Ölkə vətəndaşı çıxış yolu kimi cinayətkar olmağı seçir
Doğrudan da vəziyyət getdikcə qəlizləşir. Hər gün bu ölkədə “ilk”lərin şahidi oluruq. Insanlar problemlərdən çıxış yolu kimi təsəvvür edilməsi çətin olan addımlar atırlar. Ötən gün yayılan bir xəbər də bu qəbildəndir. Belə ki, Daxili Işlər Nazirliyinin “102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən ”Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib.
Araşdırmalar nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev Ismayıl Həbib oğlu olması bəlli olub. Polis onu saxlayıb. Ilkin dindirmə zamanı 45 yaşlı I.Allahverdiyevin bir neçə nəfərə xeyli miqdarda pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.
Bu da Azərbaycanın daha bir reallığı. Artıq insanlar həbs olunmağı, cinayətkar adı almağı, xuliqan kimi təqdim edilməyi gözə ala bilirlər. Artıq həbsxana azad həyatdan daha cəlbedici görünür. Intihara əl atan, oğurluq edən, özünü yandıran adamlar əsasən borca görə bu işi görürlər. Ölkədə kütləvi borclanma prosesi gedir. Təkcə 2.5 milyon insanın kredit borcu var. 1 milyarddan artıq problemli kreditlər var. Insanlar ağır faizləri ödəyə bilmədikləri üçün məhkəmə qarşısına çıxmalı olurlar. Bəzi adamlar borclardan yaxa qurtarmaq üçün ölməyi, bəziləri isə həbsdə yaşamağı üstün tutur. Bugünlərdə azadlığa çıxan ilahiyyatçı alim Tale Bağırzadə də bildirmişdi ki, kiçik həbsxanadan böyük həbsxanaya qədəm qoyub. Mövcud hakimiyyətin qurduğu sistem Azərbaycanı böyük həbsxanaya çevirib. Vətəndaş bu ölkədə məhbus qədər hüquqludur. Vəziyyət o həddə çatıb ki, insanlar məqsədli şəkildə cinayət törədib həbs olunmaq istəyir. Rahatlıq, sakitlik, əsəbsiz yaşamaq üçün həbsxanalara üz tuturlar. Bu hakimiyyətin “uğurlu” siyasətinin nəticəsi budur. Cəmiyyət uçuruma yuvarlanır, insanlarda psixoloji gərginlik hökm sürür, sabaha ümid qalmayıb. Ən dəhşətlisi isə budur ki, vətəndaş uçurumun dibinə yuvarlandıqca, hökumət kəndiri kəsməyə davam edir.
Artıq sadə vətəndaşın üz tutacağı qapı yoxdur. Xəstə sağlamlığını, pulu olan istirahətini, istedadı olan karyerasını xaricdə axtarır. Hamı bir vasitə ilə ölkədən qaçmaq istəyir. Demək olar, Avropanın bütün ölkələrində azərbaycanlı mühacirələr var. Ölkə vətəndaşı çətin seçim qarşısında qalıb.
Borclulardan canını qurtarmaq üçün həbsxanaya pənah aparmaq təcrübəsi isə yeni ənənədi. Bir sözlə, varlı, potensiallı bir ölkə cəhənnəmə çevrilib. Insanlar həbs olunmağı azadlıqdan üstün tuturlar. Çünki, bu ölkədə vətəndaşa verilən azadlıq həbsxana azadlığıdı.
Akif