Sahib Nəsibov qurumdan ev istəyib, amma «yox» cavabı alıb
Ağdam rayonundan məcburi köçkün olan 1961-ci il təvəllüdlü Sahib Ismayıl oğlu Nəsibov üzərinə yanacaq tökərək özünü yandırıb. Hadisə Bakıxanov qəsəbəsi Sülh küçəsi 1 A ünvanında qeydə alınıb. Həmin ünvanda isə “Qaçqınkom”un Sabunçu rayon şöbəsi yerləşir.
Moderator.az-ın xəbərinə görə, Sahib Nəsibov 3-cü dərəcəli yanıq xəsarəti ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov isə virtualaz.org-a açıqlamasında Sahib Nəsibovun sol tərəfi yanıb. Şöhrət Məmmədovun sözlərinə görə, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb: “Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hələlik heç kimlə danışmaq istəmir. Lakin həyat yoldaşı hadisə ilə bağlı məlumat verib. Qadının sözlərinə görə, onlar kirayədə yaşayıblar. Imkansızlıqdan ”Qaçqınkom"a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək yandırıb. Biz hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik".
“Qaçqınkom”un Sabunçu rayon şöbəsindən isə virtualaz.org saytına deyiblər ki, qurumun nümayəndəsi Akif Rufullayev Sabunçu Rayon Icra Hakimiyyətinə dəvət edilib: “Akif Rufullayev icra hakimiyyətində iclasdadır. Gələndən sonra özü məlumat verə bilər. Amma saytlar yalan yazıb, heç kim özünü yandırmayıb. Jurnalistlərdir də…”
Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə məxsus telefonlara cavab verən şəxs də hadisə haqqında məlumatsız olduğunu deyib: “Mətbuat xidmətinin əməkdaşları işdə yoxdur. Mən də başqa şöbədə çalışıram. Sizin suallarınızı cavablandıra bilmərik”.
Komitəyə məxsus digər telefonları cavablandıran şəxs isə “Gündə bir qaçqın özünü yandıracağı ilə hədələyir. Nə bilim nə baş verib”,- deyə bildirib.