Vergi yığımında yaranmış çətinlik vətəndaşla mafioz kimi davranmağın nəticəsidir
Hansı sahəyə əl atsan “çürümüş hissələr”in töküldüyünü müşahidə edirsən. Təhsil, səhiyyə, hüquq sistemi, kənd təsərrüfatı, mədəniyyət, yol sektoru və digər sahələr kosmetikalanmış vəziyyətdədir. Balaca gəzim edən kimi ciddi problemlərin olduğu aydın görünür. Bütün problemlərin əsas səbəbi isə korupsiya, qeyri-şəffaflıq, yarıtmaz idaəretmədir.
Bugünlərdə məlum oldu ki, vergilər sahəsində də vəziyyət bərbaddır. Əslində Azərbaycan hakimiyyətinin vergi siyasəti, vergilərin necə toplanması, kimlərin vergidən yayındığı aydın məsələdi. Sadəcə olaraq bu neqativlərin hökumətin öz dilindən səslənməsi daha aydın mənzərə yaradır. Deməli, Nazirlər Kabinetinin sonuncu iclasında ölkə başçısı vergilər məsələsinə toxundu və bu sahədəki neqativ hallardan danışdı. Hətta sahibkarlara çağırış etdi ki, sizdən əlavə ödənişlər tələb edəndə mənə yazın, siqnal verin, məktub göndərin və s. Yəni ölkə başçısı da etiraf etdi ki, dövlətin əsas nəfəsliklərindən biri sayılan vergi sahəsində də problem yetərincədir.
Bugünlərdə isə Vergilər Nazirinin müşaviri Ələkbər Məmmədov bildirdi ki, vergilərin yalnız 68.5 faizi könüllü toplanır. “Əsas məqsədimiz o deyil ki, vergidən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. Əsas odur ki, yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə ödətdirilsin. 2015-ci ilin 1-ci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib”- deyə Ələkbər Məmmədov bildirib.
Göründüyü kimi, Azərbaycanda vergi yığımının 30 faizi məcburi şəkildə həyata keçirilir və ötən müddət ərzində yalnız 29 milyon vəsait büdcəyə daxil edilib. Bəli, analoqsuz siyasətin nəticəsi budur ki, ölkədə vergi siyasəti iflasa uğramaqdadı. Bəs, vergilər niyə çətinliklə yığılır? Bu sualın ən dəqiq cavabını iş adamları, iri və xırda sahibkarlar verə bilərlər. Çünki, vergiödəyiciləri uzun illərdi məcburi ödənişlərə cəlb olunub. Adamlardan o qədər qeyri-rəsmi ödənişlər tələb olunur ki, qanuni vergini ödəməkdə çətinlik yaranır. Yəni vergi sistemini iflic vəziyyətə salan rüşvətdi. Iri marketlərin sahiblərindən, fermerlərdən ağır “haqq” tələb olunur. Bugünlərdə redaksiyamıza gələn bir şəxs bildirdi ki, 10000 manat “haqq” tələb edildiyi üçün dükanını bağlayıb. Ondan “haqq” istəyənlər bunun Heydər Əliyev fonduna ödəniləcəyini deyiblər. Belə faktlar 1000-lərlədi. Hökumət özünü rekert kimi apardığına görə, ölkədə kriminal bir vəziyyət yaranıb. Bütün bunlardan sonra ölkə başçısı, Vergilər Naziri sahibkarları neqativ hallarla bağlı müraciət etməyə səsləyir. Sahibkar bunu necə etsin? Şikayət edənin, reallıqla barışmayanların taleyi göz qabağındadır. Zülfüqarlı qardaşları prezidentə 10-larla müraciət ünvanlayıblar, günahkarların kimliyini ortaya qoyublar. Amma nəticə budur ki, ölkədən sürgün olunublar, biznesləri ələ keçirilib və s. Bu gün hansısa sahibkar 50-100 min “şapka” verdiyini açıqlasa, ya cibinə narkotika atılacaq, ya da “Bandaotdel”in qonağı olacaq.
Demək istəyirik ki, hökumət mafiya kimi iş adamlarını o qədər ağır ödənişlərlə yükləyib ki, nəticədə bu adamlar vergiləri ödəyə bilmək iqtidarında olmurlar. Digər tərəfdən, vergidən ən çox yayınmalar iri məmurların nəzarətində olan obyektlərin fəaliyyətində müşahidə olunur.
Deməli, kimlərinsə vergidən yayınmasını sığortalamaq üçün, xırda sahibkarları daha çox ödəməyə vadar edirlər. Üstəlik, bu ödənişlərin çox az hissəsi büdcəyə gedir.
Bir sözlə, ölkə başçısının barmaq silkələmisinə baxmayaraq, qeyri-rəsmi ödənişlər yenə də qüvvədədir. Çünki, sistem özü korrupsiyanın üzərində dayanıb və bu “ənənə” ilə şəffaf vergi sistemi qurmaq mümkün deyil.
Samir