“Hakimiyyət bu iyrənc hərəkətilə ölkənin sabahını da ləkələdi”

«Emin Millinin qohumlarının imtina bəyanatı Əliyevin repressiya rejiminə qarşı əsrin ittihamnaməsidir»

Cəmil Həsənli: «Ölkə tamamilə xəfiyyə şəbəkəsinə döndərilib…»

Azərbaycan hakimiyyətinin uzun illərdir müxalifəti, vətəndaş cəmiyyətini, müstəqil medianı sıradan çıxarmaq üçün narkotik, silah və s. vasitələrlə şərləyib həbs etməkdən tutmuş, adamların evinə gizli kamera yerləşdirib şantaj eləməsinə qədər müxtəlif repressiv addımlarının şahidi olmuşuq. Bu mənada, artıq saxta ittihamlarla həbslər, qurama məhkəmələr, gizli izləmələr, dinləmələr və s. barədə xəbərləri heç kim yenilik kimi qarşılamır.
Amma Azərbaycan hakimiyyəti son addımları ilə hətta onun repressiv mahiyyətinə bələd olan adamları da təəccübləndirə bildi. Söhbət “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahid və “Meydan TV”nin direktoru Emin Millinin qohumlarına qarşı baş verənlərdən gedir. Qənimət Zahidin 80 yaşlı anasına hücum, üçn günün içində iki qardaşı oğlu və bir əmisi oğlunun şərlənərək həbs olunması, Emin Millinin qaynının narkotiklə şərlənməsi, digər qohumlarına “Meydan TV” rəhbərindən imtina barədə ərizə yazdırılması artıq hakimiyyətin repressiv davranışda da yeni bir mərhələyə qədəm qoymasının göstəricidir.
Milli Şuranın sədri, professor Cəmil Həsənli ilə söhbətimizə də elə bu məsələdən başladıq:

– Son günlər Azərbaycan cəmiyyəti repressiya dalğasının təlatümlərini yaşayır. Jurnalist fəaliyyətinə görə Qənimət Zahidin yaxın qohumlarının və Emin Millinin qaynının həbsi şok effekti yaradıb. Ona görə yox ki, bu adamlar nahaq tutulublar və ya narkotik ittihamı ilə həbs ediliblər. Artıq belə şeylər cəmiyyəti heyrətləndirmir. Ilham Əliyevin şəxsi hakimiyyət rejiminin qurulmasında narkotik ittihamı əsas istinad nöqtəsinə çevrilib. Bütün tənqidçi səslərin heroin dumanında boğulması Azərbaycan hüquq sisteminin, polis, prokurorluq və təhlükəsizlik orqanlarının narkotik ittihamlara aludə olması ölkədə adi xarakter alıb.

– Amma bu yeni həbslər dalğası da narkotik “əməliyyatları” zəminində baş verdi…
– Hüquq-mühafizə orqanları o qədər arxayındılar ki, ayrı bir şey uydurmağa ehtiyac duymurlar. Çünki hakimiyyətin göstərişlərini yerinə yetirirlər. Bu yaxınlarda Bakı kəndlərinin birində mömin bir Islam təəssübkeşini həbs etmək lazım idi. Polis ona seçim imkanı vermişdi. Işi ya silahla, ya da narkotiklə sənədləşdirmək qərara alınmışdı. Bu seçim arasında “şübhəli” şəxs qismində saxlanılan mömin narkotik ittihamına üstünlük vermişdi. Çünki narkotikin maddəsi silahdan bir az yüngüldür. Narkotiklə dövlət çevrilişi etmək mümkün deyil, amma silahla mümkündür. Polisin bu “nəzakətli” davranışı ölkəmizin hüquq sistemində necə faciəli bir vəziyyətin yarandığının aydın göstəricisidir. Ona görə Qənimət və Emin bəylərin yaxın qohumlarının narkotiklə həbs edilməsinə bir az “humanist” nəzərdən yanaşmaq lazımdır. Əks təqdirdə, Meysəri və Qurdtəpə kəndləri arasındakı dərədə təpədən-dırnağa qədər silahlanmış üsyançı dəstələr tapa, Nazim Ağabəyovu da bu dəstlərin innovativ əlaqələndiricisi kimi sənədləşdirə bilərdilər. Bunlar hamısı bizim hüquq və təhlükəsizlik orqanları üçün bir içim su kimi bir şeydir.

– Lakin bu işlərdə yeni çalarlar hiss edilməkdədir – adamların öz qohumlarından imtinaya məcbur edilməsi…
– Bəli bu dəfə müvafiq orqanlarımız daha dərinə getdilər. Onlar Qənimət Zahidin qohumlarının ondan imtina etməsinə cəhd göstərdilər, Emin Millinin 23 qohumunun ondan imtinasına nail oldular. Bu iyrənc hərəkətlərilə onlar Azərbaycanın nəinki bu gününü, eyni zamanda, sabahını da ləkələdilər. Tarix üçün özünüifşa sənədi qoydular. Zaman keçəcək, nəsillər dəyişəcək, amma 23 nəfər əminin, dayının, bibinin, xalanın, əmidostu, dayıdostu, bibidostu, xaladostunun, bibisi gəlininin, nə bilim daha hansı tellərlə bağlı olan qohumlar ansamblının xüsusi bəyanatla Emin Millidən imtina etməsi XXI əsrin qorxulu bir yuxusu kimi həmişə qarabaqara bizi izləyəcək.
Imtina bəyanatında yazılanlara diqqət yetirin, sanki itthamnamədir. Amma Emin Milliyə qarşı yox, Ilham Əliyevə, onun qurduğu repressiya rejiminə qarşı əsrin ittihamnaməsidir. Təkcə bu sənəd indi və gələcəkdə Ilham Əliyev hakimiyyətinin mahiyyətini açmaq, onu qiymətləndirmək üçün bəs edir və edəcək.
1937-ci ildə respublikanın rayonlarından birində açıq “mühakimə” olunmuş bir “xalq düşməninə” verilmiş güllələnmə qərarını ümumxalq dəstəyilə icra etməli idilər. 37-ci il şərtləri daxilində belə, qohumları ondan imtina etmədilər. Lakin güllələnmə “mərasimi” zamanı çox maraqlı çıxışlar oldu. Çıxışçıların biri təklif etdi ki, bu “xalq düşmənini” elə güllələmək lazımdır ki, onun qanı torpağın məhsul verən layına tökülməsin. Əks təqdirdə, onun qanı tökülən torpaqda bitən öt-ələfi hansı heyvan yesə, o da Sovet hökumətinə düşmən kəsiləcək, o heyvanın südündən hansı uşaq içsə, o da şanlı Kommunist partiyasına düşmən gözü ilə baxacaq.
Bir neçə gün əvvəl yayılmış, Emin Millidən imtina bəyanatının bu çıxışlardan çox az fərqi var. Düşüncə, mentalitet eyniliyi fonunda fərq yalnız zaman fərqidir. Biri 1937-ci ilin Sovet Azərbaycanında baş vermişdi, digəri isə XXI əsrin 15-ci ilini yaşayan müstəqil Azərbaycanda baş verir.
37-ci il işgəncələri ilə bağlı bir məsələni dəqiqləşdirmək lazımdır. Həmin dövrdə NKVD işçilərinə işgəncə yolu ilə ifadə almağa qanunla icazə verilmişdi. Bu gün demokratik konstitusiya və qanunlar qəbul edib, insan haqları ilə bağlı Paris xartiyasına qoşulub, ölkədə repressiya mühiti yaratmaq, işgəncə yolu ilə insanları susdurmaq bilavasitə cinayət xarakteri daşıyır.

– Bu mühiti yaradan, onu yaşadan nədir? Necə oldu ki, bizim müstəqilliklə yanaşı, azadlığa da iddialı olan ölkəmiz belə faciəvi duruma düşdü?
– Belə vəziyyətin yaranması birinci növbədə bilavasitə Ilham Əliyevin yeritdiyi siyasətin, hakimiyyətin xalqın rəyilə formalaşmamasının, ölkədə seçki sisteminin işlək mexanizmə çevrilməməsinin və avtoritar idarəçiliyə hədsiz marağın nəticəsidir. Ölkədə polis, prokurorluq, məhkəmə və təhlükəsizlik orqanları qanunun aliliyi prinsipilə deyil, “hakimin” tapşırıqları əsasında işləyir. “Hakimi” qorumaq, ona xidmət etmək dövləti qorumaq anlamına gəlir və bu ad altında hüquq-mühafizə orqanları istənilən qanunsuzluqlara böyük həvəs və əzmkarlıqla gedirlər. Sözün tam mənasında, rejim polis dəyənəyi, prokuror ədası, hakim lakeyliyi və xəfiyyə orqanlarının şəbəkəsi üzərində dayanıb. Ilham Əliyevin xalqdan dəstəyi Emin Millinin qohumlarının ondan imtina bəyanatı yayması və bu bəyanatda onun uğurlu daxili və xarici siyasətini dəstəkləməsi qədərdir. Azərbaycanda demokratiyanın hüdudları elə bu bəyanatın hüdudları qədər genişdir. Belə ağır mənəvi-siyasi iqlimin yaranması hüquq-mühafizə və təhlükəsizlik orqanlarına qeyri-məhdud səlahiyyətlər verilməsilə bağlıdır.

– Sizcə vəziyyətin belə təhlükəli həddə gəlib çıxmasının səbəbi nədir?
– Vaxtilə Nikita Xruşşovun islahatları Sovet cəmiyyətində “KQB”nin belini qırmışdı, onu gözükölgəli bir quruma çevirmişdi. O vaxtdan bəri həmin qurumun varisi olan Milli Təhlükəsizlik Nazirliyinə hələ heç vaxt belə geniş səlahiyyət və cəmiyyətin idarə olunmasına hüdudsuz müdaxilə imkanı verilməmişdi. Nikita Sergeyeviçdən başlayaraq, hələ heç vaxt “KQB” və MTN idarə olunan cəmiyyət yaratmaq iddiasına düşməmişdi. Bir vaxtlar “KQB”nin sədri respublika partiya təşkilatı bürosunun üzvü olsa da, onun maşını heç vaxt büro üzvü olmayan Mərkəzi Komitə şöbə müdirinin xidməti maşınını ötüb keçmirdi. Çünki bu orqanın üzərində partiya nəzarəti var idi və bu nəzarət ona daim yerini göstərirdi.

– Amma indi biz ayrı mənzərənin şahidi oluruq…
– Bəli indi MTN-nin qarsımadığı bir iş yoxdur, ölkə başdan-başa xəfiyyə şəbəkəsinə döndərilib. Heç bir qanuna məhəl qoymadan, adamların izlənməsi, müxalifət təşkilatlarının təqib edilməsi, onların içərisinə pozucu ünsürlərin yerləşdirilməsi, telefon danışıqlarına, evlərinə, toplantı yerlərinə qulaq asılması, vətəndaşlara qarşı müxtəlif təxribatların törədilməsi, profillərin dağıdılması və sair pozucu əməllər MTN-də Eldar Mahmudov və Hilal Əsədov idarəçiliyinin başlıca metodlarına çevrilib. Təəssüf ki, təhlükəsizlik orqanlarında belə ab-havanı yaratmış vəzifəli şəxslər qanunun aliliyini deyil, şəxsi sədaqət meyarlarını əsas tuturlar. MTN-nin qanunlara məhəl qoymaması, ölkəni xəfiyyə şəbəkəsinə çevirməsi, qanunsuzluq girdabına yuvarlandırması bilavasitə birinci şəxsə dayanan bu şəxsi sədaqət meyarları ilə bağlıdır. Fərqi yoxdur Emin Millidən imtina bəyanatında MTN-nin əli var, ya yox – bütövlükdə bu bəyanat onların “qələbəsidir”.

– İndi şərtlər dəyişib, qapalı mühit yaratmaq mümkünsüzdür. Dediyiniz “qələbə” də “pirr qələbəsi” deyilmi? Bununla nəyəsə nail olmaq mümkündürmü?
– Bəli, bu doğrudan da “pirr qələbəsidir” və bununla yalnız müvəqqəti sabitlik görüntüsü yaratmaq olar. Qorxu içərisində yaşayan cəmiyyət, məzlumlaşdırılmış millət, diz çökdürülmüş xalq ilk baxışda hakimiyyət üçün təhlükə törədə bilməz. Bizim təhlükəsizlik orqanları da bu illüziyaya qapılaraq belə qorxu mühiti yaratmağa həvəslidir. Qəribə də olsa, cənab Mahmudovun rəhbərlik etdiyi keçmiş polis komandası XXI əsrin 15-ci ilində bu qorxunc mühiti təmin edə bilib. Ancaq ona görə ki, bütün qanunsuz əməllərin xeyir-duası ona məhz rəhbərlik tərəfindən verilib. Məsələ burasındadır ki, indiki rəhbərliyə qədər bu nazirlikdə həmişə peşəkarlar işləyib. Müxtəlif yayınmalara baxmayaraq, qanunun hərfinə və ruhuna riayət etmək onlar üçün bir peşə ənənəsi idi. Lakin Eldar Mahmudovun MTN-ə gəlişi əslində, bu nazirliyi ənənəvi relsindən çıxarıb müxalifətə qarşı mübarizə idarəsinə çevirdi. MTN-lə müxalifət arasında mübarizənin açıq müstəviyə keçməsi də məhz bununla bağlıdır. Məhz, keçmiş polis işçisi, nazir müavini Hilal Əsədovun “bacarığı” sayəsində MTN öz ənənəvi funksiyalarını unudaraq, müxalifətə qarşı səfərbər olub. Mətbuat və informasiya agentliklərinin böyük bir hissəsi onlar tərəfindən idarə olunur, kiçik istisnalarla ölkənin informasiya məkanına bu qurum nəzarət edir. Hətta profilləri dağıtmq və “zərərsizləşdirmək”, ayrı-ayrı şəxslərin “facebook” hesablarına müdaxilə, internet yazışmalarına nəzrət kimi funksiyaları da təhlükəsizlik orqanları son illərdə mənimsəyiblər. Bunlar da qanuna zidd əməllərdir. Ölkənin başlıca təhlükəsizlik orqanları son illərdə ərazilərimizi işğal edən düşmənlə mübarizəni arxa plana keçirib, bütün gücü ilə ölkə daxilində, müxalifətin simasında düşmən axtarışına cəlb edilib. Bu şəraitdə Azərbaycan ərazilərinin 22 ildən çox düşmən tapdağında qalmasına təəccüblənmək lazım deyil. MTN-nin hazırkı rəhbərliyi üçün strateji xətt, təhlükəsizlik anlayışları bilavasitə ölkənin içindən keçir və bu da perspektivsiz bir tendensiyadır. Biz indi yalnız siyasi xarakterli görüşlərdə deyil, hər yerdə, o cümlədən gəzintiyə çıxanda da onların “himayəsini” hiss edirik və şadıq ki, bizim hesabımıza onlar da bir az hava alırlar.

– Sizcə, MTN-də belə vəziyyətin yaranması rəhbər kadrların polisdən gəlməsilə bağlıdır?
– Yalnız onunla bağlı deyil. Amma o da mühüm rol oynayır. Təsəvvür edin, nazir polisdən gəlib, müavini Hilal Əsədov polisdən gəlib, idarə rəhbərlərinin çoxu keçmiş polis işçiləridir. Onlar da öz polis düşüncələrinə uyğun şəkildə qorxu mühiti yaradırlar və bu mühitdə qohumlarının Emin Millidən imtina bəyanatı yaymaları təəccüblü görünməməlidir. Biz həmişə görmüşdük ki, təhlükəsizlik orqanlarında pis işləyən zəif kadrları polis və digər hüquq-mühafizə orqanlarına göndərirlər. Bu dəfə əksinə oldu və cənab Mahmudov 10 illik fəaliyyəti dövründə təhlükəsizlik orqanlarını azadfikirliliyə qarşı mübarizə idarəsinə çevirə bildi. Amma hər necə olsa da, bu monstr güclə, bu qədər qanunsuzluqlarla azadfikirliliyin kökünü qaza bilmədi. Təsəvvür edin ki, Bakı Ağır Cinayət Məhkəməsində bütün siyasi işlərə MTN-in nəzarəti altında olan bir şəraitdə baxılır. Vaxtilə dekabristlərin istintaq işilə imperatorun şəxsi sədaqətini, yalnız şəxsi sədaqətini deyil, bu sədaqətlə yanaşı, azadfikirliliyə nəzarət edən Imperator dəftərxanasının III şöbəsinin rəisi vəzifəsini də qazanmış general Aleksandr Benkendorf XIX əsr Rusiyasında belə qara və sıxıcı mühit yarada bilməmişdi. Hər halda, Benkendorfun bütün cəhdlərinə baxmayaraq, dekabristlərin qohum-əqrəbaları onlardan imtina ərizəsi yazmamışdılar.

Xəyal