elnurastanbeyli@gmail.com
Dünənki xəbər saytlarında lətifəvari bir xəbər başlığı gördüm, xeyli güldüm. Həmin başlıq belə idi: “Azərbaycanda neqativ verilişlərin ”qara siyahısı" hazırlanır".
Bəli, gülməmək əldə deyil. Sanki bunların telekanallarında baxılmalı, zövqlü veriliş də var! Sanki bunların telekanallarında siyasi, ictimai, mənəvi baxımdan ziyanlı veriliş tapmamaq da olar.
Həmin xəbərin içinə göz atdıqda isə belə məlum olurdu ki, söhbət yalnız şou verilişlərdən gedir. Halbuki rejim telekanallarında xəbər proqramlarından tutmuş allah qoymasa, guya ciddi hesab edilən istənilən veriliş zərərlidir (hətta düşük şou verilişlərdən qat-qat zərərli, zəhərlidir!), hamısı insanların beynini “yumağa”, adamlara yalan və yaltaqlıq, qorxaqlıq, ələbaxanlıq, üzüyolalıq, mütilik aşılamağa hesablanıb.
***
Ümumiyyətlə, televiziya azarkeşi deyiləm. Pultu nadir hallarda əlimə alıram. Bəzən buna vaxt, bəzən isə həvəs, əksərən də maraq olmur. Televiziyaya xüsusi zaman ayırmağı yersiz sayıram. Özəlliklə Azərbaycan kimi anti-demokratik, despotik rejimlərin hökm sürdüyü, at oynatdığı, meydan suladığı ölkələrdə. Əgər çağdaş texnologiya bizə həmin zamanı daha effektiv, faydalı işlərlə doldurmaq imkanı verirsə, biz niyə özümüzü yapçıların “yalan maşını” funksiyası yerinə yetirən, mənəvi genosid funksiyasına üstlənmiş tele – daha doğrusu, tələkanallarına möhtac hiss etməli, şüuraltı olaraq, onun toruna düşməli, özümüzün, övladlarımızın zövqünü, ictimai əxlaqını, dünyagörüşünü korlamasına imkan yaratmalıyıq.
Düzünə qalsa, uzun illərdir, şəxsən bizim evdə istisnasız olaraq bunların telekanallarına baxmırlar. Onların adlarını televizorun proqramından silmişik. Bu bir özünəhörmət məsələsidir. Digər tərəfdən, evdə uşaqlar böyüyür. Onları, adlarını çəkəndə belə ürəkbulanma hiss etdiyim telekanalların öhdəsinə necə buraxa bilərəm?! Onsuz da addımbaşı heykəllərlə, portretlərlə bəzədilmiş küçələrdən tutmuş bilik məbədi əvəzinə, “şəxsiyyətə pərəstiş” ocağına çevrilən məktəblərəcən övladlarımızın beynini zəhərləmək, onları gələcəyin ənənəvi azərbaycanlısına döndərmək üçün kifayət qədər ünvan, imkan, vasitə var. Balalarımızı onlardan qoruya bilmirik, heç olmasa, evimizin içində qoruyaq – rejim telekanallarının öz üfunətini, çirkabını evimizə püskürməsinə imkan verməməklə! Necə deyərlər, bu da qənimətdir.
***
Indi soruşa bilərsiniz: əgər uzun illərdir rejim telekanallarına baxmağı özümə yasaqlamışamsa, onların hələ də təhlükəli zərərvericilər olduğunu hardan bilirəm?!
Ilk növbədə sosial şəbəkələrdəki paylaşımlardan. Arabir tıklayıb baxıram, həm gülməyim tutur, həm ağlamağım. Gülməyim tutur, çünki özləri özlərini məharətlə komik vəziyyətə salırlar – bunu anlamaq üçün azacıq ağıl, savad sahibi olmaq kifayətdir.
Ağlamağım tutur ki, bu telekanalların efirindən fontan vuran yalan, yaltaqlıq nə qədər insanın beynini zəhərləyir, onu qollarındakı qandalları sevməyə başlayan köləyə çevirir.
Bu günlərdə rayonda olarkən isə bir neçə dəfə rejim telekanallarına baxmaq məcburiyyətində qaldım. Özümü tam havasızlıqda hiss etdim. Boğulmamaq mümkün deyildi. Bayağılıqdan tutmuş yalançılığa, yaltaqlığa qədər bir-birinin xurcuntayı, təkrarı olan bu telekanalları bir neçə dəqiqə izləmək kifayət etdi ki, Azərbaycanın 21-ci əsrdə nə qədər çağdışı, nə qədər arxaik, nə qədər gerilikçi düşüncə sahiblərinin əlində əsir-yesir qaldığını görəsən, anlayasan. Hər evə soxulmaq imkanı olan bu düşüncəyə qarşı bir neçə minlik tirajı olan qəzet, yaxud bundan bir qədər artıq izləyicisi olan bloq yazısı ilə nə qədər dirəşmək, müqavimət göstərmək olar axı? Yox, bunu əsla ümidsizlik üçün yazmıram.
Yazmaq istədiyim başqadır: bir ölkənin ki, ekran üzü Mirşahin olsun, Ibrahim Məmmədli, yaxud buna bənzər digər tiplər olsun, o ölkədə heç nə təəccüblü deyil, hətta məntiqəuyğunluqdur – kiminsə tumanının altından işarələnmiş bülleten topası çıxarıb seçki qutusuna doldurması da, bir başqasının marşrut avtobusunda ağzını düz sizin üzünüzə yapışdırıb gəyirməsi də…