Hörmətli oxucular, yəqin bilirsiniz, bizim möhtərəmlər gecə yatıb nə yuxu gördülərsə səhər obaşdan Bakı ətrafının minalarla dolu olduğunu bəyan etdilər. O minaların oralara necə basdırıldığına doğru-dürüst izah verə bilməmələrindən bunun yeni pulsilmə əməliyyatı olduğuna şübhə yoxdur. Zatən müstəqil hərbi ekspertlərin də bu nöqtədə fikirləri birləşir: məqsəd NATO-dan-zaddan külli miqdarda qrant qoparmaq, bəd ayaqda büdcədən ətək-ətək pul ayırmaq və qatlayıb cibişdana qoymaqdır.
Üstəlik, bunların minaların təmizlənməsi ilə məşğul olan qurumu – ANAMA-nın nəmənə şey olduğu da onun tərəfdaşlarından birinin Umud Rəhimoğlu olmasından bəllidir, başqa söz artıqdır.
***
Əslindəç mən o minaları, türkün sözü, “çok merak ediyorum”. Bir halda ki, vəziyyət bunların dediyi qədər acınacaqlıdır, niyə indiyədək bircə dəfə də Bakının yan-yörəsində kiminsə minaya düşdüyünü eşitməmişik? Illərdir Bakı ətrafında minaların yerinə adamlar partlayır, işsizlik, işıqsızlıq, qazsızlıq, susuzluq, məmur özbaşınalığı insanları boğaza yığıb. Nardaranın partlamadığı gün yoxdur, məsələn. Amma bunların haqqında danışdığı minaların bircəciyinin partladığını eşitməmişik bu günədək.
O minaları özləri basdırmasın ora?
Bu hakimiyyətdən hər şey gözləmək olar. Kim bilir, bəlkə də cəbhə bölgələrində tapıb zərərsizləşdirdiklərini elan etdikləri minaları sonra gətirib Bakının ətrafına basdırdılar? Siz baxmayın bunların demokratiya, insan haqları, modernləşmə, çağdaşlaşma kimi məsələlərdə özlərini abdal yerinə qoymalarına, bunların ağlı korrupsiya, yağmaçılıq, oğurluq işlərində saat kimi işləyir. Fantaziyaları hüdudsuzdur. Pul qırxmaq, büdcəni basıb yemək, qrantları əmmək üçün nə desən çıxar bunlardan.
Yoxsa o minalar qəfildən necə peyda oldu? Qəfildən hardan ağıllarına gəldi bu mina təmizləmək işi? Illərdir işlərini-güclərini buraxıb Azərbaycanı müxalifətçilərdən, demokratiya, özgürlük savaşı verən insanlardan təmizləməklə məşğul oldular da, minaları təmizləmək niyə ağıllarına gəlmədi? Bu ölkəni rüşvət, soyğunçuluq, sümürücülük, saxtakarlıq, yalan, hüquqsuzluq, ədalətsizliklə kirlədəcəklərinə, niyə gedib o minaları təmizləməklə məşğul olmadılar?Çünki o minalar yox idi. O minalar ya indi də yoxdur, ya da onları ora özləri basdırdılar. Ki, sonra mina təmizləmək adı ilə dövlətin cibini silib-süpürsünlər, təmizləsinlər.
Bəs üstünüzdən Elmarın qanını nə vaxt təmizləyəcəksiniz?
Bunlar Bakının böyür-başında mina ovuna çıxmağa hazırlaşarkən əcəba, heçmi fərqində deyillər, əslində ölkənin hər qarışına 18 ildir minalar basdırdıqlarından? Bəyəm bu ölkədə hər addımda qarşımıza çıxan korrupsiyadan, talançılıqdan, hüquqi nihilizmdən, qanunsuzluqdan, məmur heyvərəliyindən qorxunc mina varmı? Azərbaycanı partlayış həddinə gətirdiyinizin doğrudanmı fərqində deyilsiniz?Varlığı-yoxluğu kimsəyə məlum olmayan minaları təmizləmək üçün alışıb-yanırsınız da, bu ölkəni korrupsiyadan niyə təmizləmirsiniz? Yalandan, yaltaqlıqdan, yağmaçılıqdan niyə təmizləmirsiniz? Azərbaycan insanı bir gün bütün bunlardan cana doyub partladığında nələr olacağını, nələr ola biləcəyini düşünməyəcək qədər beyinsizsinizmi yəni?
Minaları təmizləmək üçün sinov gedirsiniz də, bəs Elmar Hüseynovun üstünüzə sıçrayan qanını nə vaxt təmizləyəcəksiniz? Illərdir üzərinizdə daşıdığınız qatil, oğru, cibgir ləkələrini nə vaxt təmizləyəcəksiniz?
Əmin olun, mina-zad boş şeydir, öncə bu gözəlim Azərbaycanın sizdən təmizlənməyə ehtiyacı var. Bu ölkədə zərərsizləşdirilməsi gərəkən bəlkə də ən son təhlükə minalardır. Əvvəlcə sizi zərərsizləşdirmək lazımdır, nə də olmasa, 18 ildir bu ölkədə sizə barmağının ucu ilə toxunanın külü havaya sovrulur, ən böyük tikəsi qulağı boyda olur.
***
Qısası, boş verin Bakının ətrafına basdırılan minaları, boş verin ANAMA-nı.Siz bizə uşaqlarınızın şirkətlərini anladın, uşaqlarınızın şirkətlərini. Məsələn, Panamanı anladın, Panamanı!