edir ki, Yerevanla şəxsi zəmində konflikt yaransın. Və bu qarşıdurma ona gətirib çıxarsın ki, beynəlxalq aləmin növbəti səyləri məhz prezidentləri barışdırmaq istiqamətində olsun. Yəni, yenidən onları danışıq masasına oturtmaq uğur sayılsın. Ona görə I.Əliyevin Ermənistana qarşı ittihamları spekulyasiyaya bənzəyir. O da istisna deyil ki, Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya gətirdiyi məktubda da bu məqamlar yer alıb.
Hikmət